Ölkəmizi necə təmsil edirik…

Özümüzü belə təəccübləndirəcək hallar

Source:

Ölkədən xaricə ayaq basan hər kəs əməlləri, davranışı, sərgilədiyi dünyagörüşü və başqalarında yaratdığı təəssüratla təkcə özü haqqında deyil, ümumilikdə azərbaycanlı kimliyi haqqında fikir formalaşdırır. Necə ki, məktəbdə bizə deyirdilər, burda hər kəs öz ailəsinin güzgüsüdür, eləcə də xaricdəki hər bir azərbaycanlı öz böyük ailəsi – ölkəsinin güzgüsüdür. Yəni hər bir fərd təkcə özünü deyil, bizim hamımızı təmsil edir, ölkəmizin, necə insanlar olduğumuzun, hansı dəyərlərlə yaşadığımızın, necə bir mədəniyyətə sahib olduğumuzun təmsilçisidir. Ölkədən çıxan hər kəs, getdiyi yerdə bir azərbaycanlı kimliyi formalaşdırır yaddaşlarda.

Bədbəxtlikdən artıq ikinci onillikdir ki, dünyaya və regiona insan potensialımızla, mədəniyyətimizlə, başqa xalqlar içində bizə qarşı həqiqi hörmət və simpatiya doğuracaq fərdi və ya xəlqi keyfiyyətimizlə yox, neftimizlə, bizdən heç bir əmək və bacarıq tələb etməyən yeraltı sərvətlərdən qazandığımız pullar hesabına keçirdiyimiz musiqi və idman yarışları ilə, daha çox isə korrupsioner, avtoritar hökumətimizlə, vətəndaş cəmiyyəti üzvlərinə qarşı qanunsuz həbslər ilə tanınmaqdayıq.

Ölkə əhalisi olaraq, milli kimlik olaraq, fərd olaraq bizə əlavə dəyər qatacaq ikinci özümüzə aid üstünlüyümüz, bacarıq və keyfiyyətimiz hətta özümüzü təəccübləndirəcək qədər nadirən baş verir. Ona görə yox ki, ümumilikdə istedadsız ya bacarıqsız xalqıq, ona görə ki, bu illər ərzində ölkəmizdə insan kapitalı haqqında düşünülmədi. Keyfiyyətli insan yetişdirə biləcək təsisatlar məhv edildi, təhsil yox, azadlıq yox. Dünya hökumətimizin gözünə kafel-metlax, parıltı, idman və musiqi yarışması kimi göründü ancaq. Ölkə içində və ölkədən kənarda hökumət ancaq siyasətini bu yöndə qurdu.

Beləliklə, xaricə çıxan hər bir fərd bu kafel-metlaxı, parıltını, musiqi yarışmalarını özüylə daşıya bilmədiyi üçün və ümumiyyətlə, bu qəbil siyasətin başqalarında bizə qarşı hansısa maraq oyadacaq çəkisi olmadığı üçün, başqalarında Azərbaycan və azərbaycanlılar haqqında fikirləri hər kəsin fərd kimi şəxsi potensialı, davranışı və mədəniyyəti formalaşdırmalı olur. İndi xaricdə, xüsusilə yaxın tarixdən bir imperiyada yaşadığımız qonşu ölkələrdə Azərbaycandan və azərbaycanlı olduğunu deyərkən ən yaxşı halda heç bir diqqət çəkmirsən.

Çünki yaxın tarixdə ölkəni yaxşı mənada tanıdacaq, başqalarında hörmət doğuracaq nə dövlət, nə də insanlar səviyyəsində heç bir işimiz, əsərimiz, fəaliyyətimiz demək olar ki, olmayıb və ya olanlar da lazımi səviyyədə tanıdılmayıb. Əgər sənin ölkən, sənin insanın və mədəniyyətin dünyada ən azı region səviyyəsində təmsil olunmursa və ya tanınmırsa, onda sənin təəssürat yaratmaq, diqqət çəkməyin daha çətin məsələdir.

