Zərdüşt Əlizadə deyir ki, Paşinyan Zəngəzur yolunu Rusiyaya vermək istəmir
Mayın 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli görüşü keçirilib.
Görüşdə hər üç ölkənin Baş nazirlərinin müavinlərinin gələn həftə bir araya gələcəkləri razılaşdırılıb.
Bunu Rusiya Prezidenti Vladimir Putin dünən İlham Əliyev və Nikol Paşinyanla görüşdə deyib.
O vurğulayıb ki, baş nazirlərin müavinləri hələ tənzimlənməmiş məsələləri həll edəcəklər:
“Mənə elə gəlir ki, bu, yaxşı razılaşmadır və indiyədək həll olunmamış məsələlərin çözülməsinə ümid yaradır”.
Putin onu da qeyd edib ki, ümumilikdə kifayət qədər çətinliklərin və problemlərin olmasına baxmayaraq, hər halda vəziyyət nizamlanma istiqamətində inkişaf edir:
“Bu istiqamətlərdən biri nəqliyyat kommunikasiyaları ilə bağlı aparılan işdir. Bax, indi biz üzbəüz üçlükdə kifayət qədər ətraflı şəkildə bu barədə danışdıq və hələ də tənzimlənməmiş məsələlər qalır. Bu barədə həm Azərbaycan, həm də Ermənistan tərəfdən olan həmkarlarla danışdıq”.
Baş nazir müavinləri nələri müzakirə edəcəklər?
“Bu məsələlər sırf texniki xarakter daşıyır və mövzunu ətraflı müzakirə etdik. Məsələ terminologiyadadır. Əlbəttə, bu terminlərin arxasında reallıqların və hadisələrin dəqiq qavranılması dayanır. Onlar müvafiq sənədlərin imzalanmasından sonra gəlir. Ancaq hər üçümüz – mən özümü, Ermənistanın Baş nazirini və Azərbaycanın Prezidentini nəzərdə tuturam, – hesab edirik ki, bunlar aradan qaldırılması mümkün olan maneələrdir. Əslində, bunlar sırf texniki məsələlərdir”, – deyə Putin fikrini tamamlayıb.
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bir həftə sonra gözlənilən görüş barədə deyib ki, konkret olaraq, keçidin qaydası və hansı prosedurların olacağı barədə danışacaqlar.
O, görüşün Moskvada keçiriləcəyini bildirib.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin isə deyib ki, Bakı və Yerevan arasında sülh müqaviləsi uzunmüddətli və dayanıqlı qərarlara söykənməlidir:
“Tərəflər onların köklü maraqlarına nəyin cavab verdiyini və öz xalqları üçün dayanıqlı və etibarlı sülhü necə təmin edəcəklərini özləri həll etməlidirlər”.
Diplomatın fikrincə, Azərbaycan və Ermənistan arasında barışığın əsasını Moskvanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmalar, ilk növbədə üçtərəfli bəyanatlar təşkil edir:
“Moskva öz missiyasını “təmas nöqtələrinin tapılmasında” və tərəfləri qane edən kompromislərin əldə olunmasında görür”.
Moskva görüşünü Meydan TV-yə şərh edən politoloq Zərdüşt Əlizadə deyib ki, Putinin təsir imkanları zəifləyir:
“Vladimir Putin danılmaz gerçəkliklə razılaşıb ki, Azərbaycan və Ermənistan barışır. Rusiya Prezidenti anlayır ki, münaqişəni davam etdirməklə Bakı və Yerevana təsir etmək mümkün olmayacaq. İkincisi, Qərb təşəbbüsü ələ alıb”.
“Rusiyaya deyildi ki, bəsdir bizi bir-birimizlə vuruşdurdun”
Onun sözlərinə görə, bir müsbət hal odur ki, Azərbaycanın və Ermənistanın mövqeləri bir-birinə yaxınlaşır:
“Faktiki olaraq, mənasız və ucuz deyişməni nəzərə almasaq, Paşinyan və Əliyev Putin qarşısında vahid mövqe sərgilədilər. Bu, bir-birinin ərazisini tanıması, delimitasiya, yolların açılması, Qarabağ erməniləri ilə danışıqların başlanılmasında özünü göstərir”.
