”Ödənişli təhsil alanlar əlavə 48 milyon ödəməli olacaqlar”

“2017-ci ildə ödənişli təhsil alanların cibindən əlavə 48 milyon da çıxacaq”, – bunu noyabrın 18-də Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu Milli Məclisdə təqdim olunan büdcə hesabatı ilə bağlı keçirdiyi tədbirdə deyib:

“Nəzərə alsaq, son vaxtlar xüsusilə ödənişli təhsildə daxilolmalarda problemlər var. Ölkədə kreditləşdirmə mexanizminin olmadığı, təhsil kreditlərinin işləmədiyi zamanda öz övladlarını ali məktəblərdə oxudan valideynlərin üzərinə növbəti ildə 48 milyon əlavə xərc yükləmək, təbii ki, o qədər də arzuolunan deyil”.

Qubad İbadoğlu vurğulayıb ki, 2004-cü ildən 2016-cı ilədək regionların inkişafına 39 milyard manat xərclənib. Amma bu il bütün pespublikatabeli şəhərlər öz xərclərini maliyyələşdirməli olacaq.

“Bundan əlavə, siyahıdakı şəhərlər də dövlət büdcəsindən dotasiya almayacaq. Və təbii ki, rayonlarda, regionlarda yeni bir maliyyə iqtisadi mühiti formalaşacaq. Hesab edirəm ki, bu da son nəticədə 2017-ci il dövlət büdcəsinin risk parametlərindən hesab oluna bilər. Dotasiya alacaq rayonlarda onların dotasiyası nəyin əsasında formalaşdırılacaq? Hansı meyarlarla bir rayonu azad edib, digərinə dotasiya verirlər? Çox təəssüflər olsun ki, bu barədə də geniş məlumat əldə etmək mümkün deyil. Çünki bu qərarların hamısı bağlı qapılar arxasında verilir. Mənə elə gəlir ki, burada hər bir regionun və onunla bağlı şəxslərin subyektiv təsirləri də əhəmiyyətli rol oynayır”.

İqtisadçı Qubad İbadoğlu təqdim etdiyi təkliflər paketində cari xərclərin azaldılmasını vurğulayıb. Xüsusilə xaricdən gələn qonaqlar üçün ayrılan xərclərdən danışıb:

“Xaricdən gələnlər üçün dəftərxana ləvazimatları ayırıblar. Bilmirəm bunlar xaricdən gələnlər üçün papkamı, qələmmi alırlar? Məlum olur ki, nümayəndə heyətinin rəhbəri üçün 60 manata qədər, heyətin üzvləri üçün 30 manata qədər vəsait ayrılıb”.

Tədbirdə çıxış edən “Turan” İA-nın rəhbəri Mehman Əliyev yaranmış böhranın söz azadlığının darmadağın olmasından irəli gəldiyini deyib. O, İlham Əliyevin Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçıları ilə görüşdə səsləndirdiyi fikirlərə də münasibət bildirib:

“Burada dırnaqarası aparıcı medianın nümayəndələri varmı? Hansı ki, büdcədən qeyri-rəsmi olaraq pullar alırlar. Yoxdular. O, nə deməkdir? O deməkdir ki, hamısına qadağa ediblər ki, burada olsunlar və bunu işıqlandırsınlar. Birbaşa Azərbaycan mediası hakimiyyət tərəfindən idarə olunur, istiqamətləndirilir. Əsas funksiyalarını- ictimaiyyəti məlumatlandırmağı yerinə yetirə bilmirlər. Əgər bunlar burada yoxdursa, biz hansı büdcədən danışa bilərik? Və dekabrın 5-də, 10-da hansı büdcə çıxarıla bilər ortalığa? Büdcənin qəbul olunmasının 3 əsas mərhələsi var: Təkliflər mərhələsi, müzakirələr mərhələsi və nəzarət mərhələsi. Heç biri yoxdur Azərbaycanda. Bu vaxta qədər olmayıb və hakimiyyət onu göstərmək istəyir ki, bundan sonra da olmayacaq”.

Ana səhifəVideo”Ödənişli təhsil alanlar əlavə 48 milyon ödəməli olacaqlar”