Niyə Quran oxumursan?

Ayrı dildə düşündüklərimiz…

Source:


Uşaqlarımıza öyrətdiyimiz dil insan olaraq necə bir həyat yaşayacaqlarının xəbərçisidir. Öyrəndiyimiz bu dillə dünyanı dərk edir, davranışlarımızda onu yansıdırıq. Doğruları, yanlışları bu dil ilə müəyyən edir, özümüzü və kimliyimizi onunla inşa edirik. Sahib olduğumuz dil dünyəvi, ədalətli və azad bir cəmiyyət yarada biləcəyi kimi, bunun tam əksi azadlıqdan məhrum, bir qrup insanın əlində əsir olaraq yaşayacağımız bir cəmiyyət də yarada bilər. Bu gün sahib olduğumuz dil yuxarıda sadaladığım cəmiyyətlərdən ikincisini yaradıb.

Söhbət danışdığımız azərbaycan, ingilis, rus dillərindən deyil, düşüncə və davranışlarımızın dilindən gedir. Bu dil AzTv-nin, Siyavuş Novruzovun, Zahid Orucun, “prostoy” vətəndaşın, Nadir Qafarzadənin, bir sözlə ,Molla Nəsrəddinin 30 il boyunca təsvir etdiyi qəhrəmanların dilidir.

İyirmi birinci əsrdə bizim bu dil ilə apardığımız mübarizəni Azərbaycanın 19-20-ci əsrlərdə yaşamış aydınları da aparıb. Xalqa hələ o vaxt bu dilin fəsadlarından, bəlalarından ağız dolusu danışıblar. Bu bəs deyilmiş kimi Mirzə Cəlil, Sabir Molla Nəsrəddin jurnalını da yaradaraq 30 il dayanmadan fasiləsiz bu xalqa danışdığı dilin onun ən böyük bəlası olduğunu hər yolla izah etməyə çalışıb.

Sovet dövründə tətbiq edilən dünyəvi təhsil sistemi bir müddət də olsa, Molla Nəsrəddinin mübarizə apardığı dili unutdurub. Sovet sistemi bu xalqın içindən elm adamları, sənət insanları yetişdirib, bu gün də bizim mədəni irsimizin nümayəndələri dediyimiz bir çox şəxsiyyətlər bu sistemin institutlarında yetişiblər. Sovet sistemi dağıldıqdan sonra bu xalq ona nəyisə unutdurmağın çətin olduğunu arsızca bir daha sübut edərək Molla Nəsrəddinin mübarizə apardığı dilə dörd əllə sarıldılar.

Müstəqillik dövrümüzdə dünyəvi və proqressiv düşüncə dilinin təməlini təşkil edən təhsil institutları (məktəb, universitet, akademiyalar, sənət məktəbləri) sürətlə dağıdılmağa, əvəzində primitiv ənənəvi düşüncənin dilinin təsisatları, qurumları sürətlə genişləyərək yayılmağa başladı. İnsanlar yenidən ədalət üçün ilahi qüvvələrə, şəfa üçün Beşbarmaq dağının qayalarına sarılmağa başladı. Yenidən lap əvvələ, başa qayıtmış olduq..

Yeni bir dilə ehtiyacımız var. Ənənəvi təfəkkürün təməlini təşkil edən dili tamamilə dağıtmalı, əvəzində dünyəvi, yenilikçi, azad düşüncənin dilini mənimsəməliyik. Bizə diqtə edilən dilin bütün təzahürlərindən, sosial-siyasi təsisatlarından qurtulmalıyıq. Əks halda bir millət olaraq yaşadığımız bu qaranlıq dövrdən keçə bilməyəcəyik.

Bir dəfə öyrədilən dili unutmağın, ən əsası ondan qurtulmağın mümkünsüz görünəcək qədər çətin olduğunun fərqindəyəm. Mənəviyyatımızı, alçaldılmış şəxsiyyətlərimizi qurtarmaq istəyiriksə, bu dildən təmizlənməyimiz şərtdir. Bədənimizi, görünüşümüzü, münasibətlərimizi, ən əsası dilimizi onun bütün yansımalarından birdəfəlik təmizləməliyik.

