Ökədəki etirazları kimlər təşkil edir?

Hakimiyyət bu etirazları ənənəvi addımları ilə önləyə biləcəkmi?

Source:


Hakimiyyət bu etirazları ənənəvi addımları ilə önləyə biləcəkmi?

Ölkədə mövcud olan hüquq pozmalardan, məmur özbaşınalığından, korrupsiya və rüşvətdən cana doymuş insanların narazılığı xeyli müddətdir mövcud olsa da, indiyədək bu hallara qarşı toplumun təşəbbüsü ilə hər hansı kütləvi etirazlar baş verməyib. Müxalifət bu durumun gələcəkdə daha ağır təhlükələrə yol açacağını müxtəlif vasitələrlə topluma çatdırmağa çalışsa da, xalqdan uyğun reaksiya və dəstək ala bilməyib. Yalnız müxalifət fəallarının iştirakı ilə etiraz aksiyaları təşkil etməklə bu neqativ halların ictimailəşməsinə cəhd göstərib. Geniş xalq kütlələri isə bu taleyüklü etirazlara qoşulmaq əvəzinə, daha çox seyriçi olmağa üstünlük verib.

Ümumiyyətlə, toplumda uzun müddətdir belə bir yanlış düşüncə hakimdir ki ölkədə müxalifət varsa, zaman-zaman ictimai-siyasi və sosial problemlərin üzərinə onlar getməli, həllinə nail olmalıdırlar. Demokratik fəaliyyət müstəvisi olmayan müxalifətin bu vəzifəni uğurla sonuclandırmasının mümkünsüzlüyü hər kəsə bəlli olsa da, bəzən müxalifətçilərin də əksəriyyəti bu düşüncədən imtina etmək istəmirdi. Bütün çətinliklərə, mərhumiyyətlərə, sıralarından çoxsaylı həbslər verməsinə baxmayaraq müxalifət bu missiyanı daşımaq iddiasından geri çəkilmir və toplumun siyasi yükünü sona qədər çiyinlərində saxlamaqdan usanmırdı.

Sadə insanlar isə öz üzərlərində birbaşa hiss edilməyən bütün sosial, siyasi və milli problemlərə etinasız yanaşmaqla özlərini daha təhlükəsiz hiss edirdilər. Hətta hökumətin və toplumun əksəriyyətinin “xor”undan ruhlanaraq etiraz aksiyalarını qınayan, əleyhinə açıq təbliğat aparanlar arasında özünü müxalifət adlandıran partiyalara da rast gəlmək olurdu. Müxalifət faktiki olaraq etirazların təşkilatçısı kimi həm iqtidardan ağır zərbələr alır, həm də toplumun laqeydliyindən və etinasızlığından siyasi-təşkilati zərər görürdü.

Artıq indiyədək hökm sürən sosial-siyasi durum ciddi şəkildə dəyişməyə doğru gedir. Bugünədək idarəetmədə üzləşdikləri haqsızlıqlara dözən insanların indi üzləşdikləri durumda etiraz etməkdən başqa çarəsi qalmayıb. Hüquqsuzluq və ədalətsizliyin üzərinə kütləvi işsizliyin, yoxsulluğun, bahaçılığın da əlavə olunması toplumda ümidsizlik, tərəddüd və qəzəb yaradıb. Böhrandan özünü qorumaq üçün hökumət həm atdığı addımlara, həm də toplumun marağı baxımından atmalı olduğu halda atmadığı addımlara görə xalq arasında dayaqlarını sürətlə itirir. Nəinki müxalifət, vətəndaş cəmiyyəti, müstəqil şəxslər və hətta iqtidarın aşağı və orta təbəqəsi də hökumətin yanlış qərarlar qəbul etdiyini fəal müzakirə edir. Sanki xalq kiçik qruplar şəklində kütləvi hipnozdan ayılır və nə baş verdiyini tədricən dərk etməyə başlayıb.


