O gün yazılan məktub

Bir gecə gizlicə Arazı adlayar, bizi burda görməz…

Source:



“Oğlum, əziz balam! Mən düz altmış ildir ki, ata yolu gözləyirəm. Hər dəfə yolum Arazın yanından düşəndə, işimi-gücümü buraxıb, oturub saatlarla o taya, İrana baxıram. Arazın o tayı atam deməkdi, ağlım kəsəndən bəri çəkdiyim ata həsrətinin bitməyi deməkdi. Atamın, sənin babanın sağ olub-olmadığını bilmirəm, amma elə bilirəm ki, mən ayağımı Arazın o tayına qoyan kimi, yarım əsrdən çox çəkən bu həsrət qurtaracaq.

Oğlum, sən ki, bilirsən, elə sənin, bacılarının, qardaşlarının – hamınızın ağlınız kəsəndən mənim bu niskilimi, ata həsrətimi görmüsünüz, sinəmdəki ata dağını siz ki, məndən yaxşı bilirsiniz. Mənim bütün uşaqlığım, cavanlığım, ahıllığım burda, bu kənddə, Arazın yanında keçdi. Bircə gün harasa gedəndə, tələm-tələsik geri qayıdırdım, ürəyim geri, bura atlanırdı, qorxurdum, oğul, qorxurdum ki, baban bir gün, bir gecə Arazı gizlincə adlayar, bu yana keçər, oğlunu axtarar, tapmaz. Qorxurdum ki, baban onu gözləmədiyimizi düşünüb, küsər, geri qayıdar…

İndi söhbət gəzir ki, Rusiya ilə də ara bağlanacaq, araya sərhəd qoyulacaq, o taydakılar orda, bu taydakılar burda qalacaq. Qorxuram, oğul, qorxuram ki, belə ola, səni, nəvələrimi bir də görmərəm. Mənə yazığın gəlsin. Altmış idir ata yolu gözləyirdim, bundan sonra da oğul yolu gözləmək mənə ağır olar. Qayıt, oğul, yalvarıram, qayıt. Deyirlər, indi İranla sərhədləri götürəcəklər, o taya yol açılacaq. İndi ürəyimdə bir ümid var ki, bəlkə ara açılar, bəlkə gedib babanı taparam. Nə olar, qoy bu sevinci gözüm dolusu yaşayım, indi də ürəyimin yarısı sənin yanında qalmasın…”

Atam məktubu oxuyub, bütün gecə ağladı.

Babamın atası ötən əsrin otuz yeddinci illərində təqib olunan ruhanilərdən olub. Gecə həbs olunacağından xəbər tutub, hamilə arvadı, iki qızı ilə sağollaşıb, qaranıq düşəndə Arazı üzüb, o taya keçmişdi və bir daha qayıtmamışdı. O gedəndən 6 ay sonra babam Fazil doğulmuşdu. Babam ağlı kəsəndən anasından atasının harada olduğunu hər soruşanda, anası barmağını kəndin yanından axan Araz çayına, çayın o tərəfindəki yaşıl dağlara tuşlayıb, İranı göstərirmiş.

Babam üçün Araz böyük bir niskilin, həsrətin simvolu idi. Onun bütün həyatı Arazın o tayına ümidlə baxmaqla keçmişdi. Babamın ata həsrəti, ata niskili əvvəl səkkiz uşağının, sonra otuza yaxın nəvəsinin ortaq bir ailə tarixçəsinə, bir yerə yığışanda hamını birləşdirən, eyni anda həm şirin, həm də ağrılı bir mövzuya, ailə çapında bir dəyərə çevrilmişdi. Atam, bibilərim, əmilərim “babamın qərib canı haqqı” deyirdilərsə, bu anda inanmamaq olmazdı. Babamızın qərib canı müqəddəs idi. Ona yalandan and içmək mümkün deyildi.

Buna görə də, indi, məktubu ucadan oxuyanda, atamqarışıq hamı başa düşdü ki, daha burada, Rusiyanın “allahın yadından çıxmış” bu Amurunda qalmağımız mümkün deyil. İndi geri qayıtmaq bizim hamımızın mənəvi borcu idi. Özü də elə borc ki, onu ödəməmək olmazdı.

1990-cı il, yanvar ayının sonu idi. On gün əvvəl, yaşadığımız yerdən neçə min kilometr uzaqda baş vermiş qanlı hadisə, hadisədən çıxarılan nəticələr bizim burada, şaxtalı Amur çöllərində qalmağımızı mümkünsüz etmişdi.

Atam səhəri gün iş yerinə getdi, ərizəsini yazıb işdən çıxdı, bir həftə ərzində mühasibatla haqq-hesab çəkdi, evi təhvil verdik, əşyalarımızı yığdıq və Azərbaycana qayıtdıq.

Sovet rejimi çökdü. Babam iki ildən sonra İrana getdi. Atasının məzarını, atabir bacısını, bacısı uşaqlarını tapdı. Onduz da sayı qarışqa yuvasını xatıraladan tayfamız bir az da genişləndi. Cəmi bir il sonra biz qaçqın düşdük. Evimizi, kəndimizi itirdik, doğmalarımızdan yenə uzaq düşdük.

İndi mən Tiflisdə oturduğum evdə, bunları yazarkən fərqinə varıram ki, bir əsrə yaxındır, ailəmizin taleyi birbaşa rejimlərə, hakimiyyətə, çaxnaşmalara bağlıdır. Rusiyada çar dövrünün bitməsi ulu babamın həyatını dəyişdi və ailəmizi ayırdı. Sovetlərin çöküşü bizi Rusiyadan Azərbaycana qaytardı. İranla sərhədlərin açılması ailəmizi birləşdirdi.

İndisə mən yad bir ölkədə oturmuşam və ailəm yenə babamın yaşadığı niskili, həsrəti yaşayır.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəO gün yazılan məktub