Ölkəni məhv etmək istəyirsənsə…

Əlilsənsə, bu ölkədə təhsil almağa haqqın yoxdur…

Source:


Universitetin ikinci kursunu yenicə bitirmişdim ki, yıxıldım. Hər dəfə qəzanı xatırlatdığım üçün üzr istəyirəm. Bununla yazıq görüntü yaratmaq fikrim yoxdur. Onurğamdan ağır travma aldım. Dərsə gedə bilmədiyim üçün, bir illik xəstəlik kağızı aldım universitetdən. Ikinci ilə keçəndə mənə zəng edib, universitetə gəlməyimi tələb etdilər. Bəli, məhz tələb! Mən isə həmin ərəfədə yataq şəraitindən ayrılıb yenicə əlil arabasına oturmağa başlamışdım. Çox otura bilmirdim. Təzyiqim aşağı düşdüyündən yenidən yatağa uzanmalı olurdum.

Dekan müavini mənə zəng elədi. Vəziyyətimlə maraqlanmadan, universitetə gəlməyimi deyib, əks halda universitetdən xaric olunacağımla hədələdi. Onun danışıq tonunda bu mesajı vardı: “Gələ bilmirsən, gəlmə. Valideynlərin gəlib rüşvət versin, universitetdə adın getsin”.

Çox məyus olmuşdum. Dekan müavini ilə telefonda mübahisə etdim. Necə pis vəziyyətdə olduğumu söylədim. O isə yalandan şəfa dilədi. Qeyri səmimiliyi dəstəkdəki nəfəsindən hiss olunurdu. Atamın bir tanışı vardı. Onun köməyi ilə hüquqi yolla məni universitetin qiyabi şöbəsinə, bir kurs aşağı, başqa fakultəyə keçirtdilər. Amma Bakıda yaşamağım, Gəncə ilə 370 km. məsafə, müalicələrim, ən əsası isə, universitetdə əlillər üçün heç bir şəraitin olmaması, bir sözlə, Azərbaycanda ev şəraitində, distant təhsilin qeyri- mövcudluğu universiteti yarımçıq qoymağıma səbəb oldu.

Əlilsənsə, bu ölkədə təhsil almağa haqqın yoxdur. Universitetlərdə və məktəblərdə əlillər üçün heç bir şərait yoxdur. Distant təhsil də yoxdur ki, evdə oturub, oxuyasan. Avropada təhsil ocaqlarında əlillər üçün bütün şəraitlər var. Bizdə hökümət təhsil ocaqlarına böyük hərflərlə Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” ifadəsini yapışdırıb. Amma bu millətin əlil vətəndaşlarının gələcəyini düşünmürlər. Onlar unudurlar ki, əlil arabasında olan adam elmi və ağlı sayəsində böyük nailiyyətlər əldə edə, öz ölkəsinə böyük uğurlar qazandıra bilər.

Ölkədə təhsilin səviyyəsinin hansı vəziyyətdə olmağı hamıya məlumdur. Bunun bir çox səbəbləri var. Zatən əyani olaraq cəmiyyətin nə qədər geri olmağı, ölkənin dünya çapında heç cür tanınmaması və “analoqsuz” inkişaflarla yerimizdə addımlamağımız buna sübutdur. Bir ölkəni məhv etmək istəyirsənsə, onun təhsilini məhv et. Bu yaxında respublikada fəaliyyət göstərən Araz kursları və ölkənin müxtəlif bölgələrindəki 11 lisey bağlandı. Azərbaycan Dövlət Neft Şirkətinin həmtəsisçisi olduğu “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin iyunun 18-dəki toplantısında qərar qəbul olunub. Guya ABTM-də yaranmış əlavə xərclərin qarşısının alınması və bu layihənin maliyyə və idarəetmə baxımından mürəkkəbliyini nəzərə alıb, qurumların ləğv edilməsi məqsədə uyğun hesab edilib.

Xalq uşaq-zad deyil. Hər kəs çox yaxşı anlayır ki, bu Türkiyənin baş naziri R.T.Ərdoğanın arzusu və tələbilə baş verib. R.T.Ərdoğanın şəxsi intriqası əsasında yaranmış problem Azərbaycan gənclərinin və gələcəyinin başında çatlayır.

Bağlanan türk məktəblərinin “Hizmət” hərəkatının lideri Fəthullah Gülənə bağlı olduğu məlum idi. Fəthullah Gülənə öz ölkəsində tutmuş bir çox ölkələrdə, İsrail-Amerika agenti, Türkiyədəki paralel hökumətin başçısı, irticaçı deyə şərləyirlər.