Etirazların təşkilatçıları ilə bağlı versiyalar

Bir-birinin ardınca baş verməkdə olan etiraz aksiyaları toplumu yüngül də olsa silkələməkdədir. Etirazların təşkili ilə bağlı müxtəlif versiyalar irəli sürülür və müzakirələr aparılır. Bu ehtimalların hər birini ardıcıllıqla qeyd edib, birlikdə analiz etməyə çalışaq:

1. Xarici faktorlar: Bu iddianın müəllifləri hesab edir ki, etirazların təşkilatçıları beynəlxalq güclərdir. Məqsəd dövləti zəiflətmək, ölkədə xaos yaratmaq, hakimiyyəti fakt qarşısında qoymaqla öz maraqlarını reallaşdırmaqdır.

2. İqtidardaxili qruplar: Bu fikirdə olanlar bildirir ki, etirazları oliqarx-məmurlar təşkil edir. Məqsəd iqtisadi-siyasi islahatları əngəlləmək, monapoliyanın davam etməsinə nail olmaq və ölkə prezidentini təzyiq altında saxlamaqdır.

3. Hakimiyyət: Bu düşüncə sahibləri sübut etməyə çalışır ki, xalq qorxu və itaətdən özbaşına belə sürətlə qurtula bilməz. Etirazları yəqin ki iqtidar özü təşkil edir. Məqsəd isə sosial narazılıqların kütləvi etirazlara çevrilməsinin qarşısını planlı şəkildə almaq, süni gərginlikdən istifadə edib güc tətbiq edərək, əhalinin gözünü qorxutmaq və kütləvi təbii etirazlardan çəkindirməkdir.

4. Müxalifət: Bu iddianın müəllifi yalnız iqtidardır. Rəsmi təbliğat tezisləri də bunun üzərində qurulub ki müxalifət sosial gərginlikdən istifadə edərək ölkədə gərginlik yaratmaq, siyasi məqsədlərinə nail olmaq və hakimiyyətə gəlmək üçün fürsət əldə etmək istəyir.

5. Xalq: Bu fikiri daha çox müstəqil və müxalif şəxslər səsləndirir. Hesab edilir ki, baş verənlər sosial problemlərin altında əziyyət çəkən, mərhumiyyətlərdən təngə gəlmiş xalqın təbii etirazlarıdır.

Bu iddiaların heç birini bəri başdan inkar və ya təsdiq etməyəcəyik. Güman edirik ki, obyektiv qənaətə gəlmək üçün ən səthi dəyərləndirmə aparmaq kifayət edəcək.


Etirazlar xaricdən təşkil edilir?

Bu etiraz aksiyalarında xarici dövlətlərin əli olduğunu iddia etmək, fikrimizcə, primitiv yanaşmadır. Bu, ya real stüasiyadan xəbərsiz olmağın, ya da fikir yayındırmağın nəticəsidir. Bəlkə də bu ehtimalı heç səsləndirib təhlil etməmək də olardı. Lakin istənilən halda bu fikirlər dövriyyəyə buraxıldığı üçün biz də üstündən sükutla keçməməyə çalışaq. Regional siyasi durumu dərindən təhlil etdikdə bir daha əmin olmaq olar ki, bu versiya tamamilə əsassızdır. İndiki halda ölkədə yaşanacaq qeyri-sabitlik dalğasının önə çıxara biləcəyi yeni ideoloji-siyasi xətt daha çox milli və demokratik təmayüllü olacaq. Bu isə antidemokratik şimal və cənub qonşularımızın heç birinin marağında deyil. Mövcud hakimiyyətin zəifləməsi və ya arzuolunmaz ideoloji-siyasi istiqamətə dəyişməsi onlara əlavə problemlər yaradar. Rusiya və İran bu məsələlərdə çox aydın siyasi iradə sərgiləyir. Onlar mövcud hakimiyyətə problem yaradacaq heç bir dağıdıcı addımlara rəvac verməyəcək. Qərb dövlətləri də indiki durumda ölkəmizdə hansısa qeyri-sabitliyin yaranmasında maraqlı deyil və bunun üçün məqsədyönlü addımlar atmır. Azərbaycan artıq qərbin təhlükəsizlik doktrinasında öncəki rola və əhəmiyyətə malik deyil. Hakimiyyətin istənilən strateji seçimi qərb üçün böyük itki sayıla bilməz. Birmənalı olaraq görünür ki, Azərbaycana təsir gücündə olan heç bir dövlət indiki məqamda belə etirazlarda maraqlı deyil. Onu da qeyd edək ki, əgər hakimiyyətin dəyişməsi real olsaydı, o zaman fərqli stüasiyanın yaranması mümkün ola bilərdi.


