Ombudsmanla görüşə gələnlər yağış altında qalıb

İyunun 9-da ombudsman Elmira Süleymanova Daşkəsən rayon İcra Hakimiyyətində olub. Onunla görüşmək istəyən vətəndaşlar icra hakimiyyətinə gəliblər. Rayon sakini Elşad Qafarov Meydan TV-yə bildirir ki, rayonda qarşılaşdıqları hüquqi pozuntularla bağlı ombudsmana müraciət etmək istəyiblər. Amma onları qapıdan qaytarıblar. “Səhər 9-dan səs yayılmağa başladı, polislər yolu bağladılar ki, ombudsman rayona gəlir. Yağışlı hava idi, tez bir zamanda əhali yığışmağa başladı.

Ombudsman icra başçısı ilə gəldi Heydər Əliyevin heykəlinin önünə gül qoydu, icra hakimiyyətinin binasına getdi. İnsanlar da pozulmuş hüquqlarını deməyə gedəndə camaatı içəri buraxmadılar. Ombudsman icra hakimiyyətinə girdi. Biz də gördük ki, xəstəxana işçilərin, müəllimləri, öyrədilmiş adamları polis içəri buraxır. Onlar içəri keçdi, amma kim şikayətçi idi, onları küçədə, yağışın altında saxladılar”.

E.Qafarov deyir ki, 30-40 nəfər şikayətə gəlib. Onların heç biri icra hakimiyyətinə buraxılmayıblar.

Lətifə Qafarova da ombudsmanla görüşə gələnlərin içərisində olub. O, anasının avtomobil qəzasından sonra yataq xəstəsi olduğunu, amma hadisəni törədənlərin hələ də cəzalandırılmadığını bildirir. L.Qafarova həmçinin özəl şirkətin onun torpaq ərazisinə qeyri-qanuni daxil olub, orada iş görməsini də dilə gətirir. Qadın bütün bunlarla bağlı Elmira Süleymanova ilə görüşmək istəsə də, qapı arxasında qalıb. Onlar ümid ediblər ki, qapıdan çıxanda ombudsmanı ayaqüstü saxlayıb, şikayətlərini deyəcəklər. Amma şikayətçilər deyir ki, E. Süleymanova arxa qapıdan çıxıb gedib.

Daşkəsən rayon İcra Hakimiyyətinin ictimai-siyasi, humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev deyir ki, akt zalında 200-dən çox vətəndaşın iştirakı ilə görüş keçirilib. Görüşdə idarə, müəssisə, təşkilat rəhbərləri iştirak edib.

Vətəndaşların da qatıldığı tədbirdə ombudsmana heç bir şikayət səslənməyib. O, şikayətçilərin tədbirə buraxılmamağını yalan adlandırır: “Elşad Qafarov yalan deyir. Elşad Qafarov Ədalət Partiyasının üzvüdür. Həmişə müxalifdir, o, istəyir ki, rayonda belə qarmaqarışıqlıq, qarşıdurma yaratsın. Ombudsman icra hakimiyyətindən içəri keçib, oradan da çıxıb. Arxa qapıdan getməyib. Allaha and olsun, yalan deyir”.

Ombudsman Aparatından məsələyə münasibət bildirilməyib. Meydan TV aparat nümayəndələrinin mobil və şəhər telefonlarına zəng etsə də, cavab ala bilməyib.

Kanalımıza abunə ol –

https://goo.gl/TcM9Fm

Ana səhifəVideoOmbudsmanla görüşə gələnlər yağış altında qalıb