“Omikron” sürətlə yayılır, dünya isə karantin rejimindən imtina edir

Omikron, Zhuravlev Andrey/shutterstock

Natiq Cəfərli: “Azərbaycanda onsuz azadlıqlar qorunmurdu, indi də hökumətin əlinə fürsət düşüb”

Fevralın 1-dən Gürcüstan hökuməti restoranlara, barlara və digər əyləncə məkanlarına daxil olmaq üçün COVID pasport tələbini ləğv edib.

Gürcüstan Qurumlararası Koordinasiya Şurasının əməkdaşı Giorgi Gibradze bildirib ki, “Omikron” variantının sürətlə yayılması və onun nisbi yumşaqlığını nəzərə alaraq bu addımı atıblar:

“Bütün bunların fonunda yaşıl keçid sisteminin “effektivliyi yoxdur””, – deyə o bildirib.

Gürcüstanda restoran və barlarda COVID pasport tələbi dekabrın 1-də qoyulub.

18 yaşdan yuxarı böyüklər açıq və qapalı restoranlara, kafelərə, barlara, həmçinin kinoteatrla, operaya, muzeyə, konsertə, qumar salonlarına, spa mərkəzlərinə, idman zallarına, otellər və xizək liftlərinə getmək üçün təqdim etməliydi. Bu qayda cəmi 2 ay sürdü.

Gibradze əlavə edib ki, hakimiyyət bu addımı atarkən “beynəlxalq təcrübə”ni də nəzərə alıb. Ancaq bundan sonra da insanlar səyahət üçün COVID pasportu almağa davam edəcəklər.

Səhiyyə Nazirinin müavini Tamar Qabunia isə deyib ki,  yaşıl keçid sistemi “Omikron” dalğası qarşısında köhnəlib.

İnfeksiyaya çox sayda təkrar yoluxma var: “Vaksinlər virusa yoluxmadan tam qoruya bilmir. “Omikron” ştammı vəziyyətində bir insanın risksiz olub-olmadığını dəqiq bilməyin yeganə yolu hər gün bir PCR testi keçməsidir. Bu, praktiki olaraq mümkün deyil. Deməli, qalan bütün qaydaların da əhəmiyyəti qalmır”.

Gürcüstan, Foto: mr.jhonson/shutterstock

Ötən həftə ərzində Gürcüstanda gündə orta hesabla 16,640-dan çox yeni COVID hadisəsi qeydə alınıb.

“NCDC Georgia”nın məlumatına görə, ölkədə yetkin əhalinin yalnız 46,5 faizi – 1 335 856 nəfər ən azı bir doza COVID-19 peyvəndi alıb. Bununla yanaşı, tam peyvənd olunmuş şəxslərin sayı 1 221 340 nəfər olmaqla, yetkin əhalinin 42,5 faizini təşkil edir.

Çexiya da fevralın 9-dan restoranlara, qapalı məkanlara COVID pasportu ilə girmək qaydasını ləğv edir.

Baş nazir Petr Fiala jurnalistlərə açıqlamasında belə deyib.

Çexiya Ali İnzibati Məhkəməsi də bu həftə restoranlara, klublara, kazinolara və ya otellərə girərkən peyvənd və ya sağalmanı sübut etmək vəzifəsini ləğv edib.

Fiala bildirib ki, hökumət bu qərarı məhkəmə hökmünün təzyiqi ilə deyil, ekspertlərin tövsiyələri əsasında qəbul edib:

“Ancaq insanlar qapalı ictimai yerlərdə hələ də respirator maskalardan istifadə etməlidir. Kütləvi tədbirlərdə iştirakçıların say məhdudiyyəti ilə bağlı qərar qüvvədə qalacaq”.

Səhiyyə naziri Vlastimil Valek isə bildirib ki, o, ən gec martın əvvəlində tədbirlərin yumşaldılmasını elan edəcəkmiş: “Nəhayət, mütəxəssislərlə birlikdə bunu mərhələli şəkildə daha tez etmək qərarına gəldik. İlk addım da sertfikatların ləğvidir”.

Çexiya, Foto:Ioannis7/shutterstock

Çexiyada COVID-lə xəstəxanaya yerləşdirilənlərin sayı ötən həftə 1,958-dən 2,653-ə yüksəlib.

Ağır vəziyyətdə olanların sayı isə azalıb – 211-ə enib.

Avropanın bəzi ölkələri isə koronavirusu ciddi olan xəstəliklər sırasından çıxarıb və ya çıxarmağa hazırlaşır.