Etirazları iqtidardaxili qruplar təşkil edir?

İqtidardaxili qrupların da təsir imkanları və siyasi maraqlarını gerçəkləşdirmək hazırlığında olması hədsiz dərəcədə şişirdilir. Hakimiyyətin daxilində vahid siyasi iradəyə qarşı hazırlıqlı və məqsədyönlü qrup qətiyyən mövcud deyil. Bu tezislər daha çox abıvatelə hesablanıb. Hakimiyyətə yaxın çevrələr elə görüntü yaratmaq istəyirlər ki, guya problemlərin həllinə əngəl olan ciddi qüvvələr var və bu amillər hökumətin bir çox mütərəqqi addımlar atmasına imkan vermir. Əslində aydın şəkildə görünür ki, hakimiyyətin şəffaf şəkildə nə siyasi, nə iqtisadi, nə də sosial islahatlar həyata keçirmək niyyəti var. Belə olan halda hökumətin daxilindən hansı islahatlara əngəl törətməkdən danışmaq olar? Bu fikirlər hakimiyyətin müəyyən mərhələyədək özünü ümumi narazılıqdan qoruma taktikasinin bir hissəsidir. Proseslər onu göstərir ki, yaxın gələcəkdə hökumət təmsilçiləri arasında da hakimiyyətin böhrandan uğurla çıxa biləcəyinə inam tədricən sarsılacaq. O zaman belə halların açıq və gizli şəkildə təzahür edəcəyi, hətta alternativ axtarışları da istisna deyil. İndiki şəraitdə isə bu tezislər təbii etirazların mahiyyətini kölgələməklə yanaşı, həm də istiqamətini dəyişmək və hakimiyyətin əsas sütununu qorumaq üçün ortaya atılmış bir imitasiyadır.


Etirazları hakimiyyət təşkil edir?

İlk baxışda elə görünür ki, etirazların hazırlıqsız və kiçik miqyasda baş verməsində hökumət maraqlıdır. Etiraz potensialı yüksək olan ərazilərdə vaxtından öncə bir eksperment keçirilir və süni yollarla gərginlik azaldılır. Lakin bu qətiyyən belə deyil. Apardığımız monitorinqlər onu göstərir ki, etirazların baş verməsində iqtidar maraqlı ola bilməz. Hakimiyyət çox yaxşı anlayır ki, belə bir durumda cüzi etiraz imitasiyası böyük hərəkatlara təkan ola bilər. Yaşayışından narazı olan, yoxsulluq hədinə düşmüş insanlar üçün etirazlar “domino effekti” verə bilər. Etirazların konkret məsuliyyətini öz üzərinə götürən ictimai-siyasi təşkilatların olmaması da hakimiyyət üçün əlavə problemlər yarada bilər. Siyasi baxımdan üzərinə gedilə biləcək konkret hədəf olmadıqca, hakimiyyət çox sürətlə zəifləyəcək. Özü etiraz təşkil edib və nəticədə xalqla açıq qarşıdurmaya gedəcəksə, bu, hətta hakimiyyətin fəlakətli sonu ola bilər. Odur ki, heç bir halda hakimiyyət belə bir addıma risk etməzdi. Etirazlardan dərhal sonra inzibati yollarla bir neçə zəruri qida məhsullarının qiymətinin endirilməsi və rəsmi açıqlamalar hökumətin ilk dəfə geri addım atmasını göstərdi.


Etirazları müxalifət təşkil edir?

Hökumət etirazlara siyasi don geyindirməklə onu daha rahat ram edəcəyini zənn edir. Çünki buna nail olacağı təqdirdə səslənən tələbləri qulaqardına vurmaq və prosesin istiqamətini dəyişmək nisbətən asan olacaq. Odur ki, ilk olaraq bu etirazların müxalifətin adına bağlanmasına cəhd edildi. Bununla da hökumət iki məqsədə nail olmaq istəyirdi.