Ona görə də, Azərbaycan deyəndə dövlətinin və millətinin adı xariciyə heç nə demir, heç bir mədəni və intellektual səviyyədə bizi tanıdacaq, təmsil edəcək uğurumuz və ya hekayəmiz yoxdu. Adi şəxs də özü nə edə, nədən danışa ki, indiyə qədər olmayan təəssüratı yarada bilə? Ən yaxşı halda, bizimlə tanış deyillər. Amma mütləq tez-tez o adamlara rast gəlirsən ki, artıq səndən qabaq buralarda olub və necə lazımdırsa ölkəni də, insanımızı da yaxşıca “təmsil edə bilib”, azərbaycanlı kimliyi haqqında çox neqativ stereotip formalaşdırıb. Və sənin indi o formalaşmış fikri dəyişməyin çətin məsələdi.

Uzaq və çoxmillətli Avropa və Amerikanı kənara qoyaq. Yaxın qonşu və region ölkələri içərisində – harada ki, biz çox qərib sayılmarıq, harada ki, yaxın keçmişdəki birliyimizdən bir-birimizi tanıyırıq, o ölkələrdə bizi kimlər təmsil edir, o ölkələrdə bizi necə tanıyırlar? Çox zaman o ölkələrdə bizə qarşı olan münasibətdən şikayətçi oluruq. Halbuki biz nəinki o ölkələrin cəmiyyətinin hansısa üstünlüyünü tanımırıq, hətta aramızda heç bir fərqin olmadığını düşünərək özümüzə qarşı olan münasibəti qərəzli hesab edirik, bunu o ölkələrin insanlarının pis xarakterinə yazırıq. Ancaq bir düşünək, o ölkələrdə bizə qarşı münasibəti kimlər yaradır, o münasibət nədən qaynaqlanır? Doğrudanmı, bizə qarşı münasibət ədalətsizdir?

Həmin o yaxın region ölkələrində bizim reputasiyamız heç də yaxşı deyil. Buna əmin olmaq üçün də belə ciddi araşdırma-filan aparmağa ehtiyac yoxdur. Birinci növbədə, ona görə ki, ölkədən kənara nə cür insanları, kimləri göndəririk, bu hamıya az-çox aydındır. İkinci növbədə, o ölkələrin istənilən birində kənardan durub, bizimkilərin özlərini necə aparmaqlarına baxmaq, nə işlər gördüklərini öyrənməklə bunu görmək olar. Üçüncüsü, o ölkələrin normal mədəni insanlarından soruşmaq kifayət edər. Ondan əlavə, o ölkələrin dövlət strukturları da təfsilatı ilə haqqımızda çox şey deyə bilər. Çünki qonşu ölkələrə gedənlərimiz ən birinci özlərini tanıtmaqlarını dövlət strukturlarından başlayır.

Qonşu ölkələrə bizdən kimlər gedir? Bir neçə qrup adam. Məsələn, qonşu ölkələrə gedənlərimizin bir qrupu tələbələrdən ibarətdir. O tələbələrin əksəriyyəti əsas etibarilə Azərbaycanda 200-300 bal yığıb, ölkə universitetlərinə düşə bilməyənlərdir, yalnız attestatla Türkiyə universitetlərinə qəbul olurlar. Yəni qonşu ölkəyə göndərdiyimiz tələbələr, öz təhsil sistemi bərbad olan ölkəmizdə belə tələbə adını qazana bilməyən bir təbəqədir. Onlar savadsızdırlar, məqsədləri bilik arxasınca getmək yox, sadəcə necə və hansı yolla olursa-olsun, hansısa bir universitetə ilişmək və bir neçə il avaralanmaqdır. Beləliklə, Türkiyədəki azərbaycanlı reputasiyasını yaradan qruplardan biri bərbad Azərbaycan təhsil sistemində belə uğur qazana bilməyəcək qədər savadsız tələbələrdir. Bunlar nisbətən yaxşısıdır, o mənada ki, Türkiyədə oxuyan həqiqətən savadlı tələbələrimiz də xeyli vardır. Onların sayəsində ümumi mənzərəni bir az dəyişə bilirik.

