Onun böyrək çatışmazlığından vəfat etdiyi bildirilir
AzTV-nin keçmiş sədri, filologiya elmləri doktoru, professor Nizami Xudiyev vəfat edib.
Bu barədə APA-ya qardaşı Azər Xudiyev məlumat verib.
“Qafqazinfo.az” isə bir müddət əvvəl koronavirusdan sağalan N. Xudiyevin bu gün böyrək çatışmazlığından vəfat etdiyini yazıb.
Nizami Manaf oğlu Xudiyev 1949-cu il aprelin 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, “Qızıl qələm” mükafatı laureatı, 60-dan çox kitabın, 300-dən çox məqalənin müəllifidir.
Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər İttifaqının, həmçinin Lütfizadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür.
1970-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, professor, həmkarlar ittifaqı komitəsinin sədri, birinci prorektor işləyib. 1994-1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru olub. 1996-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri, 2005–2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışıb.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, Milli Məclisinin deputatı olub.