Birincisi, etirazlara siyasi yön verməklə narazı insanlarda qismən tərəddüd yaratmaq, etirazların yayılmasının qarşısını almaq, xüsusi üsullarla aksiyaçılara edilən müdaxiləyə haqq qazandırmaq və yerli fəal müxalifətçiləri həbs etməklə əsasən qorxu yaratmaq idi.

İkincisi isə müxalifəti siyasi hədəfdən yayındırmaq, mümkün qədər tez etirazlara sövq etmək, arzuolunmaz xaotik müstəviyə sürükləmək və yerlərdə narazı insanlar arasında sərbəst təşkilatlanmaya maksimum əngəl törətməkdən ibarət idi.

Müxalifət belə etirazlarda maraqlı olsa da, onun təşkilatçılığı kimi qeyri-müəyyən perspektivə qol qoya bilməzdi. Çünki hər kəs anlayır ki sosial narazılıqların artması siyasi proseslərə münbit müstəvi açacaq. Odur ki real müxalifət indiki durumda meydana atılmağa cəhd etməyəcək.


Mövcud durum xalqı kütləvi etirazlara sürükləyir

Etirazlarda iştirak edən hər kəs bilir ki, nə xarici və daxili qruplar, nə hakimiyyət, nə də yerli müxalifətçilər onları hansısa sosial-siyasi tələblərlə meydana çağırıb. Hər kəs öz dərdini deməyə yer axtardığı üçün kollektiv olaraq yerli icra orqanlarının qarşısına toplaşıbdır. Hətta, etirazçıların sırasında çoxsaylı sıravi YAP üzvləri də iştirak edib və tələblər irəli sürübdür. Artıq əksəriyyət anlayır ki, evində oturmaqla düşdüyü durumdan xilas ola bilməyəcək. Nəsə etməlidir və bunu təkbaşına edə bilməyəcək. Qorxu o zaman hakim olur ki, itiriləcək çox şeylə yanaşı, həm də sosial vəziyyətin düzələcəyinə, çətinliklərin bitəcəyinə ümid olsun. Bunlar heç biri yoxdursa, çətin ki, insanlar sakitləşsin. Hələ ölkədə etirazlar cücərmək mərhələsinə qədəm qoyur. Onun geniş ictimai-siyasi prosesə keçəcəyi bir müddət sonra baş verəcək. Əlbəttə, yuxarıda qeyd edilən tərəflərin hər birinin hansısa maraqları indiki mərhələdə üst-üstə düşə bilər. Lakin birmənalı olaraq deyə bilərik ki, baş verən olaylar sosial vəziyyətin ağırlığından doğan kortəbii xalq etirazlarıdır.


Müxalifətin etirazlara yanaşması

Müxalifətin olaylara yanaşması onu göstərir ki, hələlik onlar təşkilatlanmış şəkildə hökumətin qarşısına çıxmaq niyyətində deyillər. Çünki bu gün ən əlverişli mövqe müxalifətindir. Dəfələrlə xalqa çağrış edərək onu qarşılaşacağı təhlükələrdən agah etməklə yanaşı, həm də hökumətə də böhrandan çıxmaq üçün xeyli faydalı təkliflər təqdim ediblər.

