”Ölü sahibləri bilsin, gördülər ki, kimsəsizəm, boynuma qoydular”

Narkoloji Mərkəzi yandırmaqda ittiham olunan şəxs ifadə verdi

Source:
Narkoloji mərkəz (illüstrasiya)
Narkoloji mərkəz (illüstrasiya)


Narkoloji Mərkəzi yandırmaqda ittiham olunan şəxs ifadə verdi

Martın 2-də səhər tezdən Respublika Narkoloji Mərkəzində 25 nəfərin ölümü, daha 29 nəfərin yaralanmasına səbəb olan yanğını törətməkdə təqsirləndirilən 1954-cü il təvəllüdlü Məhəmməd Məmmədov məhkəmədə ifadə verib. O bildirib ki, bu hadisənin məsuliyyətini kiminsə üzərinə yıxmalıydılar, onun kimsəsiz olduğunu görüb boynuna qoydular. M.Məmmədovun sözlərinə görə, hadisəni üzərinə götürməsi üçün “Bandotdel”də (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) ona elə dəhşətli işgəncələr verilib, onları məhkəmə zalında açıb danışmağa da utanır.

Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğına görə həbs edilənlər – Mərkəzin direktoru Telman Məmmədhəsənov, mühəndis Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məlumatmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın (o, həbsdə deyil) məhkəməsi davam etdirilib.

Hakim Azər Paşayevin sədrliyilə keçirilən məhkəmədə M.Abdullayevin vəkili Ceyhun Yusifov bildirib ki, Fövqəladə Hallar Nazirliyi 2011-ci ildə Narkoloji Mərkəzin binasının istismara yararsız olması barədə akt tərtib edib. Lakin göründüyü kimi, 2018-ci ilə qədər həmin binada dispanser fəaliyyət göstərib. Vəkil vəsatət qaldıraraq xahiş edib ki, həmin aktla bağlı Səhiyyə Nazirliyinə sorğu göndərilsin. Vəkil hadisə günü küləyin sürətinin öyrənilməsi üçün də sorğu göndərilməsi haqda vəsatət qaldırıb.

Vəsatətlər təmin olunmayıb.

Daha sonra məhkəmə istintaqı başlayıb və prokuror Nəsib Bayramov ittihamı aktını elan edib. İttihama görə, M.Məmmədov Narkoloji Mərkəzdə saxlanma müddətinin uzadılmasından əsəbiləşərək, özünü öldürmək üçün əvvəlcə yorğanı yandırıb, sonra qorxub və yorğanı kənara atıb, beləliklə, mərkəz yanıb.

Həkim A.Məmmədova Məhəmmədi uzun müddət dispanserdə saxlamaq üçün onun oğlundan rüşvət almaqda, direktor və mühəndis isə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və yanğın təhlükəsizliyi qaydalarını pozmaqda ittiham olunur.

Hakim dörd nəfərin hamısından elan olunmuş ittiham üzrə özlərini təqsirli bilib-bilmədiklərini soruşub. Onlar “xeyr” cavabını veriblər.

Daha sonra təqsirləndirilən şəxslərin ifadələri başlayıb.

M.Məmmədov ifadəsində əvvəlcə yaxınlarını itirmiş zərərçəkmişlərə müraciət edərək bildirib ki, onların əzizlərinin ölümündə onun heç bir günahı yoxdur. Çünki Narkoloji Mərkəzi o yandırmayıb:

“Ölü sahibləri məni eşitsin, göydəki Allaha, adım Məhəmməd Peyğəmbərə and olsun, mənim o hadisədən xəbərim yoxdur. Mən özüm də səs-küyə oyanmışam. Əgər mən yandırsaydım, yanğın mənim qaldığım 14-cü palatadan başlasaydı, mənə niyə heç nə olmurdu? Səsə oyandım, gördüm otaqda bir az tüstü var. Dəhlizə çıxan qapını açanda tüstü doldu otağa. Yanımdakı Nurlanı oyatdım. Başqaları kimi mən də qaçıb canımı qurtardım”.

