Mehriban, zövqlü, hər mənada nümunəvi sayıla biləcək bir ailə. 4 yaşlı övlad böyüyür. Ata-ana da, yaxın qohumlar da hamısı cəmiyyətdə mövqe tutmuş, özünü təsdiqləmiş, təhsilli və maddi ehtiyacdan uzaq adamlardır. Qarşılıqlı yardımı bir-birindən əsirgəməyən, yumruq kimi sıxılmış bir nəsil.
Onlar məni bu günlərdə elə təəccübləndirdi ki… Əvvəla, mənzildəki kinoteratrda bircəcik azəri kanalı da yox idi (Bu, yaxşı mənada təəccüblüydü). Yerli TV-yə baxmırlar.
İkinci təəccüb isə xoş olmayan düşüncələrə yol açdı. Müxtəlif yaş kateqoriyalarına məxsus (20-dən 70-dək) bu nəslin nümayəndələrinin heç birinin (!) ölkədə son illərdə baş verənlərin miqyasından xəbəri yox idi (Kür daşqınlarından tutmuş Nidaçıların məhkəməsinə qədər). Eynilə Mandelştam sayağı: “Altımızdakı ölkəni hiss etmədən yaşayırıq”.
Bu ailədə Balzakı, German Hesseni, Riçard Baxı oxuyurlar, klassikanı və roku dinləyirlər, əcnəbi dillər bilirlər, xarici ölkələrə səfərlər edirlər, gəlirlərinin bir hissəsini intellektual istirahətə xərcləyirlər və… öz ölkələrində nələrin baş verdiyindən bixəbərdirlər. Çünki, biganədirlər. Həm də elə bir ailə ki, informasiya mənbələrinə tam və qeyri-məhdud çıxışı var. Ancaq onlar üçün TV – əcnəbi kanallara baxmaq, internet isə kitabxanalarda gəzişmək, musiqi dinləmək və video üçün mənbədir. Və heç bir halda TV də, internet də ölkədə baş verənlərdən xəbərdar olmaq vasitəsi deyil.
Əgər söhbət ilin çox hissəsini dağlarda keçirən çobandan getsəydi, təəccüblənməzdim. Ancaq bu ölkəyə məhz intellektual kəsim, məhz orta sinif kimi tanınan çox nazik, gündən günə də sayca azalan təbəqənin nümayəndələri biganədir. Onlar sanki bu ölkəyə müvəqqəti yaşayış yerləri kimi baxırlar. Bəli, darıxdırıcıdır, pisdir, reallıq depressivdir, ümid və çıxış yolu yoxdur, odur ki, ya “mehriban nəsil” modelini gerçəkləşdirirlər, ya da sadəcə “çamadan əhvalı” ilə yaşayırlar.
Yəni, bu, cəmiyyətin atomlaşmasına, fraqmentləşməsinə, fərdlərin Markssayağı “yadlaşma”sına bir sübutdur. Onlar üçün şəxsi münasibətlər, öz əhatələri maraqlı və müqəddəsdir. Və artıq bu arealdan, öz evinin kandarından çıxdınmı – öz Vətəninə yox, yadlar arasına düşürsən.
Bir sözlə, vətəndaş daha ölkəni öz Vətəni saymır. Onun üçün baş verənlərin hamısı maraqsızdır. Həm də absurd teatrını xatırladır. Ancaq tamaşanın ssenarisini, aktyorlarını, rejissorunu, leksikonunu dəyişmək, pərdələrin sayını və müddətini müəyyənləşdirmək bu insanların imkanları daxilində deyil. Onlar buna heç cəhd də etmirlər. Axı hələ ki alternativ var.
Alternativ isə – “ailə modeli”dir, enerjini analizə, narazılığın ifadəsinə, neqativliklə dolu hadisələrə qarşı mübarizəyə, bir sözlə ölkəni dəyişmək cəhdlərinə yox, obıvatelliyə və mühacirətə hazırlaşmağa sərf etməkdədir.
Çoxları bu cür mövcudluq keçirir – “Altlarındakı ölkəni hiss etmədən”. Ölkəyə pampers kimi baxmağa razıdırlar, Vətən kimi baxmağa yox.
