OMON-çuların işi Ali Məhkəmədə

Şikayət ömürlük həbs cəzasının 20 illə əvəzlənməsi ilə bağlıdır

Source:
foto sosial şəbəkə


Şikayət ömürlük həbs cəzasının 20 illə əvəzlənməsi ilə bağlıdır

Ali Məhkəmə Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) üzvlərinin şikayətinə baxacaq. Şikayət aldıqları ömürlük həbs cəzasının 20 illə əvəzlənməsi ilə bağlıdır.

Məlumatı vəkil Elçin Sadıqov “Facebook”-da yayıb.

Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilən Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov bu cəzanın dəyişdirilməsini istəyir.

Vəkilin bildirdiyinə görə, aşağı məhkəmələrin qərarlarından verdikləri kassasiya şikayətinə martın 14-də baxılacaq.

Xüsusi Təyinatlı Polis Dəstəsi – (OMON) 1990-cı illərin əvvəlində Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı yaradılmışdı. Ancaq 1994-cü ildən Azərbaycan hökuməti ilə OMON arasında münasibətlər kəskinləşib. 1995-ci il martın 17-də hökumət OMON-un Bakının 8-ci kilometr qəsəbəsindəki qərargahını ələ keçirib. Rəsmilər dəstənin qiyam qaldırdığını bildirirlər. Atışmada, rəsmi bilgilərə görə, 22 hərbçi, 7 mülki şəxs, 1 polis əməkdaşı həlak olub. 8 OMON əməkdaşı öldürülüb.

Hadisə nəticəsində 105 nəfərin yaralandığı bildirilir. OMON-un rəhbəri Rövşən Cavadov aldığı güllə yarasından Daxili İşlər Nazirliyinin (DİN) hospitalında vəfat edib. Dəstənin qalan üzvləri isə həbs ediliblər.

OMON-un Qazax bölməsinin keçmiş komandiri Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımova ömürlük cəza verilib. Onlar cəzalarının 20 il həbslə əvəzlənməsi ilə bağlı məhkəməyə də şikayət ediblər. Aşağı məhkəmələr onların şikayətini mümkün saymamışdılar. Bu şikayət təmin olunsa, onlar azadlığa çıxacaqlar.

Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsindən bu 3 nəfərdən başqa həmin hadisələrlə bağlı həbsdə qalan yoxdur.

Ana səhifəXəbərlərOMON-çuların işi Ali Məhkəmədə