Öldürülən 23 yaşlı qadınla bağlı istintaqın ilkin qənaəti var

Foto: Azərtac

Faktla bağlı Aytac Əliyevanın ərinin görüşdüyü qadınla rəfiqəsinin saxlanıldığı bildirilir

Martın 5-də Qəbələ rayonunda, binanın blokunda doğranmış vəziyyətdə meyiti tapılan 23 yaşlı Aytac Əliyevanın qətlinin səbəblərilə bağlı istintaqın ilkin qənaəti var. Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Aytac Əliyevanı əvvəlcə oğurlayıb, Şəkidə evdə saxlamaq planlaşdılıb. Lakin sonradan plandan kənara çıxma olub.

Aytac Əliyevanı qətlinə görə artıq iki qadın cinayət məsuliyyətinə cəlb edilib. Onu öldürüb, cinayətin izini itirmək məqsədilə meyiti doğramaqda təqsirləndirilən Kemale Maksumbekovaya qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 29, 144 (adam oğurluğuna cəhd) və 170.3 (yetkinlik yaşına çatmayanı ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə) maddələrilə ittiham irəli sürülüb.

Kemale Maksumbekovanın Aytac Əliyevanın həyat yoldaşının münasibətdə olduğu qadının rəfiqəsi olduğu bildirilir.

Prokurorluğun məlumatına görə, Aytac Əliyevanın ərinin 6 ilə yaxın münasibətdə olduğu qadın – 1993-cü il təvəllüdlü Rüfanə Nəbiyeva da cinayət məsuliyyətinə cəlb edilib. İttihama əsasən, o, rəfiqəsilə birlikdə Aytac Əliyevanı oğurlamağı planlaşdırıb. Lakin sonradan rəfiqəsi plandan kənara çıxaraq, qadını qətlə yetirib.

İddia olunur ki, kişi Rüfanə Nəbiyevaya həyat yoldaşından boşanaraq, onunla evlənəcəyinə söz verib. Lakin xeyli vaxt keçsə də, sözünə əməl etməyib.

Prokurorluğun məlumatında deyilir ki, Rüfanə Nəbiyeva Aytac Əliyevanın guya ərinə xəyanət etmək məqsədilə evi tərk etməsi görüntüsü yaratmaq üçün rəfiqəsi Kemale Maksumbekova və onun 2008-ci il təvəllüdlü oğlu ilə cinayət əlaqəsinə girib. Aytac Əliyevanın yaşadığı evə gəlib onu oğurlayaraq, Şəki şəhərində yaşadıqları evə aparıb saxlamaq barədə razılığa gəliblər:

“Aytac Əliyevanın həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə oğurlanmasına cəhd edib. Daha sonra Kemale Maksumbekovanın ümumi razılaşdırılmış niyyətdən kənara çıxıb, Aytac Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib”.

Rüfanə Nəbiyeva da şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
1999-cu il təvəllüdlü Aytac Əliyevanın qətlilə bağlı istintaq araşdırmaları davam edir.

Təqsirləndirilən və şübhəli şəxs qismində saxlanılanların bu ittihamlara münasibəti, özlərini təqsirli bilib-bilmədikləri məlum deyil.
Azərbaycanda qadın qətilləri ilə bağlı rəsmi statistika açıqlanmır. “Mikroskop Media”nın yerli mediada çıxan xəbərlər əsasında hazırladığı statistikaya görə, təkcə 2021-ci ildə Azərbaycanda 160 qadın zorakılığa məruz qalıb. Onlardan 61 qadın öldürülüb, 99-u yaralanıb. İntihar edən qadınların sayı 97-dir. 73 nəfər ölüb, 24 qadın xilas edilib.
İctimai fəallar, Feminist Hərəkatının üzvləri ölkədə qadın qətllərinin siyasi olduğu qənaətindədirlər.

Ana səhifəBölgəÖldürülən 23 yaşlı qadınla bağlı istintaqın ilkin qənaəti var