Fuad Tağızadə: “Əvvəl stansiyaların içərisi, kassa zalları və digərləri açılmalıdır, sonra da mərhələ-mərhələ keçidlər açılacaq”.
“Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Fuad Tağızadə metro keçidlərində ticarət köşklərinin birmənalı olaraq yığışdırılacağnı söyləyib. Bu barədə APA-ya açıqlama verən səhmdar Cəmiyyətin baş mühəndisi deyib ki, metro sərnişindaşıma üçündür, ticarət üçün deyil: “Tələb də budur ki, belə xaos olmasın”. O, rekonstruksiyadan sonra “28 May” metro stansiyasında heç bir ticarət köşkü olmayacağını da deyib: “Metro stansiyalarının giriş və çıxışlarında müəyyən avtomatik cihazlar vasitəsilə servis xidmətləri göstərilə bilər. Qalan ticarət köşkləri olmayacaq. Günün tələbi belədir ki, ticarət köşkləri olmamalıdır”. Ticarət köşklərinin nə vaxtdan yığışdırılacağına gəlincə, baş mühəndis bildirib ki, Novruz Bayramdan sonra metro keçidlərindəki ticarət köşklərinin hamısı mərhələ-mərhələ yığışdırılacaq: “Bayram ərəfəsində heç kimi narahat etmək istəmirik. Bayram günlərindən sonra ticarət köşklərinin yığışdırılmasına başlanacaq. Əvvəl stansiyaların içərisi, kassa zalları və digərləri açılmalıdır. Sonra da mərhələ-mərhələ keçidlər açılacaq. Xəbərdarlıq edilib, bilirlər. Gələcəkdə, 3-5 ilə nə olar, bəlkə fərqli şeylər ola bilər, bu, fərqli məsələdir. Hazırda metroda ticarət köşklərinə icazə verilmir, o yerləri boşaltmalıyıq”. Fuad Tağızadə əlavə edib ki, ticarət köşklərində çalışan şəxslərlə bağlanan icarə müqavilələrinin vaxtı
bitib.
Nəzəzrə alın ki, müqavilələr fevral ayı üçün bağlanmışdı. Baş mühəndis agentliyin “Bəs niyə indiyədək metro stansiyalarında, yeraltı keçidlərdə ticarət köşkləri olub?” sualına belə cavab verib: “1988-1989-cu illərdə Moskva, Leninqrad və digər şəhərlərdəki metro stansiyalarında ticarət köşkləri qoyulmağa başlanmışdı, ilk rüşeymlər yaranmışdı. İndi bəziləri bunu sivil formada təşkil edib, Bakı Metropolitenində isə xaos vəziyyəti yaranıb. Pilləkənlərin üzərində ticarətlə məşğul olmaq olmaz. Sərnişin rahat keçməlidir. İlk növbədə mədəni xidməti yüksəltməli, sərnişinə komfort yaratmalıyıq. Bu nöqteyi-nəzərdən də ticarət köşkləri yığışdırılır”.