Və hətta təminatlı, savadlı kəsim də özünü öyrəşdirib ki, Azərbaycan onlar üçün kirayə evdir, başqa yerə uçmaq üçün tranzit yoldur.
Cəmiyyət siyasiləşməyib. Siyasiləşməyən toplumda isə ictimailik də olmur…
***
Azərbaycanlıları ölkədə baş verənlərə münasibətinə görə şərti olaraq 3 qrupa ayırmaq olar. Və bu qruplar kəmiyyətcə kəskin fərqlənirlər.
Birinci qrup aktiv ya passiv formada hakimiyyətin dayağı rolunda çıxış edənlərdir. İkinci qrupa razılaşmayan və etiraz edənlər aiddir. Üçüncü qrup isə daxili mühacirətdədir.
Ən çoxsaylı qrup birinci qrupdur. Buraya daxil olanlar ümumi əhalinin 80-90 faizidir. Bu fərdlər rejimin vinti olmaq rolu ilə razılaşıblar və qətiyyən bu roldan yaxın vaxtlarda imtina etmək niyyətində deyillər. Əgər bir gün rejim müxtəlif səbəblərdən laxlasa, onda bu boz çoxluq öz əsl sifətini göstərəcək. Onda məlum olacaq ki, sən demə, bəs onlar “anadangəlmə dissidentlər”miş, sadəcə müvəqqəti olaraq rejimlə barışıbmışlar. Niyə? – bu suala hərənin öz uydurduğu bəhanəsi var. Ancaq bu cəhətdən Azərbaycan orijinal deyil. Bütün məmləkətlərdə bu cürdür.
Bu böyük qrupa öz üzərində rejimin təsirini, qorxu-hürküsünü hiss edən, çörəyi və güzəranı rejimin “iş yerləri”ndən çıxan hər kəs daxildir. Bizdə oliqarxik hakimiyyət olduğundan, “şəxsi mülkiyyət” və “şəxsi biznes” anlayışları sırf formal xarakter daşıdığından, bu qrupa təkcə büdcə təşkilatlarında işləyənlər yox, həm də sahibkarlar daxildir. Fərqi yoxdur, sən küçə alverçisisən, aptek müdirisən, özəl klinikada cərrahsan, yoxsa bankirsən – işin də, özün də “Böyük Qardaş”ın nəzarətindədir. Və həm maliyyə, həm fiziki tamlığını qorumağın da ən sadə üsulunu seçirsən – rejimin vinti roluna razılıq verirsən.
Bu böyük qrupun adından nitqlər uydurulur, “tərəqqi”nin göstəriciləri vəsf edilir, seçkilərdə bülletenlər saxtalaşdırılır, onun üzərində əsarətin eksperimentləri aparılır. Və boz çoxluq qara azlığın hakimiyyətinə legitimlik verir.
İkinci və çox azsaylı qrup – etiraz edənlərdir. Bu etiraz piket, məqalə, yaxud virtualda “ürəyini boşaltmaq” kimi mənasız və səmərəsiz taktikalarla məhdudlaşır. İnternet məkanda bu narazıların hər biri özünü peşəkar inqilabçı, intellektual nəhəng sayır, niklərin arxasında dayanıb söyüş püskürür, öz bəsit “analiz”ini son instansiyada həqiqət ranqına qaldırır v s. Halbuki savad, analiz və intellekt defisiti, praktik fəaliyyətdən ifrat uzaqlıq şəraitində bu əfəl taktikaların son nəticəyə heç bir təsiri yoxdur. Yəni, keyfiyyət dəyişikliyi üçün piketlər, məqalələr, virtual “əjdahalıq” qətiyyən yetərli deyil.
