”Ölkədə faşizm elementi olan zorakılıq praktikası təbliğ edilir”

DQMŞ Azərbaycan cəmiyyətini və beynəlxalq ictimaiyyəti artıq dərinləşməkdə olan bu tendensiyanın ölkəmiz, bölgəmiz, Avropa və bütün dünya üçün doğura biləcəyi təhlükələrə adekvat qiymət verməyə çağırır.

Foto: Meydan TV


Milli Şura Azərbaycandakı vəziyyətlə bağlı bəyanat yaydı

“Hakim Yeni Azərbaycan Partiyası ölkə üzrə qaranlıq maliyyə mənbələri hesabına tikilmiş çoxsaylı ofisə malikdir, ana müxalifət partiyası olan Xalq Cəbhəsi Partiyası isə qərargah-mənzilindən məhrum edilib. Partiyanın özəl sahibkarlardan ofis kirayə götürməsinə belə icazə verilmir. Bundan başqa, AXCP fəallarının 5-6 nəfər olaraq kafe və çayxanalarda bir yerə toplanmasına imkan verilmir. Təkcə toplantı iştirakçıları deyil, obyekt sahibləri də təqiblərə məruz qalır”.

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) bəyanat yayaraq, "Azərbaycan hakimiyyətinin "siyasi diskriminasiya və seqreqasiya məzmunlu repressiya siyasətini" pisləyib. DQMŞ hətta özlərinin də toplantı keçirmək üçün yer kirayə götürə bilmədiyini vurğulayıb. Sənəddə korrupsiyanın yüksək səviyyədə olduğu, əhalinin yoxsulluğu, azadlıqların boğulduğu, ölkədə siyasi məhbusların olduğu qeyd edilir.

“Amma hakim rejim bununla kifayətlənməyərək, vətəndaşları siyasi əlamətlərə görə ayrı-seçkiliyə məruz qoyur,”- deyə sənəddə bildirilir. Xüsusən, müxalifətin zorakı üsullarla susdurulduğu, birpartiyalı sistem qurulduğu vurğulanır. “AXCP üçün ianə topladığına görə 4 Azərbaycan və 1 Rusiya Federasiyasının vətəndaşı həbs edilib və mühakimə olunub,” deyə DQMŞ-nin bəyanatında bildirilir:

“Etirafedici ifadələr vermələri üçün onlar ağır işgəncələrə məruz qoyulublar. Ölkədə demokratik azadlıqlar və institutlar məhv edilir və bununla da avtoritarizmdən diktaturaya keçid üçün əsas yaradılır”. Sənəddə daha sonra deyilir ki, 2019-cu il yanvarın 19-dan ölkədə faktiki olaraq mitinq və piketlər qadağan edilib; dövlət aparatı ən repressiv dairələrin maraqlarını müdafiə edir; cəmiyyətin həyatının bütün sahələri ciddi polis nəzarəti altındadır.

“19 yanvar mitinqinin bir çox iştirakçısı hakimiyyətin şəxsi nəzarətində olan mobil telefon operatorlarının təqdim etdiyi siyahılar əsasında polisə çağırılıb və onlardan bir daha müxalifətin aksiyalarına qoşulmamaq tələb edilib. Polis müxalifətçilərin yas və toy mərasimlərini belə müşahidə altına götürür. Onların iştirakçıları sonradan müxalifətçiləri təcrid etmək üçün vətəndaşları qorxutmaq məqsədilə təzyiqə məruz qoyulur”.

Qeyd olunur ki, AXCP fəalı Xəlqi Hüseynin yas mərasimindən bir gün əvvəl onun yaşadığı evin qarşısında çoxprofilli müşahidə kameraları quraşdırılıb. Saatlı rayonunda restoranlar polisin və yerli hakimiyyətin təzyiqi altında AXCP fəalı Ruslan Nəsirlinin toy mərasiminin keçirilməsi üçün yer verməkdən imtina edib. AXCP sədr müavini Fuad Qəhrəmanlının və yazıçı Zümrüd Yağmurun 14 yaşlı qızı naməlum şəxslər tərəfindən izlənilib, amma onun valideynlərinin polisə verdiyi ərizə cavabsız qalıb. Sonradan özünü "İlham Əliyevin əsgəri" adlandıran şəxs küçədə yeniyetməyə hücum edib və bütün bunlar polis əməkdaşının gözü önündə baş verib. “Yalnız bu təhdid və şiddət görüntüləri videoya çəkilib ictimailəşdirildikdən və hakimiyyət cəmiyyətin sərt təpkisi ilə üzləşdikdən sonra bu açıq-aydın xuliqanlıq əməlinə görə təhdidçini bir neçə günlük inzibati həbslə cəzalandırmaq məcburiyyətində qalıb,”- deyə DQMŞ-nin bəyanatında qeyd edilir. Bundan başqa, sənəddə deyilir ki, məhkəmə DQMŞ-nin üzvü Gültəkin Hacıbəylinin 15 yaşlı oğlunun ölkədən çıxışına icazə vermir.