Öz bərbad təhsil sisteminin təlim və tərbiyə edə bilmədiyi başqa qrup tələbələr isə Gürcüstan, Rusiya və Ukrayna kimi ölkələrə üz tuturlar. Doğrudan da, bu tələbələri azərbaycanlı kimi tanıyanlar bundan sonra hansısa başqa azərbaycanlıya normal yanaşması, hörmət qoymağa çalışması, ona inanması özü bir böyük şeydir. Bunu tam səmimiyyətlə demək olar. Mən bu tələbələrdən Gürcüstan və Ukraynada görmüşəm. Normal ailə, valideyn qayğısı və sevgisi görməyən, ilk olaraq ailədə şikəst edilən, sonra cəmiyyətin və məktəbin pozduğu o savadsız, heç bir dil bilməyən, sözün əsl mənasında həyatın mənasını avaralanmaqda görən, heç vaxt böyüməyən infantil tələbələri görəndə, həm sarsılırsan, həm ürəyin ağrıyır, həm nifrət edirsən, həm də başa düşürsən ki, budur sənin lənətlənmiş taleyin, səni təmsil edən həmvətənlin budur.

Sınırsan və başa düşürsən ki, artıq sənin necə biri olmağın, fərdiyyətin, dünyagörüşün- filan bunların heç biri səni tanıtmaqda keçərli olmayacaq. Səni minlərlə belə üzqarası həmvətənlin lazımi qədər tanıdıb. Ona görə sadəcə cəhd eləmə, onlardan biri olmasan belə, bununla barış ki, sənin bir azərbaycanlı kimi ətrafdakı xaricinin düşüncəsində möhkəmlənmiş ümumi obrazını sındırmaq müşküldü. Artıq hər şey üçün çox gecdir, onlar daima şübhəli və inamsızdılar.

Bu barədə Rusiya və Ukranyada vəziyyət lap ümummilli rüsvayçılıqdır. Bu cür tələbələrin başqa azad və açıq cəmiyyətə düşməsi, orada özünü itirməsi, azadlıqdan vəhşiləşməsi, nəzarətsizlikdən bütün sərhədləri aşması, aqressivlik və sair. Saydıqca bitməz. Nəticə, yenə eyni. Haradansan? Azərbaycandan. Üzlərdə yaranan qəribə təbəssüm, şikayət dolu ifadə. Fürsət tapan kimi, hamısını yumşaqlıqla üzümüzə deyirlər. Veriləsi cavab da yoxdur. Haqlıdırlar.

İkinci qrup isə alver edən təbəqədən ibarətdir. Bütün qayğısı əlverişli qiymətə lazımi mallar tapıb, onları alıb ölkəyə aparıb satmaqla dolanışıq təmin etmək olan zəhmətkeş təbəqə. O təbəqə ki, mədəniyyət daşıyıcısı olmadığı üçün hər hansı müsbət fikir də formalaşdırmaq kimi qayğısı və öhdəliyi yoxdur. Onun fəaliyyəti yumşaq desək, biznesdir. Ancaq o getdiyi və qaldığı yerlərdə geyimi, davranışı ilə ümumi bir fikir yaradacaq mütləq. Bunun da necə bir fikir olacağını güman ki, hamımız təxmin edə bilərik . Daim ağır yüklərlə yüklənmiş, narahat, bütün qayğısı aldığı malları sağ-salamat və təhlükəsiz öz ölkəsinə çatdırmaq olan, qazanc üçün ömrünü yollarda xərcləyən adamlar nə kimi simpatiya yarada bilər ki?

Dövlət kimi onları hər yerə didərgin salmışıq qazanc üçün. Hər dəfə Gürcüstandan Azərbaycana keçəndə, sərhəddə Gürcüstan gömrük xidmətinin əməkdaşlarının qonşu ölkədən alverdən qayıdan həmvətənlilərimizlə şahidi olduğumuz davranışı da başqa dərddir. Baxmayaraq ki, öz gömrük xidməti əməkdaşlarımızın onlarla rəftarı daha da pisdir. Həm utanırsan, həm pis olursan, həm əsəbləşib onları müdafiə eləmək istəyirsən, həm də heç bir səbəb tapmırsan bunun üçün.

