Oğurluqda təqsirləndirilən hərbçilərin məhkəməsi başlayıb

“Müstəntiqdən canımı qurtarmaq üçün ifadəni imzaladım”

Source:
Məhkəmə, arxiv foto
Məhkəmə, arxiv foto
Məhkəmə, arxiv foto
Məhkəmə, arxiv foto


“Müstəntiqdən canımı qurtarmaq üçün ifadəni imzaladım”

Avqustun 18-də Bakı Hərbi Məhkəməsində hərbi hissədən oğurluq etməkdə təqsirləndirilən hərbiçilərin məhkəmə iclası başlayıb.

Meydan TV-nin məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. İttiham kürsüsündə əyləşənlər Müdafiə Nazirliyinin Qaradağda yerləşən “N” saylı hərbi hissəsinin hərbiçiləri Nurlan Abışov, Ram Həsənov və müddətdən artıq hərbi xidmət edən (MAXE) Qəzənfər Rzayevdir.

İclasda məhkəmə istintaqının başlanması barədə qərar qəbul edilib. Dövlət ittihamçısı ittiham aktını elan edilib. İttihama görə, onlar özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olublar. 30 dekabr 2016-cı ildə həmin şəxslər hərbi hissənin ərazisində olan, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin balansındakı transformatorun içindən əlvan metalları (96 kq alüminium və 24 kq mis) və elektrik lövhə ilə kabellərin içərisindəki əlvan metalları sökərək satıblar. İstintaq araşdırması zamanı onların oğurladıqları metalların dəyəri 328 manat məbləğində qiymətləndirilib. Həmin şəxslər metalları Müşfiqabad qəsəbəsində naməlum şəxsə 36 manata sataraq aralarında bölüblər.

Hər üç şəxs istintaq dövründə dəymiş ziyanı ödəyiblər. Onların barəsində həbs-qətimkan tədbiri seçilməyib.

İclasda təqsirləndirilən şəxslər də ifadə veriblər. Nurlan Abışov bildirib ki, özünü təqsirli bilir: “Bayram vaxtı idi. Metalları söküb çantalara yığdıq, sonra aparıb satdıq. Həmin yarımtikili köhnə hərbi hissənin ərazisində idi. Oranı söküb yeni hərbi hissə tikirdilər. İstintaq vaxtı hərəmiz dəymiş ziyana görə 113 manat ödəmişik”.

Qəzənfər Rzayev də özünü təqsirli bilib. Bildirib ki, onlar metalları sökəndə gizir Süleymanov onları görüb və irad tutub: “Dedi ki, problem olar. Lakin biz metalları sökdük”.

1986-cı il təvəllüdlü təqsirləndirilən şəxs Ram Həsənov isə deyib ki, istintaq zamanı müstəntiq ona təzyiq edib və ifadəsini oxumadan imzalayıb. O, dindirmədə vəkilin iştirak etmədiyini, müstəntiqdən canını qurtarmaq üçün ifadəni imzaladığını deyib. Bildirib ki, ifadəsinin bir hissəsini təsdiq etmir. Belə ki, o, dostu Nurlan Abışovun ona zəng edərək görüşmək istədiyini, o da görüşmək üçün onların yanına getdiyini, onlara kömək etdiyini, orada olarkən onlara heç kinin irad tutmadığını deyib. Bildirib ki, ona pul verilməyib.

Onun dediklərini təqsirləndirilən Nurlan Abışov da təsdiq edib. Bildirib ki, 36 manatın 12 manatını Qəzənfər Rzayevə verib. Q.Rzayev onlardan ayrılandan sonra o, Ram Həsənovla birlikdə 20 Yanvar deyilən əraziyə gəlib yemək yeyib, çay içiblər. Pulu da özü verib. Ram Həsənov evə gedəndə isə onun əvəzindən taksiyə pul verib. Bildirib ki, dönər yeyiblər və təxmini 10 manat xərci çıxıb.

Daha sonra R. Həsənovun istintaq zamanı verdiyi ifadəsi elan edilib. Həmin ifadədə qeyd edilib ki, onlar metalları sökdükdən sonra kisələrə yığıb, yaxınlıqdakı dərədə gizlədiblər. Sonra hərbi hissənin yaxınlığında taksi tutub yolda gizlətdikləri yerdə maşını saxlatdırıb metalları götürüb, aparıb satıblar. Bundan sonra şəhərə gəlib Nurlanla birlikdə yemək yeyib və evə gedib.

Hakim deyib ki, iş materiallarından görünür ki, dindirmədə vəkil iştirak edib və vəkilin imzası var. R.Həsənov isə vəkilin dindirmədə olmadığını deyib. Hakim ondan törətdikləri əməlin oğurluq olduğunu bilib-bilməsini soruşub. R.Həsənov deyib ki, oğurluq olduğunu bilib və özünü təqsirli bilir, lakin müstəntiq onun ifadəsində təhrifə yol verib.

Proses davam edəcək.

Ana səhifəXəbərlərOğurluqda təqsirləndirilən hərbçilərin məhkəməsi başlayıb