Ölülər danışmaz

Mənim uşaqlığım şəhərin yeni məhəlləsində keçib

Source:

Zaur Qurbanlı –
Zaur Qurbanlı –
Zaur Qurbanlı – Banner
Zaur Qurbanlı – Banner

Mənim uşaqlığım şəhərin yeni məhəlləsində keçib. Evlər təzə tikilirdi. Çoxlu yarımtikili vardı. Girib oralarda oynayırdıq. Bu yarımçıq tikililərin sahibləri nadir hallarda gələrdi. Gələndə gedib başqasında oynayardıq. İndi də Hələb adlı yarımçıq tikililər yığnağına oxşayan xarabanın “yiyəsi” gəlib. Uşaqları çıxardırlar ki, gedib başqa yerdə oynasınlar. Həmin uşaqlar keçirlər üsyançıların nəzarətində olan hissəyə. İndi onları orda bombalayacaqlar.

… Suriyada dəhşətli dram yaşanır. Hələb uğrunda 4 illik mübarizə sona yaxınlaşır, deyəsən. Şərqi Hələbdə 2 ildən çoxdur, mühasirədə qalan üsyançılar üzərinə Əsəd-Rusiya-İran-Hizbullah qoşunları həlledici hücuma keçəndən sonra dəhşətli qırğınlar yaşandı. Üsyançılar da təslim olmurdular. Hazırda cənub-şərqi Hələbdə kiçik bir ərazidə sıxılmış üsyançılarla Türkiyə vasitəçiliyi ilə razılaşma əldə edilib. Mülki əhali və yüngül silahlı döyüşçülər buranı tərk edib, Əsədin nəzarətində olan ərazidən keçib üsyançıların nəzarətində olan əraziyə gedəcəklər.

Eyni zamanda bu razılaşmaya əsasən üsyançıların nəzarətində olan ərazidə şiə anklavı olan, yəni Əsədin nəzarətində qalmış Fua və Kafarya şəhərlərinin şiə əhalisi, döyüşçüləri buranı tərk edəcəklər və ərazi üsyançılara təhvil veriləcək.

… Sonra isə yenə döyüşməyə davam edəcəklər. Biz uşaqlıqda belə edərdik. “Atışma-atışma” oynayırdıq. Bir az “güllə” atırdıq bir-birimizə, kimlərsə “ölürdü”, sonra bu “ölü” kiminsə gizləndiyi yeri deyəndə etiraz bəyanatları gələrdi ki, “ölü danışmaz”. Eyni şey əvvəldən oyuna girməyən uşaqlara da aid idi. “Əvvəldən girmirsənsə, sonradan da müdaxilə etməyəcəksən” – sadə məntiqin tələb etdiyi ədalət bundan ibarət idi. Lap İraq hökumətinin Türkiyədən tələb etdiyi kimi – “Qarışmayın Mosul söhbətinə, siz əvvəldən işin içində olmamısınız”.

Amma Amerikaya, İrana belə deyə bilməzlər, çünki onlar əvvəldən oynayırlar.

Şərqi Hələb barədə çoxlu informasiya yayılır – bir çoxunda uşaqlar, qadınlar daxil olmaqla mülki əhalinin qırıldığı deyilir. Bəzən isə bu iddiaların əksinə iddialar meydana çıxır, deyirlər, sizi Rusiya, Əsəd əleyhinə kökləmək üçün belə edirlər. İnformasiyasına adətən etibar olunan QHT-lərin məlumatlarına əsasən, Şərqi Hələbdə həqiqətən dramatik qətliam yaşanır, amma bəziləri buna diqqət verməyin qurulmuş plan olduğunu deyirlər. Onlara görə, bu qətliamdakılar ölüblər. Elə özləri də yaydıqları videoda bunun onların son videosu olduqlarını deyirlər, yəni öldüklərini inkar etmirlər. Ona görə də bu iddianı irəli sürənlər yenə uşaq oyunundakı məntiqə əsaslanırlar – “ölülər danışmaz”. Qardaş, video çəkib öldüyünü deyirsən, sonra, doğrudan da, ölürsən. Bəs bu nədir? Sən öləndən sonra videon yayılır, Əsəd döyüşçülərinin yerini deyirsən. Belə olmaz. Ölülər danışmaz.

Həm də, bu, nə ayrıseçkilikdir? “Uşaqlar və qadınlar da ölür”. Kişilər adam deyilmi? Döyüşçülər robotlardırmı?

Heç birinin beyni yoxdurmu? Uşaqlıqda belə ayrıseçkilik qoyulmur. “Atışma-atışma” oynayanda yaşından, fiziki göstəricilərindən asılı olmayaraq, hamı döyüşçü idi. Ölənlə ölü kimi, diri ilə diri kimi davranılırdı. Biz o vaxtdan bilirdik, necə olur bu işlər. Yaşı çox olan, fiziki cəhətdən güclü uşaqlar qəşəng oyuncaq tapançaları, avtomatları qapazlayıb alırdılar, balacalar, sısqalar “silahsız” qalırdılar. Amma oyunun gedişində ayrıseçkilik yox idi. Balacalar da döyüşməli idilər, taxta-tuxta tapırdılar onlar da. Lap çeçenlər çarpayı dəmirindən silah hazırlayan kimi. Axı əlində silah olan adama necə başa salmaq olar ki, bu, uşaqdır, bunu öldürmə? Lap o adama başa saldın, gülləyə, bombaya necə başa salacaqsan bunu?!

Hələbdə uşaqlar qırılır və bu, camaatı yandırır. Sən o ölkədə 1963-dən 2011-ə qədər 48 il fasiləsiz davam edən fövqəladə vəziyyətə görə yanmalı idin ki, sonra uşaq ölümlərinə baxıb pis olmayasan. İndi müharibədir. Güllələr, bombalar, elə onları atan adamlar da uşaq-böyük fərq qoymurlar. Sadə, düz məntiqlə öz “ədalətləri”ni tətbiq edirlər. Qaydalar “atışma-atışma” oyunundakı kimi sadədir:

“Əlinə bir taxta-tuxta al, döyüş”

“Ölmüsənsə, sus”

“Oyunda deyilsənsə, girə bilməzsən”

“Cığallıq eləmə. Güllə dəyəndə öl”

“Balacasan, oynama. Oynayırsansa, hamı kimi”

… Bir video çıxdı bayaq qabağıma. Narkoz olmadığından Hələbdə uşağı narkozsuz əməliyyat edirlər. Uşaq da qorxusundan tez-tez “Quran”dan ayələr deyir əzbərdən. Baxammadım. Qulaq da asammadım. Bəs nə?! Mən kövrəyəm ee, dözmərəm belə şeyə. Qayda var, qanun var. Ölülər danışmaz.

Ana səhifəMənim FikrimcəÖlülər danışmaz