“Cəmiyyətdə qorxu salmaq üçün qanlı Nardaran, Tərtər və Gəncə hadisələri ssenariləşdirilib, bu hadisələr zamanı təqsirsiz insanlar öldürülüb, yüzlərlə cinayət törətməyən insan həbs edilib. 14 Azərbaycan vətəndaşı məhkəməsiz, işgəncə altında ölənə qədər işgəncəyə məruz qoyulub,”- deyə DQMŞ-nin bəyanatında vurğulanır. “Ölkədə faşizm elementi olan zorakılıq praktikası təbliğ edilir. Hakimiyyət bir tərəfdən ictimai-siyasi instituları dağıdır, siyasi plüralizmi və söz azadlığını sıradan çıxarır, sərbəst toplaşma azadlığına qadağalar tətbiq edir, seçkiləri kütləvi şəkildə saxtalaşdırır və bu yolla sivil, demokratik siyasi mübarizə imkanlarını qapadır.

Digər tərəfdən yoxsulluq, işsizlik, səfalətə məhkum etdiyi ifrat narazı kütləni açıq şəkildə olmasa da, müxtəlif dolayı vasitələrlə kütləvi zorakılığa, qarşıdurmaya, baltalı, "armaturlu inqilaba" sürükləyir. Aydındır ki, burada məqsəd dinc, konstitusion siyasi mübarizəni gerçək alternativ kimi sıradan çıxarıb cəmiyyəti hakmiyyətin güclü olduğu zorakılıq müstəvisinə çəkmək və bununla da repressiyaların yeni dalğası üçün siyasi-hüquqi zəmin yaratmaqla cəmiyyətin etiraz ruhunu sındırmaqdır", – deyə bəyanatda bildirilir. Sənəddə qeyd olunur ki, diskriminasiya və seqreqasiya çağırışları artıq televiziya efirində də səslənir.

Bəyanatda "Real TV"nin efirində televiziya rəhbəri Mirşahinin çıxışına istinad edilir. Mirşahin deyib:

"Çağırış kimi çıxmasaydı, məsələn, çörək dükanlarına müraciət edərdim ki, satıcılarımız bu adamlara çörək satmasınlar. Sürücülərimiz bu miskin varlıqları avtobuslara minməyə qoymasınlar. Şəxsiyyət vəsiqələri rəsmən qüvvədə olsa da, onların kimliklərini gerçək hesab etməsinlər. Təcili yardım stansiyalarımız onların çağırışlarını qəbul etməsinlər. Yasa, toya buraxmasınlar. Bir sözlə, belələrini cəmiyyət bir zamanlar Çernışevskinin məruz qoyulduğu tənbeh növünə nəhkum etsin".

DQMŞ Azərbaycan cəmiyyətini və beynəlxalq ictimaiyyəti artıq dərinləşməkdə olan bu tendensiyanın ölkəmiz, bölgəmiz, Avropa və bütün dünya üçün doğura biləcəyi təhlükələrə adekvat qiymət verməyə çağırır.

"Faşizmin, siyasi zəmində ayrı-seçkilik, diskriminasiya və seqreqasiyanın bütün təzahürləri sülh, demokratiya, birgəyaşayış və tərəqqi üçün təhdiddir və bu meyillərin qarşısı dərhal və sərt bir şəkildə alınmalıdır. Azərbaycanın üzvü olduğu Avropa Şurası, tərəfdaşlıq sazişi imzalamağa hazırlaşdığı Avropa Birliyi öz məsuliyyətini dərk etməli və bu qorxunc prosesin qarşısını almaq üçün təcili və təxirəsalınmaz addımlar atmalıdır. Demokratik Qüvvələrin Milli Şurası olaraq Azərbaycan xalqını onu gözləyən daha ağır faciələrin qarşısını almaq, faşizmin irəliləyişini durdurmaq məqsədilə səfərbər olmağa və kütləvi, dinc, konstitusion mübarizəyə çağırırıq,"- deyə DQMŞ-nin bəyanatında bildirilir. (Turan İA)

Ana səhifəXəbərlər”Ölkədə faşizm elementi olan zorakılıq praktikası təbliğ edilir”