Ölkədən çıxışa qadağa hansı şərtlərlə ola bilər?

Azərbaycan təcrübəsində qadağalar məhkəmə qərarı olmadan reallaşır

Source:
Sərhəd Keçid Məntəqəsi
Sərhəd Keçid Məntəqəsi


Azərbaycan təcrübəsində qadağalar məhkəmə qərarı olmadan reallaşır

Son günlərdə Azərbaycanda onlarla jurnalist və aktivistin ölkədən çıxışına qadağa qoyulub. Sərhəddən keçidə icazə verilməyənlərin bəziləri geri qaytarılıb, bəziləri elə birbaşa polis şöbəsinə aparılıb.

Mediaya açıqlamalarında onlar qadağaların səbəblərinin yazılı və ya şifahi izahı verilmədiyini deyiblər.

“Azərbaycan Saatı” verlişinin aparıcısı Natiq Ədilov isə ötən ilin avqustunda qonşu Gürcüstana gedərkən sərhəddə qatardan düşürdülüb.

Natiq Adilov
Natiq Adilov

“Mən qatarla Gürcüstana gedirdim. Sərhəddə məni qatardan düşürdülər. Heç bir bildiriş vermirdilər. Mübahisə elədim ki, səbəbi barədə nəsə bir iki cümlə yazın, qol çəkin, verin mənə. Nəhayət, yazıb verdilər ki, pasportun fəaliyyəti dayandırılıb. Lakin pasportun fəaliyyətinin niyə dayandırılması barədə bir kəlmə belə izah vermədilər”.

Daha bir jurnalist Aynur İmranovanın isə əvvəl bank hesabları dondurulub, daha sonra isə ölkədən çıxışına qadağa qoyulub. Hər iki qadağa üçün heç bir məhkəmə qərarı verilmədiyini deyir. Lakin sonradan özü hər iki məsələ ilə bağlı məhkəməyə müraciət edib:

“21 noyabr 2014-cü ildə Gürcüstana gedərkən “Sınıq Körpü” sərhədində bildirdilər ki, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən mənim Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmağıma dair məhdudiyyət qoyulubmuş. Bu səbəbdən mən ölkədən çıxa bilmədim və sərhəddən geri qaytarıldım”.

Aynur İmranova
Aynur İmranova

Aynur İmranova deyir ki, Nəsimi rayon Məhkəməsinə şikayət verərək, ölkədən çıxışına qoyulmuş qadağanın qanunsuz hesab edilməsini tələb edib. Nəsimi rayon Məhkəməsi isə şikayəti icraata götürməyib.

Hüquqşunas Ələsəgər Məmmədli deyir ki, ölkədən çıxışa qadağa ancaq məhkəmə qərarı ilə vergi borclarına, hansısa cinayət işi və istintaqa görə verilə bilər:

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

“Avropa ölkələrində sərhədi keçməyə qadağa ilə bağlı qərar mütləq məhkəmə qərarı ilə verilir. Azərbaycanda da qayda budur. Lakin praktikada əksi görünür. Ölkədən çıxışına qadağa qoyulan şəxs dərhal məhkəməyə müraciət edib, qanunsuzluğun aradan qaldırılmasını və səlahiyyətlərindən sui-istifadə edənlərin məsuliyyətə cəlb olunmasını tələb etməlidir”.

Musavat başqanının müşaviri Azər İsmayıl deyir ki, aktivistlərin və ya jurnalistlərin qanunsuz olaraq ölkədən çıxmasına qadağa qoyulması onların fəaliyyətləri ilə bağlıdır:

“Əfsuslar olsun ki, ölkədən çıxmaq haqqında qadağa ilə bağlı qanunvericiliyin konkret müddəası olsa da, bu qadağanı siyasi müstəvidə qeyri-qanuni tətbiq olunmasının şahidi oluruq. Əgər şəxs cinayət məsuliyyətinə cəlb edilməyibsə, şərti məhkumluğu, maddi və digər öhdəliyi yoxdursa, onun xaricə çıxışını qapamaq qərəz və düşmənçilikdən özgə bir şey deyil. Bir çox halda belə bir qanunsuzluqla qarşılaşan şəxs aidiyyəti orqanlara etdiyi sorğuya da cavab ala bilmir. Sadəcə olaraq vermirlər. “Burda mənəm, Bağdadda kor xəlifə” prinsipi idarəçiliyə ziddir və bu hal rəhbər strukturlarla vətəndaşlar arasında dərin bir uçurum yaradır”.

Ana səhifəXəbərlərÖlkədən çıxışa qadağa hansı şərtlərlə ola bilər?