“ABŞ, Qərb nümayəndələri münaqişənin həlli ilə bağlı beynəlxalq hüququ qabartmırlar”
“Görün, müsəlman dövlətlərinin başına hansı hadisələr gəlir?.. Ona görə də 2015-ci ili Dağlıq Qarabağ münaqişəsi üçün itirilmiş saymaq olmaz”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
O, bildirib ki, Ermənistan çökməkdədir və arxalandığı divarlar da çürüyə-çürüyə gedir: “Ermənistan Dağlıq Qarabağı öz gücünə saxlamır ki. İmkan olsa, 3 aya bu məsələyə nöqtə qoymaq olar”.
N. Məmmədov qeyd edib ki, Azərbaycanın yerləşdiyi bölgə Balkanlardan sonra ən həssas regiondur: “Gələcəkdə də ən həssas regionlardan biri Orta Asiya olacaq. Azərbaycanın maraqlarını qorumaq qeyri-adi bacarıq və qüdrətə malik olan siyasi xadimin işidir. Bunu Heydər Əliyev bacarıb və bu siyasət prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycanı bir çox dövlətlərin başçılarının qısqandığını eşitmişəm. Hətta İsveçrə nümayəndələrindən eşitmişəm ki, Azərbaycan belə getsə, İsveçrəni ötəcək. Qarabağ da bizimdir və bizim olacaq”.
Cənab Məmmədov deyib ki, həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışırlar, bu ay görüş olmalıdır”.
Görüşünün dəqiq vaxtının hələ məlum olmadığını söyləyən N. Məmmədov bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquqa əsaslanmırlar: “Bu da həmin dövlətlərin münaqişənin həllinə ciddi, ədalətli yanaşmadıqlarını göstərir. Qərb ölkələri və digər dövlətlər bir dəfə deməyiblər ki, Azərbaycan bir milyon qaçqın və məcburi köçkünü necə yerləşdirəcək, yaşadacaq? Amma indi 500-600 min qaçqının qarşısında bütün Avropa bilmir ki, nə etsin. Qərb dövlətləri və digər dövlətlər bir dəfə də demirlər ki, qaçqın və məcburi köçkünlərin fundamental hüquqları pozulub”.
Novruz Məmmədov hesab edir ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik qondarma “Dağlıq Qarabağ Respublikası”nın qondarma “xarici işlər naziri” ilə başqa yerdə də görüşə bilərdi: “Ancaq hər dəfə onlara viza verirlər, ABŞ-da marafon təşkil edirlər. Bu da Azərbaycanda ABŞ-a qarşı müəyyən mövqe formalaşdırır”.
Administrasiya rəsmisi bildirib ki, ABŞ, Qərb nümayəndələri münaqişənin həlli ilə bağlı beynəlxalq hüququ qabartmırlar: “Əlbəttə, Ceyms Uorlik düzgün etməyib. Biz dünyada gedən proseslərin mahiyyətini bilirik və getdiyimiz yol uğurlu yoldur. Ermənistan isə daim uduza-uduza gedir, onun söykəndiyi divarlar da uzun müddət davam gətirməyəcək”.