Ölkənin dələduzluq mənzərəsi

Yazar: Rövşən Hacıbəyli

Mənbə: Meydan TV

Dələduzlar arasında hakim, prokuror, deputat, MTN əməkdaşı var

 

Azərbaycanın Cinayət Məcəlləsində dələduzluqla bağlı ayrıca maddə var. Maddə 178. Onun açması belədir: Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə. Dələduzluğun cəzası həm yüngüldür, həm də ağır. 100 manatdan başlayıb 12 ildə bitir. Qanunun yüksək səviyyəli dələduzlara tətbiqi isə fərqli olur…

Dələduz hakimlər üçün maddə geniş imkanlar açır. “Dələduz hakimlər” sözünü elə-belə işlətmədim. Azərbaycanda dələduzluğu ya dövlət qurumlarında çalışanlar edir, ya da onların adından sıravi vətəndaşlar. Sıravi vətəndaşın vəzifəli adamın adından dələduzluq etməsi Azərbaycanda geniş yayılıb. Bu da səbəbsiz deyil, çünki dövlət qurumlarında, hakimiyyətin müxtəlif qollarında (əslində, bu da mübahisəli məsələdir, bizdə hakimiyyətin 3 qolu olduğu konstitusiyamızda yazılsa da, gerçəkdə bütün məsələləri 1 qol həll edir) yetərincə dələduzlar var. Onlar işlədikləri yerdə daha çox vasitəçi-makler qismində çalışırlar. Kimisə rüşvətlə işə düzəltmək, kiminsə rüşvətlə işini düzəltmək, kimisə rüşvət qarşılığında vəzifəyə qoymaq, deputat “seçdirmək” və s. kimi hallarla çox qarşılaşırıq. Yuxarıdan aşağıya qədər hamı bunu bilir. İş düzəlməyəndə, rüşvət verib işini aşırmayanda, vəzifəli şəxs, ya da özünü vəzifəli şəxs kimi təqdim edən adam hər hansı səbəbdən sözünə əməl etməyəndə, aldığı pulu qaytarmayanda qurban şikayətçi olur və dələduzluq faktı ortaya çıxır. Dövlət qurumunda çalışanların bəzilərinin dələduz olduğunu, rüşvətsiz hər hansı iş tapmağın mümkünsüzlüyünü hamı qəbul edir. O üzdən vətəndaşlar dələduz deputatın, hakimin, vəkilin, prokurorun, müstəntiqin, MTN-çinin, polisin… və onların adından danışan istənilən şəxsin toruna asanlıqla düşür. Məsələn, polisi götürək. Müxtəlif illərdə yayılan informasiyalara, statistikaya baxsaq, görərik ki, polis adından dələduzluq halları daha çoxdur. MTN də vaxtilə ondan geri qalmayıb. Ümumiyyətlə, müxtəlif illərdə dələduzluq əməlləri ilə bağlı yayılmış informasiyalarda, demək olar, bütün dövlət qurumlarının adı çəkilir. Onlardan bir neçəsinə baxaq:

– Azərbaycanda keçmiş hökümətyönlü deputat Gülər Əhmədova dələduzluqda ittiham edilərək iki aylıq həbs olunub.

Baş Prokurorluğun məlumatına görə, istintaqla müəyyən edilib ki, o, keçmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevi deputat seçilməsinə köməklik etmək barəsində “yalan” vədlərlə aldadaraq 1.000.000 (bir milyon) ABŞ dollarını ələ keçirməklə “dələduzluq” edib”.13.02.2013

Ölkədə ən yüksək səviyyədə mandat alveri olmasa (rüşvət PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevə çatıb), kim inanıb kiməsə pul verər…

– Əvvəllər törətdiyi dələduzluq cinayətlərinə görə məhkum olunmuş Bəxtiyar Bağırov Bakı şəhər sakini İsmayılov Namiq Rəhim oğlunu guya Milli Təhlükəsizlik Nazirliyinin nəzdində yaranacaq “Asan Xidmət” Mərkəzinə işə düzəltmək barədə yalan vəd verərək ondan əvvəlcə 2.500 manat, sonra isə mərkəzin tikintisində qalmış bəzi təmir işlərinin yekunlaşdırılması məqsədilə daha 3.800 manat pulunu aldatma yolu ilə ələ keçirib dələduzluq edib.