Əlbəttə, hamısı başa düşüləndir, hamısının aydın səbəbi və nəticəsi var, ancaq ümumilikdə reallıq belədir. İrana və Türkiyəyə gedən alverçilərimiz də bundan beş-betər. Rusiya isə bizim bir xalq kimi rəzil olduğumuz, batdığımız, təhqir olunduğumuz, aşağılandığımız bir ölkədir. Milyonlarla insan, milyonlara biabırçılıq. Bakıda bu yaxınlarda Rusiyadan qayıtmış taksi sürücüsü ilə söhbət edirdik, sual verəndə ki, oradakı azərbaycanlılar nə iş görür, cavabı bu oldu ki: “Brat, bizimkilərinki bazardır, bir də oğurluqdur da”.


Bu gün qonşu ölkələrdə və keçmiş imperiya dövlətləri içində həqiqətən azərbaycanlı kimliyinin reputasiyası çox pisdir. Sovet vaxtı ümumi axın, bizdə də az-çox mədəni hadisələrə, elmə, kinoya təsir edirdi və bunun sayəsində az da olsa bizim də mədəniyyətimiz o ölkələrdə tanınır, təmsil olunurdu. Müstəqillik dövründən bu yana isə biz bu mənada özümüz heç bir şey yarada bilmədik. Əksinə, öz ölkəmiz elə bir vəziyyətə düşdü ki, yaxşı və uğurlu hesab ediləcək nəyimiz və kimimiz vardısa, ölkədən çıxıb getdi. İndi əhatəmizdəki qonşu millətçi, qürurlu az-çox müəyyən dəyişikliklərə nail olmuş millətlərlə müqayisədə biz yoxuq.

Artıq keçmişdəki olan-qalan da unudulub, bizi cazibəli edəcək, bizdə maraq oyadacaq isə heç nə baş vermir. Üstəlik də, qonşu ölkələrdə bizi təmsil edənlərin yaratdığı sivilizasiyadan kənar qalmış, mədəniyyətsiz, təhsilsiz azərbaycanlı kimliyi. Bu gediş bizi Sovet vaxtı sıralarına qoşulduğumuz millətlərdən ümumi səviyyəcə ayırır, bir mərtəbə geriyə, Dağıstana, Çeçenistana yaxınlaşdırır. Baxmayaraq ki, bu nəticəyə gətirib çıxaran bütün sadalanan neqativ halların səbəbkarı bizim siyasi sistemimizdir, ancaq özümüzün də, fərd olaraq hər bir kimliyin də bunda günahı var.

Böyük əksəriyyətimiz heç vaxt, bir milləti təmsil etdiyimizi, öz kimliyimizlə millətimizin kimliyi haqqında fikir formalaşdırdığımızı anlamırıq. Ölkədən kənarda bizi şəxsən heç kim tanımaya bilər, bu fakt bizim şəxsi mənada bütün qüsurlarımızı görünməz edə bilər, amma o qüsurlarımız, o yaratdığımız təəssüratın hamısı ümumilikdə millətimizin adına yazılır və bizim milli kimliyimizə oturur. O millət ki, bizim başqaları içində ilk növbədə şəxsiyyətimizdir. O millətə ki, bizim dədə-babalarımız sahib olublar və bizim gələcək oğul-uşağımız sahib olacaq. Deməli, ona görə də, bu kimliyi qorumaq, onu yaxşı təmsil etmək hər birimizin fərd kimi böyük öhdəliyimizdir.

Millətinə hörmət özünə hörmətdən başlayır. Biz millətçi, qürurlu, özünə vurğun millətlərin qonşuluğunda yaşayırıq, inkişaf etməsək, dəyişməsək, özümüzə hörmət qazandıra bilməsək, qonşularımızdan başlayaraq dünya bizi sadəcə görməyəcək. Görülməyən, sezilməyən, diqqət edilməyən xalqların da talehi çox acınacaqlı olur, onlar üçün bir yol qalır, dağlara çəkilib, terrora əl atmaq. Bizim isə buna layiq olmadığımıza, mövcüd durumun müvəqqəti reallıqdan qaynaqlandığını, vəziyyət və şəraitin dəyişməsiylə bizim də potensialımızın açılacağına, yaxşılığa doğru dəyişəcəyimizə inamım böyükdür. Bütün bunlar isə sadəcə bir etirafdır.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəÖlkəmizi necə təmsil edirik…