Narkoloji mərkəz (illüstrasiya)

M.Məmmədov bildirib ki, 1998-ci ildən xroniki alkoqolizmdən əziyyət çəkən xəstə kimi, mütəmadi orada müalicə olunub. Dediyinə görə, axır illərdə evlərində söz-söhbət olub, pensiya kartını oğlu əlindən alıb, özünü də gətirib Narkoloji Mərkəzə atıblar. Təqsirləndirilən şəxs bildirib ki, mərkəzdə oğlunun tanışları vardı, evdə söz-söhbət olan kimi zəng eləyir, gəlib onun əl-qolunu bağlayır, yaxud da iynə vurub aparırdılar. Dəfələrlə uzun müddət Narkoloji Mərkəzdə saxlandığını deyən M.Məmmədovun sözlərinə görə, martın 1-də tibb bacısı Şəlalə Ələkbərova ondan analiz verməyini istəyib. Bildirib ki, saxlanma müddəti yenə uzadılıb:

“Şəlalə xanımın ifadəsində yazılıb ki, guya mən etiraz eləmişəm, demişəm ki, buranı yandıracam, özümü öldürəcəm, çıxıb gedib oğlumun evini yandıracam. Yalandır bunların hamısı. Şahidlərdən təzyiqlə belə ifadə alıblar. Onları hədələyiblər ki, sizin də günahınız var, belə ifadə verməsəniz, həbs olunacaqsız. Mən Şəlalə xanıma elə demişdimsə, niyə bunu gedib lazımı adamlara xəbər vermədi? Mənə deyəndə ki, analiz verim, vaxtımı uzadıblar, ona bildirdim ki, Afət həkim mənə ayyarımdan sonra çıxıb gedəcəyimi deyib. Bundan başqa söhbət olmayıb. Sağ qalmış xəstələrin ifadələrində var ki, guya mən aqressiv olmuşam. Onda məni niyə onlarla birlikdə saxlayırdılar, heç bir tədbir görmürdülər?”

M.Məmmədov qeyd edib ki, avtomobil təmiri ilə məşğul olub, bu bacarıqlarına görə mərkəzdə saxlandığı müddətdə də təmir işlərini görürdü:

“Mən həmişə həyətdə olurdum. Özümü öldürmək istəsəydim, həyətdə öldürərdim də. Başqalarına niyə ziyan verirdim? Oradakıların mənə nə pisliyi keçib ki, onlara qarşı belə eləyim? Mənə su veriblər, çörək veriblər. Mən orada həyətdə bütün günü “svarka” işləri görürdüm. Çarpayıları mən “svarkalamışam”. Orada iynə-dərman yox idi, ancaq pul tələsi. Xəstəxana yox, zülmxana…”

M.Məmmədov deyir ki, yanğın zamanı qaçıb bacısıgilə gedib. Ayağında ayaqqabısı olmadığına görə bacısıgil pul verib, ayaqqabı alıb. Həyəcandan spirtli içki alıb, gəlib parkda içib: “Birdən polislər hücum elədilər. Həmin gün mənim başıma elə işlər gətirdilər. Gördülər kimsəsiz adamam, döyə-döyə boynuma qoydular. “Bandotdel”də elə şeylər eləyirdilər, adam deməyə də utanır”.



Həbs olunan gün alınan ifadə

M.Məmmədovun həbs olunduğu gün verdiyi ifadə ilə məhkəmədəki ifadəsi arasında ciddi fərqlər olduğuna görə onun ilkin ifadəsi elan edilib.

O ifadədə yazılıb ki, M.Məmmədov 1976-cı ildə Hicran Ağayeva ilə ailə həyatı qurub. Xəzər rayonu Buzaovna qəsəbəsində “BAPO” hərbi təyinatlı zavodda işləyib. 1982-ci ildə zavodun işçisi kimi ona 5 otaqlı mənzil verilib:

