İqtisadçı: ”Azərbaycanda müqayisə üçün açıq mənbələrdə belə göstərici yoxdur”
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının açıqladığı son hesabatlardan birində deyilir ki, əhalinin orta ömür uzunluğunun artımına müxtəlif amillər təsir göstərir. Beləliklə, varlıların 80, kasıbların isə 59 faizi özlərini sağlam hesab edir.
İqtisadçı Rövşən Ağayevin sözlərinə görə, burada ilk yerdə səhiyyə xərclərinin səviyyəsi gəlir. Məsələn, OECD ölkələri üzrə araşdırma göstərib ki, adambaşına səhiyyə xərclərinin hər 10 faiz artımı orta ömür uzunluğunu 3.6 ay uzadır:
“1970-2015-ci illərdə OECD üzrə orta hesabla ömür uzunluğu göstəricisi 12 ilə yaxın artıb. Bəzi ölkələrdə daha yüksək olub. Məsələn, Cənubi Koreyada 19 ilə yaxındır. Alıcılıq Qabiliyyəti Pariteti ilə OECD üzrə adambaşına illik səhiyyə xərci son 25 ildə 1600 dollardan 3500 dollara qədər yüksəlib”.
İqtisadçı müqayisə edir. Deyir ki, Dünya Bankının son tədqiqatlarından çıxış edildikdə, Azərbaycanda əhalinin şəxsi büdcəsindən sağlamlığına çəkdiyi xərclərin adambaşına nominal məbləği 200, alıcılıq qabliyyəti pariteti ilə 450 dollara yaxındır. Bu, inkişaf etmiş ölkələrə nisbətən az qala 9 dəfə azdır:
“Digər təsiredici amillər siqaret və alkoqollu içkilərdən imtina, hava çirkliliyinin və təhsilin səviyyəsidir. Məsələn, OECD-in ən inişaf etmiş 25 ölkəsi üzrə 30 yaşında əhalinin hazırkı gözlənilən ömür uzunluğu göstəricisi orta təhsilli kişilərə nisəbətən ali təhsilli kişilərdə 7.1 il, qadınlarda isə 4.2 il yüksəkdir. Estoniyada bu fərq daha çoxdur – 8.7 il”.
İqtisadçı deyir ki, çox heyf Azərbaycanda müqayisə üçün açıq mənbələrdə belə göstərici yoxdur. Ən maraqlısı, zənginlər özlərini daha sağlam və gümrah hiss edir:
“Aparılan sorğunun nəticəsi göstərir ki, OECD üzrə ən yüksək gəlirli 20 faizə aid olanların təxminən 80 faizi, ən yoxsul 20 faizə aid olanların isə 59 faizi özünü sağlam hesab edir”.