“Omikron”a yoluxma sayı çox olsa da Danimarka normal həyata qayıtmaqla bağlı addım atıb.

Hökumət COVID-19-u sosial cəhətdən kritik xəstəlik kateqoriyasından çıxarıb, məhdudiyyətləri aradan qaldırmaq qərarına gəlib.

Danimarkanın Milli Səhiyyə Agentliyi COVID 19 səbəbiylə reanimasiyaya yerləşdirilən xəstələrin sayında azalma olduğunu bildirib.

Ən son açıqlanan rəqəmlərə görə, yoluxma sayı 1 milyon 713 min 485-ə yüksəlib.

Yanvarın 27-dən Böyük Britaniyada infeksiyaya yoluxanların təcridi istisna olmaqla bütün COVID-19 tədbirləri ləğv edilib.

Səhiyyə Nazirliyi qərara səbəb kimi “peyvənd proqramının böyük uğurunu” göstərib.

“Peyvənd pasportları” kimi tanınan COVID-19 statusunu göstərən sənədlərin məcburi istifadəsi də başa çatıb.

Bununla belə, gecə klubları və teatrlar kimi məkanlar könüllü olaraq təcrübəni davam etdirə biləcəklər.

Maska taxmaq öhdəliyi də aradan qaldırılıb, lakin insanların sıx toplaşdığı və qapalı yerlərdə davam etdirilməsi tövsiyə edilib.

Böyük Britaniya, Foto: Ivan Marc/shutterstock

Ölkədə evdən işləmək praktikası da ləğv edilib.

İngiltərədəki hadisələrin sayı yanvarın 4-də 218,000-i keçdikdən sonra azalmağa başladı. Hazırda gündəlik hallar 100 minin altında seyr etməyə davam edir.

İqtisadçı Natiq Cəfərli deyir ki, dünya ölkələri yavaş-yavaş “QR-kod” adlı yeni, müasir “konslaqer” yanaşmasından imtina etməyə başlayır.

Konslagerlərdə insanların üzərinə yazılan rəqəmlərlə “QR-kod”ların elə bir fəlsəfi fərqi yoxdur:

“Vətəndaşların haqq və hüquqlarının kobudcasına pozan “QR-kod” tədbiqi Britaniya, Danimarka kimi ölkələrdə ləğv edilib. Qonşu Gürcüstanda da “QR-kod”lar, “yaşıl pasportlar” ləğv edilir – artıq ictimai məkanlara daxil olmaq üçün “covid-pasport” tələb olunmur”.

İqtisadçı əlavə edir ki, bunun izahı da çox sadədir: “Təbiətin özü təbii vaksin olan “omikronu” yaratdı, virusu adi qrip səviyyəsinə saldı, təsirlərini azaltdı, indi dünya bu məsələyə münasibətini dəyişib normal həyata geri dönməyə başlayır. Dünyanın azadlıqsevər xalqlarının həftələrdir yüzminlərlə insanların iştirakı ilə aksiyalar keçirməsi də hökumətlərin tutumunun dəyişməsində mühim rol oynayıb”.

Natiq Cəfərli deyir ki, Azərbaycanda onsuz da haqq və azadlıqlar qorunmurdu, indi isə hökumətin əlinə fürsət düşüb ki, virusu bəhanə edib total nəzarət mexanizmləri yaratsınlar: “Bu qərarların məntiqini anlamaq da mümkün deyil. 15 fevraldan “buster” doza qəbul etməyənlərin “QR-pasportu” ləğv edilir – çox mənasız qərardır. Yüzminlərlə vətəndaşımız hər iki doz vaksin aldıqdan sonra yoluxub-sağalıb, onların yoluxub sağalması artıq “buster” sayılır, həmin şəxslər nədən əlavə doza vaksin almalıdırlar ki?! “Buster” dozanı yaşlı insanlara, xroniki xəstəliyi olanlara tədbiq etmək daha doğrudur, ucdantutma hamını mənasız qadağalara görə “buster” vurdurmağa məcbur etmək yanlışdır! Yoluxub-sağalma ən gözəl “vaksindir”, ən dayanıqlı immunitet məhz belə yaranır”.   

Natiq Cəfərli
Natiq Cəfərli, Foto: Meydan TV

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda isə indiyə kimi 670 min 313 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8 min 779 şəxsin vəfat etdiyi bildirilib.

Ana səhifəSağlıq“Omikron” sürətlə yayılır, dünya isə karantin rejimindən imtina edir