O məlum qəzaya qədər…

Bunun hesabını kim verəcək?

Source:


Hələ uşaq idik. Orta məktəbdə oxuyurduq. O zamanlar həyatın qayğılarından, problemlərindən uzaq idik. Günlərimiz məkətəbə gedib-gəlməklə keçirdi. Dərs deyən müəllimlər tez-tez uşaqlara deyərdilər ki, bu günlərin qədrini bilin. Vaxt gələcək, qayğılar başınızı elə qatacaq ki, bu günləri çox özləyəcəksiniz. Onda bu sözlərin fərqinə varmırdıq. Biz də bütün uşaqlar kimi, tez böyüyüb gənc olmaq, onlar kimi davranmaq, yaşamaq istəyirdik.  Nə biləydik ki, görəcək günlərimiz hələ qabaqdadır.

Nərgizlə uşaqlıqdan eyni ruhda böyümüşük. Zövqlərimiz, istəklərimiz mövqeyimiz, hadisələrə yanaşmamız çox zaman üst-üstə düşürdü. Ona görə həmişə bir-birimizə arxayın idik. Birimiz olmayanda, əmin idik ki, o birimiz doğru qərar verəcək. Bizə bu xüsusiyyətlər ən çox atadan keçib. “Biz” deyərkən Nərgizlə özümü nəzərdə tuturam. Çünki ikimiz “biz” də cəmləşirdi və həmişə bir-birimizi tamamlayırdıq.

Məktəbdə ədəbiyyat fənnində repressiya dövrünün qurbanlarından olan Hüseyn Cavidi, Mikayıl Müşfiqi, Əhməd Cavadı öyrənərkən onların çəkdikləri cəfalara həsəd aparırdıq. Onlar haqda başqa ədəbiyyatlardan ətraflı məlumatlar əldə etdikcə, daha çox onlara heyran olurduq. Düşünürdük ki, insan bu qədər iztirablara dözmək üçün nə qədər güclü olmalıdır və biz o gücü onlarda görürdük. Niyə onların etdiklərini etmirik deyə özümüzə sual edirdik. Çünki biz də onlar kimi güclü olmaq istəyirdik.

Heç vaxt tipik azəri qızı olmaq istəməmişik. Məktəb, universitet, daha sonra isə ailə həyatı quraraq məişət həyatı yaşamaqla ömrünü başa vurmaq. Bu heç vaxt bizim həyata yanaşmamız olmayıb. Düşünürdük ki, insan dünyaya bir dəfə gəlirsə, bu dünyadan gedəndə də özündən sonra bir iz qoymalıdır. Tarixdə adı qalmalıdır. Ancaq bu hansı sahə üzərində olacağını bilmirdik Mənasız bir həyat yaşamaqdansa, şərəfli və fəxr ediləsi bir həyatı üstün tutmuşuq. Siyasi fəaliyyətə başlayanda isə heç ağlımıza gəlməzdi ki, biz fəaliyyətimizdə bu qədər irəliləyəcəyik.

Bizlər də sadə Azərbaycan vətəndaşı kimi, bir təhər dolanırdıq. Valideynlərimiz  nə qədər çətin olsa da, həmişə bizim yaxşı yaşamağımız üçün çalışıblar və əllərindən gələni ediblər.

Həyatımız 3 il əvvələ qədər öz axarında davam edirdi. Ta ki, mən o məlum qəzaya düşənə qədər. Sanki ondan sonra ailəmizin başı üzərində qara buludlar dolaşmağa başladı və bir türlü də səngimək bilmədi. Mən həbsdə olduğuma görə heç vaxt peşman olmamışam. Cəzamı çəkdiyim üçün, ən azından, vicdanım rahatdır. Ancaq Tofiq Yaqublunun həbsinə isə eyni cür yanaşa bilmirəm. Günahsız yerə həbs etmək azmış kimi, hakimiyyətin yaratdığı bu çətinliklər üzündən ailəmizin çəkmədiyi bəlalar qalmadı. Bəli, Tofiq Yaqublu həbs olunmasaydı, nə ana ilə Nərgiz  Gəncə, Şəki yollarında qalacaqdı, nə də ki, məhkəmə dönüşü İsmayıllı yolunda qəzaya düşəcəkdilər. Qəza olsa da, can itkisi olmadığına görə çox sevinirdim. Düzdür, mənim üçün çox çətin dönəmlər idi. Ata yanımda yox, ana, bacı yaralı, qardaş isə balaca. Ailənin bütün məsuliyyəti və yükü yenə mənim üzərimə düşmüşdü. Amma onun öhdəsindən də gəldik. Bu da keçər, deyirdim. Bu olub-bitənlərə müvəqqəti çətinlik kimi baxırdım.