Açıq siyasi tələblər irəli sürüb meydana çıxmamaqla həm hökumətə imkan verirlər ki vəziyyətdən çıxış yolu tapsın, həm də siyasətdən uzaq durmaqla qazanmağa vərdiş etmiş xalqa da imkan verirlər ki, növbəti dəfə hökumətlə problemlərini vasitəçilərsiz həll etsin. Müxalifətin bu taktikası islahatlardan qaçmaq istəyən hakimiyyətin zərərinə işləməklə yanaşı onu daha da çətin vəziyyətə yaxınlaşdırır. Hökumət yaxın vaxtlarda müxalifəti daha tez meydanlara çəkmək üçün hansısa gözlənilməz hüquqi-siyasi addımlar da ata bilər. Çünki baş verməkdə olan lokal etirazlar müxalifət üçün ən uduşlu haldır. Milli və syasi mübarizələr yuxarıdan aşağıya yayıldığı üçün qlobal liderlərini, aşağıdan başlayan sosial etirazlar isə məhəlli liderlərini ortaya çıxarır. Bu sosial etirazlar aşağıdan başladığı üçün yalnız öz məhəlli liderlərini yetişdirə bilər. Məhəlli liderlərin isə nə sosial durumu düzəltmək imkanı var, nə də hakimiyyətə qarşı mərkəzləşmiş müqaviməti təşkil etmək. Deməli qısa müddət sonra xalqın və məhəlli liderlərin üz tutacağı yeganə ünvan yenə də müxalifət olacaq. Hətta onu sevməsə, inanmasa belə başqa seçimi yoxdur. Müxalifət qlobal liderlərinə sahib olduqları üçün prosesə nəzarəti qısa müddət sonra tam ələ ala biləcəkdir. Hakimiyyət bu etirazları zorla yatırmağa davam etdikcə, müxalifətin sosial bazası da böyüyəcək. Bu paradiqmanı dəyişmək mümkün deyil.


Hakimiyyətin addımları effekt verəcəkmi?

Ölkədə ciddi sosial böhranın baş verəcəyi xeyli öncədən məlum idi. Bu barədə iqtisadçılar və siyasətçilər tərəfindən hökumətə tədbir görmək üçün xeyli çağırışlar edilmişdi. Belə bir güman var idi ki hökumət ciddi böhran təhlükəsini görürüb, qarşısını almaq üçün müəyyən siyasi addımlar atacaq. Lakin məsələyə peşəkar yanaşılmadı və fürsətlərin çoxu qaçırıldı. Nardaran əməliyyatından sonra hökumətin cəmiyyətlə necə rəftar edəcəyi dəqiq görünməyə başlamışdı. Hökumət vaxtilə İsmayıllıda və Qubada uğurla yatırılmış etirazlarla indiki etirazların çox fərqli mahiyyət kəsb etdiyini unutmamalıdır. O zaman əhalinin təhqir edilməsi kimi ictimai-psixoloji amillər səbəb idisə, indiki etirazlar aclıq və yoxsulluğun nəticəsidir. Hətta Nardaranda da səbəblər dini-siyasi tezislərlə pərdələndiyi üçün onun miqyası genişlənmədi. Son etirazların mahiyyəti isə çox fərqlidir. İnsanlar evlərində üzləşdiyi yoxsulluqdan, aclıqdan, işsizlikdən, pulsuzluqdan, güzəranın ağırlığından evdən baş götürüb çıxır. Onları qınamaq, əzmək, döymək, tutmaqla problemləri həll etmək mümkün olmayacaq. Hər kəs görür ki, onun qonşusu, qohumu, dostu ağır sosial vəziyyətini yerli idarəçilərə çatdırmaq üçün küçələrə çıxdığına görə təyziqlərə tuş gəlib.

Etirazların mahiyyəti sosial xarakterlidir. Səbəblər ortadan qalxmadıqca, bu etirazların qarşısını almaq daha da çətinləşəcək. Dünya təcrübəsi göstərir ki, belə etirazları güc yolu ilə önləmək çox çətindir. Siyasi, milli etirazlar mərkəzdən bölgələrə yayılırsa, sosial etirazlar yerlərdən mərkəzə doğru istiqamət götürür. Həm də məhəlli etirazlar antidemokratik hakimiyyətlər üçün ən arzuolunmaz dilemmadır. Ona heç bir halda fərqli don geyindirmək və susdurmaq mümkün olmur. Çünki çarəsizlikdən meydana çıxan bu insanlar niyə belə addım atdıqlarını hər kəsdən daha yaxşı bilirlər. Onları hansısa televiziya təbliğatı ilə ovundurmaq mümkünsüzdür. Hökumət proseslərin hansı istiqamətə getdiyini anlamalı və yubanmadan siyasi islahatlara başlamalıdır.

Ana səhifəXəbərlərÖkədəki etirazları kimlər təşkil edir?