Ləyaqətli, “doğru” bir həyat yaşamağın axmaqlıq kimi göründüyü cəmiyyətdə mənim istəklərim çox utopik, əl çatmaz görünür. Digər millətlər ləyaqətləri ilə azad yaşaya bildikləri, üstəlik balalarına çörək de tapa bildikləri halda biz niyə ləyaqətsizcə tox yaşamağa məhkumuq?

Bu dili kiçik görmək, onu öz aləmimizdə cılızlaşdırmaq böyük sadəlövhlük olar. Öz balalarına çörək aparmağı bəhanə edərək hər formada alçala bilən insanlar radikal dindarlardan daha təhlükəlidir. Cünki radikal dindarın da öz daxilində bir sərhədi, keçilməyəcək limiti varsa da, alçalmışların sərhədləri yoxdur. Şəxsiyyətsizləşdirmə əməliyyatının iqtidar üçün uğurlu, millət üçün isə uğursuz nəticəsi məhz budur.

Yaşadığım bir təcrübəni bölüşsəm, bəlkə düşüncələrim bir çoxlarına daha aydın olar.

Bir gün yaşadığım mənzilin qapısı döyüldü. Tək yaşayan adamın qapısını kimsə döyəndə anlayacağınız kimi haqlı bir təəccüb yaşayır. Qapını açdım, gələn yaşadığım rayonun sahə müvəkkili imiş. İlk dəfə gördüyüm bu adamın varlığı məni bir az təəccübləndirmişdi. Bir məsələ ilə bağlı narahat etdiyini söylədi, içəri dəvət etdim. Qonaq otağına keçib üzərində kitablarım və komputerim olan masanın arxasında əyləşdi. Onun gəlmə səbəbi, birdən qapının ağzında peyda olması məni elə də narahat etməsə də, evdə özünü çox rahat aparmağına bir az əsəbləşdim.

Cibindən qələm-kağızını çıxardıb, nələrsə yazmağa başladı, aradabir başını qaldırıb otağı, masanın üzərindəki kitabları süzürdü. Bir neçə sual verib işim,məşğuliyyətimlə maraqlandı. Həm suallarını verir, həm də yazmağa davam edirdi. Çox keçmədi, təqribən bir neçə dəqiqə sonra bayaqdan yazmaqda olduğu sənədi kənara qoyub, üzündə özünə yad bir ciddiyətlə: “Niyə Quran oxumursan?” deyə soruşdu..

Bu hadisənin üzərindən bir ildən çox vaxt keçib, onun nə demək istədiyini düşünüb, anlamağa çalışdım. Görəsən niyə mənə Quran oxumağı tövsiyyə etdi? Bəlkə də mənim başqa dildə düşündüyümü, yaşadığımı hiss etmişdi. Sistemin polisi mənim “təhlükəli” fikirlərə yiyələndiyimin, onun varlığını təhdid edən bir dil öyrəndiyimin instiktiv olaraq fərqinə varmışdı. O, mənim onun nəzarət etdiyi ərazidə yaşayan o məhəlləyə yad olan bir dildə danışdığımı anlamışdı.

Polis məni dinə yox, öz dilinə dəvət edirdi, mənə onun anlamadığı yad dildə deyil, inandığı “müqəddəs dildə” danışmağı tövsiyyə edirdi.

Avtoritar sistəmlərdə polisin vəzifəsi vətəndaşların iqtidarın dilində danışmalarına nəzarət etməkdir. Hər kimsə bu dildən yayınsa, başqa bir dildə danışmağa başlasa, dərhal cəzalandırılır. Təsadüfi deyil ki, hazırda həbsxanalarda yüzlərlə aydın düşüncəli azad insanlar yatır (Xədicə İsmayıl, İntiqam Əliyev, Seymur Həzi, Rəşadət Axundov və.s).

Molla Nəsrəddinin on illərlə mübarizə apardığı ənənəvi təfəkkürün dili həm dövlət aparatları tərəfindən həm də xalqın “mentalitet” qurumları vasitəsilə qorunur. Xalq öz məhvinin, məhrumiyyətlərinin dilini canı bahasına qoruyur.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəNiyə Quran oxumursan?