Bu 3 ildə ailədə hər kəs sanki birdən – birə olqunlaşdı, daha da böyüdü. Hər kəsin həyata baxışı dəyişmişdi. Rəhim yaşca bizdən çox balaca olsa da, o da artıq olduğundan çox böyümüşdü.  Keçən illər  ərzində ailədə hər kəs demək olar ki, bir-birinə həsrət qaldı. Evdə kiminsə əksikliyi hər zaman hiss olundu. Birimiz  azad olunanda, birimiz həbsdə olduq. Bizi ancaq bir ümid yaşadırdı. Nə vaxtsa ailə tablomuz tamamlanacaq və biz yenə bir arada olacağıq.

Söz vaxtına çəkər, deyiblər. Keçən ilin bu günlərində Nərgizin elçilik gününü müəyyənləşdirirdik. Görünüb, elçiliyə qız evinə gələrlər. Bizdə isə tərsinə oldu. Elçiliyə həbsxanaya getdilər. Ata demokrat adam olduğundan, qərarı gənclərin öhdəsinə vermişdi. Ona isə gənclərin qərarı ilə razılaşmaq qaldığını bildirdi. Avqust ayının 5-də Nərgizin nişanı oldu. Onda necə də xoşbəxt idik.Baxmayaraq ki,  bir yanımız yenə də əksik idi, yenə də birimizə həsrət qalmışdıq, yenə də atamız yanımızda yox idi.

Nərgiz Bakıdan gedəndə çox sevindik ki, heç olmasa o rahat yaşayacaq. Nənəm isə demişdi ki, “heç olmasa mitinq olanda birinizdən rahat olacam. Polis birinizi tutmayacaq”.

Nəhayət, vaxt-vədə Nərgizin toyuna gəldi. Bu dəfə də bir-birimizə həsrət qaldıq. Ata həbsdə olduğu üçün, mənsə ölkədən çıxışıma qadağa olduğu üçün, Nərgizin toyuna gedə bilmədik. Halbuki, Nərgiz necə istəyirdi orada olaq. Bir  ata və bacı olaraq doğal haqqımız idi Nərgizin sevincinə şərik olmaq. Onun toyunu görə bilməsək də təki Nərgiz xoşbəxt olsun, deyib, buna da dözdük.

Aprel ayının 12-i idi Nərgizin xəstə olduğunu eşidəndə… Həmin günü atayla görüşdən gəlmişdik. Düşünmürdüm ki, durumu bu qədər ciddidir. O qədər inanırdım ki, sağalacağına. Bu  inam aprelin 23-nə kimi o qədər çox idi ki…

Arada keçən 10 gün necə ağrılı və çətin idi. Gözüm telefonda qalmışdı ki, indicə bir xoş xəbər gələcək. Bi yandan da ata durumu bilmir. Hər gün ev telefonuna zəng gələndə, qorxurdum. Ataya ne deyim, durumu necə izah edim? Hansı gün zəng etmirdisə, sevinirdim. ən azından gün qazanmış olurdum. Bəlkə Nərgiz yaxşı olacaq sabah deyə, ataya yaxşı xəbər çatdırmaq istəyirdim. Ancaq bir ata olaraq durumu bilmək onun haqqı idi. Yüngülvari sarılıq deyib, aldatmışdı. Mən nə biləydim ki,  özüm də onun durumundayam…

Bu 3 ildə çəkdiyimiz əzablar, iztirablar, problemlər, həbsxanalar, məhkəmələr, qayğılar sanki heç nə imiş. Yenə onun son günlərində nə mən, nə ata yanında ola bildik. Bu dəfə də Nərgizim yalnız qaldı. Bunun hesabını kim verəcək? Bizə yaşatdığınız bu qədər  ezabların, iztirabların hesabını kim verəcək? Məhv etdiyiniz həyatımızın hesabını kim verəcək?

Amma Nərgiz üçün bizim evə toplaşan, bizi bu acılı günlərimizdə tək qoymayan və dərdimizə şərik çıxan  insanlar göstərdi ki, Nərgiz bu qısacıq həyatında tarixdə bir iz qoydu. Yaqublular  ailəsinin  bu itkisi sanki tək bizim yox, bütün elin oldu. Bu acını bizimlə bərabər yaşayan insanlar Nərgizi bir dəyər olaraq andılar.  Bütün bunlara görə hər kəsə təşəkkür  edirəm.


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəO məlum qəzaya qədər…