“1993-cü ildə işdən çıxdım və avtomobil təmiri sexlərində işləməyə başladım. Az pul qazandığım üçün arvadımla münasibətim korlandı, buna görə də xoşbəxtliyi spirtli içkidə tapdım. 1998-ci ildə arvadım və oğlum Vahid məni alkoqolizm xəstəsi kimi Narkoloji Mərkəzə yerləşdirdilər. 2015-ci ildə mənə baxması şərti ilə evi oğlum Vahidə bağışladım. Bir həftə sonra mənə yenə sərxoş damğası vuraraq xəstəxanaya yerləşdirdilər. Mənim son 20 ilim həmin mərkəzdə keçib. Müalicə həkimin Afət Məmmədova oğlumla arvadımın sözü ilə hərəkət edərək məni uzun müddət orada saxladı. 2017-ci ilin oktyabrında oradan çıxdım, noyabrın 11-də yenidən ora qaytardılar. Vahidin məni nahaqdan Mərkəzdə saxlamasına görə çox küskün və qəzəbli idim. Eldar həkimin telefonundan Vahidə zəng edib məni oradan çıxartmasını istədim, o isə “hələ orada çox qalacaqsan”,- dedi. 2018-ci il martın 1-i gecə saat 20-21 radələrində tibb bacısı Şəlalə Ələkbərovaya yaxınlaşıb evə buraxılma vaxtımı soruşdum. Şəlalə kitaba baxıb mənim qalma müddətimin martın 1-dən yenidən uzadıldığını dedi. Mən də qəzəblənərək məni saxta sənədlərlə burada saxladıqlarına görə oranı yandırıb, dağıdıb çıxacağımı və gedib Vahidin evini də yandıracağımı dedim. Bu xəbər məni özümü öldürmək həddinə çatdırdı, həmin gecəni yata bilmədim, özümü öldürməyin yollarını fikirləşdim. O gecə bir paçka “Astra” siqareti çəkib qurtardım. Səhər 05-06 radələrində qərarə gəldim ki, həyatımı bu mərkəzdə başa vurmaqdansa, özümü yandırıb öldürüm. Buna görə də istifadə etdiyim qara rəngli alışqanla uzandığım çarpayıda üstümə örtdüyüm yorğanı ayaq tərəfindən yandırdım. Yorğanın alovu artıqda ölməkdən qorxub özümü öldürmək fikrindən daşındım. Alovlanmış yorğanı divara tərəf atıb palatada mənimlə birgə yatan Nurlanı oyatmağa çalışdım. Yorğanın alovu qısa müddətdə divarı və çapayını bürüdü, dəhlizə çıxıb “ay camaat buralar yanır, çıxın qaçın”,- deyib hay saldım. Qonşu palatadan xəstələr ,növbətçi sanitar Amid Quliyev və tibb bacısı Şəlalə Ələkbərova dəhlizə çıxdı. Yanğın 15-ci palataya keçdiyi üçün hamı ora girdi. Tez bir zamanda kəskin iyli tünd rəngli tüstü nəfəs almağı və görməyi çətinləşdirdi, Amid əsas qapını açdı, mən çıxıb həyətdə dayandım. Siqaret çəkib yanğının bütün şöbəni bürüdüyünü görüb oradan çıxdım, hasarı aşıb “Naxçıvanski” dairəsinə, oradan da 51 nömrəli avtobusla bacımgilə getdim. Bacım Əslinin əri Səlimə mərkəzdə yanğın olduğunu, canımı qurtarıb qaçdığımı dedim. Oğlum Vahid də ora gəldi, onunla görüşmədim, danışmadım da. Səlimlə gedib özümə ayaqqabı aldım, sonra marketdən 1 manata 200 qramlıq araq alıb parkda bacımgildən götürdüyüm alma ilə içdim. Orada oturub oğlumun mənə qarşı hərəkətlərini, bunun nəticəsində özümü öldürmək istəməyimi və istəmədən mərkəzdə yanğına səbəb olduğumu fikirləşdim. Səlim məni parkda qoyub evə getdi, bir qədər sonra polislər yaxınlaşıb özümü təqdim etməyimi istədilər. Şəxsiyyət vəsiqəmin üstümdə olmadığını dedim, məni Xətai Rayon Polis İdarəsinə gətirdilər. Törətdiyim əməldən peşmanam, istəməzdim ki, xəstələrdən kimsə ölsün”.

İfadə elan olunandan sonra M.Məmmədov bildirib ki, orada yazılanlar yalandır. Ona təzyiq altında həmin ifadəyə imza atdırıblar.

M.Məmmədov istintaqda sonrakı ifadəsində isə yanğına aidiyyəti olmadığını bildirib.

Məhkəmə sentyabrın 4-də davam edəcək.

Təqsirləndirilən şəxslərdən M.Məmmədov Cinayət Məcəlləsinin 120.2.4 (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2 (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə ittiham olunur.

T.Məmmədhəsənov və M.Abdullayevə qarşı Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

A.Məmmədovaya isə külli miqdarda rüşvət almaya görə məsuliyyət nəzərdə tutulan Cinayət Məcəlləsinin 311.3.3 maddəsi ilə ittiham verilib.

Ana səhifəReportaj”Ölü sahibləri bilsin, gördülər ki, kimsəsizəm, boynuma qoydular”