B.Bağırov Bakı şəhər sakini Vəliyev Niyazi Şaiq oğlunun da etibarından sui-istifadə edərək, sonuncuya bacısı Əhmədova Aygün Şaiq qızının Ali Məhkəməyə hakim köməkçisi vəzifəsinə işə təyin etdirəcəyi barədə yalan vəd verərək, 65.000 manat pulunu almaqla özgənin külli miqdarda əmlakını ələ keçirərək təkrar dələduzluq edib.18.02.2013

– Bakı şəhər sakini olan vətəndaş Daxili İşlər Nazirliyinə müraciət edərək özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edən bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib. 14.07.2015

– İmişli polisi özünü Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı kimi təqdim edən şəxsi həbs edib. Qaradonlu kənd sakini, 1982-ci il təvəllüdlü Ramin Eldar oğlu Mehbalıyev 2015-ci ilin yanvar ayında şəhər sakini, 1998-ci il təvəllüdlü Qismət Dağıstan oğlu Yunuslunun ailəsinə məxsus kirayə evdə qalmağa başlayıb. Onların münasibətləri yaxşılaşdıqdan sonra Ramin Mehbalıyev 18 yaşlı gəncə MTN-də işlədiyini, onu da idarəyə məxsus akademiyaya düzəldəcəyini deyərək ondan may-iyun aylarında 10500 ABŞ dolları və 6800 manat pul alıb.17.10.2015

Məşhur “MTN işi” hələ də davam edir. Baxmayaraq ki, əvvəl tutulanların, mütəşəkkil cinayətkar dəstə kimi dələduzluq edənlərin bir çoxu artıq azadlıqdadır… Məhkəmə proseslərindən göründüyü kimi, ölkənin təhlükəsizliyinə sorumlu olan qurumda dələduzluq ən yüksək səviyyədə olub; həm də mütəşəkkil, yəni qrup halında. Bu da başqa dələduzlara onların adından yararlanmağa çox geniş imkanlar açıb.

– Oktyabrın 4-də Şəki rayonunun Aşağı Göynük kəndində rayon sakini Sərvan Rəsulova məxsus mağazaya gələrək özlərini polis əməkdaşı kimi təqdim edən 3 nəfər ona məxsus “VAZ-21099” markalı avtomobili aparıb.06.10.2016

– Dələduzluq edən sabiq prokurorluq əməkdaşı məhkəmə qarşısında. Bakı Şəhər Prokurorluğunun sabiq əməkdaşı Samir Nəsirov zərərçəkmiş şəxslərə qarşı ümumilikdə 150 min manatdan çox ziyan vurmaqla dələduzluqda təqsirləndirilir.26.12.2016

– İlham Abasovun təmsil etdiyi “Rüşvətxorluğa və başqa neqativ hallara qarşı vətəndaş nəzarət şurası” adlı qurum Ədliyyə Nazirliyində müvafiq qaydada hüquqi şəxs kimi qeydiyyata alınmadığı halda, özünü vəzifəli şəxs kimi, yəni həmin şuranın Nərimanov rayon nümayəndəliyinin rəhbəri kimi təqdim edib, heç bir hüquq və səlahiyyəti olmadan Cuma Ömərova qarşı dələduzluq edən Cavid Kərimbəyli, Gülazə Nuriyeva, Sahil Quliyev və başqalarını şuranın inzibati binasına dəvət edərək orada həmin şəxslərdən izahat alıb. Bundan başqa, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə İntiqam Sərdarlıya atası Bəxtiyar Hüseynova ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində ibtidai istintaq aparılan cinayət işi üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda qanunsuz narkotik) maddəsi ilə daha yüngül cəza verəcəyi adı ilə aldadıb.21.09.2017

– Aygün Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti, vəzifəli şəxs kimi təqdim edərək, onların 1 milyon manatını dələduzluq yolu ilə ələ keçirib. 23.11.2017

– Sabiq hərbi qulluqçu, ehtiyatda olan polkovnik Sahib Şükürov, ümumilikdə, 1 milyon manata yaxın dələduzluq etməkdə təqsirli bilinir. İttiham aktına əsasən, o, İlqar Əliyevi işə düzəltmək adı ilə, Xanımbacı İsmayılovanı isə qızının cinayət işinə xitam verdirəcəyi vədi ilə aldadaraq onların pulunu dələduzluq yolu ilə ələ keçirib.06.08.2018

– Özlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxsləri kimi təqdim edən bir qrup şəxsin pensiya və ünvanlı sosial yardımların təyin edilməsi ilə bağlı İsmayıllı rayon sakinlərindən qanunsuz olaraq pul almaları barədə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.05.09.2018

– Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Vüqar Allahverdiyev Ədliyyə Nazirliyinin Penitensiar xidmətin 7 və 13 saylı cəzaçəkmə müəssisələrində saxlanıldığı müddətdə bir neçə dələduzluq əməli törədib. Həbsxanada olan zaman məhkum edilmiş şəxslərin və onların yaxın qohumlarının etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə onlara məxsus müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirib.15.01.2019

Yüzlərlə belə faktlar var. Yazıda verdiyimiz sonuncu fakt isə “şedevr”dir.

Bunlar topladığım faktların bir hissəsidir. Maraqlıdır ki, dələduzluğun yüzlərlə variantına şahid oluruq, istər dövlət qurumlarında çalışanların, istərsə də sıravi vətəndaşların bu baxımdan fantaziyası çox zəngindir. Çalışın onların toruna düşməyin. Onlar tezliklə canlarını qurtaracaq, sizinsə düşdüyünüz tordan çıxmağınız çətin olacaq…

Ana səhifəMənim FikrimcəÖlkənin dələduzluq mənzərəsi