Nikol Paşinyan Rusiyanın təklifləri əsasında işləməyə hazır olduqlarını deyir

Nikol Paşinyan. Foto: Meydan TV

Baş nazir ümid edir ki, Rusiya onun təkliflərini dəstəkləyəcək

“Ermənistan Rusiyanın təklifləri əsasında Azərbaycanla münasibətlərin qurulması üzərində işləməyə hazırdır”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Twitter” səhifəsində yazıb.

Baş nazir xatırladıb ki, 2022-ci ilin sentyabrının əvvəlində Ermənistan Rusiyanın təqdim etdiyi Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulması üçün əsas prinsiplər və parametrlər əsasında işləməyə razılıq verib və bunu Soçidə təsdiqləməyə hazırdır.

Nikol Paşinyan ümid edir ki, Rusiya onun təkliflərini dəstəkləyəcək.

Azərbaycan rəsmi şəxsləri hələ Rusiya dövlət başçısının “Valday” konfransında səsləndirdiyi açıqlamaya reaksiya verməyib.

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 27-də “Valday” klubunun konfransında deyib ki, Moskva Yerevanla Bakı arasında sülh müqaviləsini, həmçinin sərhəddəki demarkasiya və delimitasiya prosesini dəstəkləyir:

“Biz Ermənistana nəyisə diktə edə bilmərik və etməyə hazılaşmırıq. Əgər Ermənistan xalqı və rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa variantını seçmək lazımdır, başa düşdüyüm qədər bu, Vaşinqton planıdır. Hansı ki, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını özündə əks etdirir. O zaman buyursunlar”.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Bu döyüşlərdə hər iki tərəfdən birgə 6 mindən artıq insan həlak olub.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra

Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Ana səhifəSiyasətNikol Paşinyan Rusiyanın təklifləri əsasında işləməyə hazır olduqlarını deyir