“Gedişatın əsası Vaşinqtonda qoyuldu, Brüsseldə inkişaf etdirildi, dünən də Rusiyaya deyildi ki, bəsdir bizi bir-birimizlə vuruşdurdun. Məncə, Moskva görüşündən sonra tərəflər atəşkəsi pozmayacaq. Atəşkəsi hər iki ölkənin silahlı qüvvələrindəki casuslar poza bilər. Onları da həbs etmək lazımdır, çünki atəşkəsin pozulmasına əsas yoxdur”, – deyə Əlizadə əlavə edib.
Əlizadənin qənaətincə, indiki vəziyyətdə Rusiya nəyisə əlində saxlamağa çalışır ki, bu da Ermənistanla bağlıdır:
“Moskva Zəngəzur dəhlizinin idarəsinin Rusiyaya verilməsini istəyir. Paşinyan isə buna razı deyil və gizlətmədən dedi ki, yolların üzərində həmin dövlətin suverenliyi olmalıdır. Bunun mənası odur ki, Ermənistan Zəngəzur yolunu Rusiyaya vermək niyyətində deyil. Bütün hallarda Zəngəzur yolunun açılması ilə bağlı razılaşma müsbətdir, indi bunu dəhliz, yaxud yol adlandırmağın əhəmiyyəti yoxdur. Bizə Zəngəzur yolunun Ermənisanın səlahiyyətində olması daha yaxşıdır. Çünki kiçik Ermənistanla dil tapmaq daha asandır, nəinki böyük Rusiya ilə”.
O hesab edir ki, dünənki görüşdə üzdə deyişmə olsa da, Bakı və Yerevanın mövqeləri bir-birinə çox yaxındır:
“Hazırda hər iki dövət bir-birinin ərazi bütövlüyünü tanıyır. Nikol Paşinyan da dedi ki, bundan sonra digər məsələlər asanlaşır və sürətlənir. Məncə, delimitasiya prosesi də sürətlənəcək. İndi Dağlıq Qarabağ erməniləri ilə danışıqlar Azərbaycandan asılıdır. Bakı Konstitusiya çərçivəsində onların hüquqlarını tanısa, ölkənin imici üçün yaxşı olacaq. Harınlamış və həddən artıq varlanmış hakim zümrə ərazidə başqa xalqların da yaşadığını anlamalıdır”.
“Azərbaycanın demokratikləşməsi hazırda milli təhlükəsizlik məsələsidir. Ölkə nə qədər demokratikləşsə, o qədər dövlət təhlükəsizliyi təmin olunar. Polis nə vaxta qədər vətəndaşı döysə, seçkilər saxtalaşdırılsa, Əliyevlər ailəsi iqtisadiyyatı inhisarlaşdırsa, bu, o qədər də Azərbaycana ziyandır. Dünya kor deyil, hər şeyi görürlər”, – Əlizadə belə deyib.
Politoloq Ermənistanın keçmiş prezidentləri Köçəryan və Sarkisyanın Paşinyana qarşı kampaniyasının ciddi nəticə əldə edəcəyinə inanmır:
“Həmin adamların qanuni mübarizə potensialları zəifdir. Çünki əhali vuruşub ölmək istəmir. Bundan əlavə, Qarabağ məsələsi əhəmiyyətinə görə Ermənistan gündəmində 3-cü və ya 4-cü yerdədir. Müxalifətin yalnız terror aktı və hərbi çevriliş potensialı qalır, bu, isə Ermənistana ölümcül zərbə olardı. Çünki terrora və hərbi çevrilişə Rusiya dəstək verər, o da açıq yox, Qərb isə əleyhinə çıxacaq. Bununla da Ermənistan hazırda əlində olanı da itirəcək. Ağlı başında olanlar buna getməz”.
Brüssel və Vaşinqton görüşü
Mayın 14-də Brüsseldə Azərbaycan və Ermənistan liderləri Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə görüşüblər.
Görüşdən sonra bəyanat yayan Şarl Mişel Brüssel danışıqlardan məmnun qaldığını ifadə edib.
Bəyanatda qeyd olunur ki, liderlər Cənubi Qafqazda sülhün bərqərar olmasına hazırlığı müzakirə ediblər.
“ABŞ-da sülh müqaviləsi ilə bağlı son müsbət danışıqlardan sonra Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qəti addımların atılması üçün səylər saxlanılmalıdır”, – Şarl Mişel deyib.
Mayın 1-4 tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda görüşmüşdü.
ABŞ-ın Dövlət katibi Entoni Blinken mayın 4-də keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistanın davamlı sülh sazişi istiqamətində nəzərə çarpacaq irəliləyiş əldə etdiyini bildirmişdi.
Münaqişənin qısa xronikası
Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.
Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.