“Normal adam atasına zorla baş əydirməz”

Gənc fəal, astma xəstəsi olan Daşqın Məlikovun həbsdən buraxılandan sonra Heydər Əliyevin məzarı qarşısında baş əyməyə məcbur olub. Atası həbsdə qalacağı təqdirdə oğlunun ölə biləcəyini deyir.

Source:


Gənc fəal, astma xəstəsi olan Daşqın Məlikovun həbsdən buraxılandan sonra Heydər Əliyevin məzarı qarşısında baş əyməyə məcbur olub. Atası həbsdə qalacağı təqdirdə oğlunun ölə biləcəyini deyir.

2013-cü ilin martında həbs olunan gənc fəal, vicdan məhbusu Daşqın Məlikov mayın 8-də azad olunub. Narkotik maddə saxlamaqda ittiham olunaraq həbs edilən keçmiş AXCP üzvü 1 il 5 ay əvvəl azadlığa buraxılıb. O, Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə 2 il 6 ay azadlıqdan məhrum olunmuşdu…

Facebook fəalı olan Daşqın Məlikov Amnisty İnternational təşkilatı tərəfindən vicdan məhbusu elan olunmuşdu. O özü də həbsinin siyasi fəaliyyəti ilə əlaqəli olduğunu bildirmişdi. Lakin gənc fəal sonradan AXCP-dən istefa verdi və həbsxanadan Yeni Azərbaycan Partiyasına üzv olduğunu bəyan etdi.

Daşqın Məlikov azad olunandan sonra atası Əlisəfa Məlikovla birgə sabiq prezident Heydər Əliyevin məzarını ziyarət edib.

Əlisəfa Məlikov Meydan TV-yə bildirib ki, oğlu Daşqın Məlikov Heydər Əliyevin məzarını ziyarət etməkdə tərəddüd edirdi, əvvəlcə getmək istəmirdi: “Sonra getdi, çəkiliş etmək istəyəndə razılaşmadı, amma foto-çəkiliş oldu”.

Əlisəfa Məlikov bununla bağlı oğluna təzyiq edib-edilməməsinə də münasibət bildirdi:

“Bu barədə heç nə deyə bilmərəm. Bilirsiniz, oğlumun səhhəti ağır idi, o, daha 1 il 5 ay həbsdə qalmalıydı və səhhətinin getdikcə ağırlaşması onun ölümünə bərabər ola bilərdi. Təsəvvür edin ki, bu 1 ildə Daşqın 4 dəfə Pentinsiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilib. Astmadan o qədər əziyyət çəkirdi ki, kürəyi və sinə sümükləri deformasiyaya uğramışdı. O daim dərmana möhtac idi, biz ona ayda 100-150 manatlıq dərman alırdıq”.

Ə.Məlikov bildirdi ki, yaşayış durumları ağır olduğundan Daşqının müalicəsində çətinlik çəkirlər.

Daşqın Məlikovun həbsxanadan buraxılandan sonra Heydər Əliyevin məzarı önündə baş əyməyə aparılmasını Meydan TV-yə şərh edən hüquq müdafiəçisi Leyla Yunus hesab edir ki, buna görə gənci ittiham lazım deyil. Hüquq müdafiəçisi hakimiyyətə qarşı çıxanların bu cür aşağılanmasını siyasətçiyə yaraşmayan hərəkət adlandırdı:

“Siyasətçi heç vaxt bunu özünə yaraşdırmaz, siyasətçi daha ağıllı və diplomatik addım atardı. Yalnız kriminal avtoritetlər belə edirlər, oxuduqlarımızdan da bilirik ki, “qanuni oğru” kimisə “sındırmaq” istəyirsə, onu əvvəlcə aşağılayıcı hərəkət etməyə məcbur edir.

Mafiya başçıları necə edir, “diz çök”, “ətəyimdən, barmağımdakı üzüyümdən öp” deyib adamları sındırır. Siyasi mübarizədə bu yolverilməzdir. Azərbaycanı kriminal rejim idarə etdiyindən siyasi qanunlar yox, kriminal-mafioz normalar işləyir. Baxın, normal insan istəyərmi ki, kimisə zorla atasının qəbrinin qarşısında baş əydirsinlər?!”.

Ana səhifəXəbərlər“Normal adam atasına zorla baş əydirməz”