Ölkəmizi dünyaya necə tanıtdıq?

Avropa Oyunlarının xeyirləri

Source:

Bəli, dünən ilk Avropa oyunları, milyonlara başa gələn növbəti möhtəşəm şou effektlər və əyləncəvi proqramla qapandı. Bu oyunların bir müsbət cəhəti də ondan ibarət oldu ki, bu xalq sizin əsl sifətinizi, kimliyinizi, YAP hakimiyyətinizin ikiüzlü olduğunu bir daha görmüş oldu. Sözün həqiqi mənasında nə oyunlar çıxartdığınızın şahidi olduq.

Oyunlar keçirilir deyə şəhər divarlarında graffiti çəkməklə, başqa vaxt polisin mane olduğu, amma indi konservatoriyanın uşaqlarını küçələrə töküb, güya bizdə küçə musiqisi var görüntüsü sərgiləməklə nə qədər ikiüzlü məxluqlar olduğunuzu dünyaya tanıtdınız.

Atletlər kəndini, turistlərin qaldığı yerləri hasara almaqla, onları nifrət etdiyiniz cəmiyyətdən təcrid etməklə, idmançı turistlərə ən yüksək xidmət göstərib, rayon maşınlarını şəhərə buraxmamaqla, öz vətəndaşınıza nə qədər aşağılıq, səviyyəsiz münasibət göstərdiyinizi isbatladınız.

Minlərlə könüllünü imtahan nəticələrindən azad etməklə təhsilin, avtobusların turistləri şül-küt etməsi ilə nəqliyyatın, yaralıları təcili Türkiyəyə və ya məmləkətlərinə göndərməklə səhiyyəmizin nə qədər bərbad və iflic olduğunu bir daha təsdiqlədiniz.

Ölkədə Avropa Oyunları keçirib, Bakıda Avropa nümayəndəlikləri önündə “Avropa Azərbaycandan əlini çək” anqırmaqla, Qərbi “Avropa Şurasından çıxarıq aa” deyib təhdidlər püskürməklə nə qədər absurd bir hakimiyyət olduğunuzu biruzə verdiniz.

Heç bir Avropa liderinin oyunların açılışına qatılmaması ilə sizin qürurlandığınız xarici siyasətinizin də çürük qoz qabığından ibarət olduğunu göstərdiniz.

Bu ölkədə idmana qayğının, sıravı vətəndaşa, elmə-tərəqqiyə, insan haqlarına verilən qayğıdan qat-qat üstün olduğunu sübut etdiniz.

Ölkəyə turist axını olmadığı üçün cəbrayıllı qaçqından ingilis turist qayırmaqla nə qədər saxtakar olduğunuzu gizlətmədiniz.

Başqa vaxt hər yerə dahi liderinizin heykəlini, adını, şəklini, sitatlarını sırımağınıza baxmayaraq, turistlər gələcək deyə onun sitatlarını, şəkillərini şəhərin mərkəzindən, bayram günləri tv künclərindən yığışdırdınız və müqəddəs saydığınız adamı bir oyuna necə qurban verdiyinizi hər kəsə göstərmiş oldunuz.

Əliyevlərin ailəlikcə məşəl daşıması, oyunlara tamaşa etməsi, onların milli idmançılara qızıl medalları təqdim etməsi, kanallarda saatlarla reklam olunmaları ilə bu oyunların onların imici üçün lazım olduğu və bu ölkənin bir ailə tərəfindən istismar edildiyini bir daha dünyaya təsdiqlədiniz.

Bəli, bu 16 gündə ölkəmizi bax bu şəkildə dünyaya tanıtdınız, fəxr hissi keçirir və qürurlanırsınızmı, cənablar?


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəÖlkəmizi dünyaya necə tanıtdıq?