Rövşən Hacıbəyli
Leninin məktubları ilə səhv salmayın
Oktyabr ayında Prezident Administrasiyasının Məktublar şöbəsi çox məhsuldar çalışıb. Əslində, məhsuldarlığın startı sentyabrdan götürülüb. Məsələn, avqustda sayta gündə 1-2, sentyabrın başlanğıcında 3-4 məktub qoyulurdusa, sentyabrın 20-də 20, 21-də 21, 22-də 37, 23-də 27… oktyabrın 16-da 31, 17-də 50, oktyabrın 23-də 37 məktub qoyulub. Bu işgüzarlıq da səbəbsiz deyil. Bu ilin oktyabrında İlham Əliyevin prezidentliyinin 20 ili tamam olub.
Ölkə əhalisi biganə qalmayıb, respublikanın müxtəlif rayonlarından yazılan bu məktubların, demək olar, hamısında prezidentin 20 illik fəaliyyətinə təriflər yağdırılıb:
“Hörmətli cənab Prezident. Sizin 20 illik fəaliyyətinizin tarixi uğurları faktlarla çox zəngindir. Vətənimizin bu günü və sabahı naminə həyata keçirdiyiniz möhtəşəm işlərlə xalqımızın dərin hörmət və məhəbbətini qazanmısınız. Son 20 il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz qanunverici qələbələr əldə edilib, Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaranıb…”.
Salyanın Sarvan kəndindən gələn bu məktub 100 nəfər sakin adından yazılıb. Mövzu və məzmun eyni olduğundan, əziz oxucular, sizi yorub başqa məktublardan sitatlar vermirik, təkcə bunu oxumaqla bütün məktubları oxumuş sayılırsız. Ümumiyyətlə, İlham Əliyevin 20 illik prezidentliyi ilə bağlı sayta qoyulan tərif məktublarında Salyan öndə gedir. Şorsulu kəndindən gələn məktub 119 nəfərin adındandır. Qızılağac kəndindən gələn məktubusa 115 nəfər yazıb. Salyanın Kürqaraqaşlı, Beştalı, Cəngan, Ərəbqardaşbəyli və Xocalı kəndlərinin sakinlərindən 100 nəfər də tərifini əsirgəməyib. Yavər Orucov və başqalarından… adlı məktub 100 nəfərin adından yazılıb. Qaraçala qəsəbəsindən isə 38 nəfərin adından. Ümumilikdə hələ başa çatmayan oktyabr ayında prezident saytında Salyandan 26 məktub var; hamısı da 20 illik yubileylə bağlı. Maraqlıdır ki, bu ayda prezidentin doğma Naxçıvanından cəmi 8 məktub yazılıb, orda da Salyandan gələn məktublardakı kütləvilik olmayıb, yəni elə cəmi 8 adam yazıb, öz adından. Görünür, Naxçıvanda başqalarının adından danışmaq ayıb sayılır…
Başqa bir maraqlı məktub Göyçaydandır, məktubu maraqlı edən onun rusca yazılması, elə bu şəkildə də sayta qoyulmasıdır. Elə çıxmasın ki, tərif məktubları təkcə Azərbaycanın müxtəlif bölgələrindən gəlir, elə deyil, oktyabr ayında dünyanın dörd bir yanından məktublar var: Almaniyadan, Avstraliyadan, Niderlanddan, Avstriyadan, İsveçdən, İtaliyadan, Birləşmiş Ərəb Əmirliklərindən, ABŞ-dan, Polşadan, Ukraynadan, Moldovadan, Rusiyadan… Yaxşı ki bu məktublar öz dilimizdə yazılıb, yoxsa saytın oxucuları çətin duruma düşəcəkdi. Yeri gəlmişkən, xaricdən gələn məktublar içərisində Niderland liderdir…
Məktub müəlliflərinin zəhmətini qəribçiliyə salmayaq, 20 ildə ölkədə çox böyük dəyişikliklər baş verib, uğurlu islahatlar aparılıb. Milli Təhlükəsizlik Nazirliyinin adı dəyişdirilərək Dövlət Təhlükəsizlik Xidməti qoyulub. Mədəniyyət Nazirliyinin adı dəyişdirilərək Mədəniyyət və Turizm Nazirliyi olub. Sonra islahatlar davam edib, mədəniyyəti turizmdən ayırıblar:
Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradıblar. Rabitə Nazirliyinin adı dəyişdirilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olub. İslahatlar dərinləşdikcə, Nəqliyyat Nazirliyini Rabitə Nazirliyi ilə birləşdirib Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıblar. İslahatlar lap dərinləşdikcə bu nazirliyin adına yenidən əl gəzdirmək gərəyi yaranıb, hələlik sonuncu adı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Çox uğurlu ad islahatı Təhsil Nazirliyində də aparılıb, elm ocağı olduğu üçün adı Elm və Təhsil Nazirliyi qoyulub…
İnkişaf hər sahədə gedib, vaxtilə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu adlı qurum indi Medianın İnkişafı Agentliyi adıyla çalışır. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası analoqsuz inkişaf sayəsində indi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi kimi çox uğurlu layihələri maliyyələşdirir. Misallar çoxdur, sadəcə sadalamaq çox vaxt aparır.
Çalışın inkişafı görün, ondan dala qalmayın…