Onların məktəbində, təhsil ocaqlarında dəfələrlə olmuşam. O məktəblərdə təhsil alan çoxlu dostlarım var. Və onların heç birindən dini təbliğ, radikal təxribatçı bir şeylər görməmişəm. Orda gənclərimiz çox yaxşı təhsil alırdı. Hazırda ölkədə bu liseyləri əvəz edəcək məktəblərimiz yoxdur. Atılmış bu addım təhsilin məhvinə təkan verəcək. TQDK-nın son statistikalarına görə, abituriyentlər arasında universitetə qəbul vaxtı ən yüksək balları həmin liseylərin məzunları və Araz kurslarında təhsil alan gənclər qazanırdılar.

Ölkədə məktəblər kütləvi bağlanırsa, təhsilsizlikdən 10-15 ilə Pakistana, Əfqanıstana dönəcəyikk. Savadsızlar gedib dini cərayanlara qoşulacaq. Ölkənin şəriət qanunlarıyla idarə edilməsi üçün üsyanlar edəcəklər.

Bu təhsil ocaqları bağlananda bəziləri qəribə reaksiyalar verdi. Sosial şəbəkələrdə belə xəbərləri sevinclə paylaşanlar çox oldu. Ən çox da, bu məktəblərdən xəbəri olmayan, türk millətinə antipatiyası olanlar, İrana meylli dindar gənclər böyük şadyanalıq edirdi. Bunlar təbiidir. Əgər bu millətin böyük hissəsi rüşvət verib, bilə-bilə özünü savadsız edirsə, hansısa təhsil mərkəzinin bağlanmasına sevinmələri təəccüblü deyil.

Ölkəmizdə çox yalnış bir tendensiya var. Guya həmin təhsil ocaqlarında təhsil alan azərbaycanlılar Azərbaycan idarəçilik sistemində iş tapan kimi müəyyən təxribat və təbliğatlarla hökuməti ələ keçirəcək. Belə bir sual yaranır: Dünyada “Hizmət” hərəkatından olan şəxslərin təxribatı və terroçuluğu ilə qarşılaşan olubmu? Televiziya və mətbuatın yalnış ifadəsini də düzəltməyə çalışım. Mətbuatda necə ki, əlilliyi olan şəxslərə “fiziki məhdudiyyətli” ifadəsi əvəzinə kökündən yalnış olan “fiziki qüsurlu” sözü soxuşdurulubsa, “Hizmət” hərəkatını da “nurçuluq”la qarışdırırlar və onu elə adlandırırlar. Nəzərinizə çatdırım ki, “nurçuluq” tamamilə başqa cərəyandır və onların “Hizmət” hərəkatına antipatiyaları var.

Əslində hökümət bu məktəbləri bağlamaq istəmirdi. Əvvəlcə onların ənənəvi adı dəyişdirildi, sonra Azərbaycan Dövlət Neft Şirkətinə birləşdirildi. Heç biri Erdoğanı öz tərs prinsipindən çəkindirmədi. Bağlanmalıdır, vəssalam! Və təəssüf ki, bağlandı…

Bu məktəblər bizə 20 ildə ölkəmizə xaricdən 590 medal gətirən məktəblilər vermişdi. Bərdə şəhər özəl türk məktəbindən dünyanın ən gənc alimi Sənan Eminov, Quba məktəbindən Tural Bədirxanlı (Turalın “Namo mediya” layihəsinə “Twitter” sosial şəbəkəsindən 50 milyon alıb, bu layihə artıq “Twitter”in bir parçası kimi fəaliyyət göstərəcək), Ağdaş özəl türk liseyinin məzunu, Harvardda təhsil alan ilk azərbaycanlı, vətəndaş cəmiyyətinin fəallarından biri Bəxtiyar Hacıyevi də misal göstərmək olar. Və daha nə qədər belə gənclər…

Əziz millət, unutmayın ki ən böyük düşmən – cahillikdir. Müsəlmanların bəziləri məktəblərdə hicabın qadağan olunmağına etiraz edir. Etiraz aksiyaları keçiririlər. Amma bu adamlar Qurani-Kərimdə ilk əmr olan “OXU” sözünü və peyğəmbərimizin “Elm üçün Çinə belə gedin” tövsiyyəsini unudurlar deyəsən…


Yazıdakı fikirlər müəllifin şəxsi fikirləridir və sadəcə müəllif məsuliyyət daşıyır.

Ana səhifəMənim FikrimcəÖlkəni məhv etmək istəyirsənsə…