Ancaq bu azsaylı kəsim həm də ümid yeridir, alova dönə biləcək qığılcımdır. Siyasi savadın, ideoloji biliklərin artacağı, ideoloqların və praktiklərin yetişəcəyi, təbliğatın yaradıcılığa çevriləcəyi, təşkilatların formalaşacağı təqdirdə bu cüzi azlıq boz çoxluğa təsir edə bilər. Demirəm ki, boz çoxluq dönüb aktiv etirazçı olacaq. Yox, ancaq heç olmasa rejimi aktiv müdafiə etməkdən (əlbəttə ki, özünü, də rejimi də aldatmaqla) əl çəkə bilər. Hazırda çoxluq mimikriya ilə məşğuldur, bir buqələmun ömrü keçirir. Etirazçı azlığın sağlam fikirləri, ideoloji diskursu və ibrət verən praktika nümunələri çoxluğun donmuş qəlbinin buzunu əritmək gücünə malikdir.
Və nəhayət üçüncü qrup – daxili mühacirətdə olanlar. Buraya cəmiyyətin hakimiyyətdən maksimum asılı olmayan təbəqəsi aiddir. Əlbəttə, “hakimiyyətdən asılı olmamaq” – nisbi anlayışdır. Vaxtilə Kamyu “Mən bilmirəm başqası azaddır, ya yox. Yalnız öz azadlığımdan danışa bilərəm. Kimin ağası yoxdursa, o, azaddır” yazmışdı. Daxili mühacirətə çəkilənlər də o adamlardır ki, onların həyatının hər detalına soxulan ağaları yoxdur.
Kimlərdir bu adamlar? Azad peşə sahibləri. O kəslər ki, işi və qazancı dövlət büdcəsindən, yaxud hakimiyyətin total nəzarət aparatından asılı deyil. Rəssamlar, bəstəkarlar, arxitektorlar, dizaynerlər, dilçilər, proqramçılar, müəyyən faiz jurnalistlər və şair-yazıçılar… O peşələrin sahibləri ki, öz bacarıqları ilə hakimiyyətin dabanının altına düşməyə biliblər.
Və bu təbəqə nə etiraz edir, nə də Sistemin vintinə çevrilib. O, daxili mühacirətə gedib. Yəni, məkanı Azərbaycandır, ancaq bu ölkənin həyatı, dərdləri, fikirləri, mübarizəsi ilə yaşamırlar. Onlara öz dar əhatələri, ailələri, dost-tanışı qiymətlidir və bununla da ölkə onlar üçün bitir.
Ancaq daxili mühacirət – səhvdir. Çünki get-gedə bütün bu peşələr də, bu kateqoriyadan adamlar da hakimiyyətin tam nəzarətinə düşəcək. Bir gün arxitektor görəcək ki, hakimiyyəti vəsf etməsə, heç bir sifariş ala bilmir. Rəssamı rejimpərəst şəkillər çəkmək, ya da təqib olunmaq dilemması qarşısında qoyacaqlar. Jurnalist ya yazılarının tonunu dəyişməli, ya əsl mühacirətə getməli, ya da övladını yoxsulluqla tanış etməli olacaq. Bununla da bu üçüncü qrup gündən günə naziləcək (və nazilir də). Ancaq təbii ki, kimlərsə qalacaq. Mütləq qalacaq. Onlar Yaradıcılıq ilə fizioloji azadlıq arasında birincini seçəcək.
Daxili mühacirət – qəhrəmanlıq deyil. Daha çox yekəxanalıqdır. Başqalarına yuxarıdan aşağı baxmaqdır. Özünü “seçilmiş”, başqalarını isə axmaq saymaqdır.
Ölkədə sosial mobillik sıfıra yaxınlaşdıqca, bir təbəqədən digərinə keçidin kanalları bağlandıqca, qulun oğlu qul, büdcə oğrusunun oğlu büdcə oğlusu olduqca, daxili mühacirətdə olanların da sayı sürətlə azalacaq.
Yerində saymaq mümkün deyil. Statika – mifdir. İrəli getmirsənsə, deməli geriyə gedirsən. Özünü “intellektual elita” saymağa iddialı bu üçüncü qrupun nümayəndələrinə bu acı həqiqət hələlik inanılmaz görünür. Ancaq nahaq yerə.
Yalnız daxili mühacirətə sığınanlarla etiraz edənlərin birliyi ölkədə qüvvələr nisbətini dəyişə bilər…
Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.