Milli Məclis mülki və inzibati məhkəmə proseslərində nümayəndələrin iştirakına qadağa qoyulmasını müzakirə edəcək
Parlament Azərbaycan məhkəmələrində nümayəndəlik institutunun ləğvini nəzərdə tutan qanun layihəsini yenidən müzakirəyə çıxarıb.
Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin keçirdiyi iclasa media buraxılmayıb. İclasda dəyişiklik layihəsinin Milli Məclisin oktyabrın 31-də keçiriləcək plenar iclasına tövsiyə olunması təklif edilib.
Təklif qəbul olunarsa, qanun layihəsinin bu ilin dekabrında qüvvəyə minəcəyi gözlənilir.
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələrinə dəyişiklik layihəsi oktyabrın 20-də keçirilən plenar iclasının gündəliyindən çıxarılmışdı. Spiker Oqtay Əsədov buna əsas kimi qanun layihələrinin hazırlanmasındakı çatışmazlıqları göstərmişdi.
Sözügedən qanunvericilik aktlarına dəyişikliklərdə mülki və inzibati məhkəmə proseslərində nümayəndələrin iştirakına qadağa qoyulması, bu prosesdə yalnız Vəkillər Kollegiyanın üzvlərinin iştirakı təklif olunur. Layihə Ali Məhkəmənin sədri tərəfindən oktyabrın 6-da təqdim edilib.
Təklif cəmiyyətdə narazılıqla qarşılanıb və bildirilib ki, nümayəndəlik institutunun ləğv edilməsi vətəndaşların hüquqlarının müdafiəsi sahəsində ciddi problemlərə yol açacaq. Qeyd edilib ki, ölkədə vəkillərin sayı 1000 nəfərə çatmadığından, nümayəndəlik institutu olmadan vətəndaşların məhkəmələrdəki işlərində böyük çatışmazlıqlar yaranacaq.