Baş nazir: "Reallıqla üzləşib uzun illər səhv etdiyimizi, səhvlərimizin sistemli, konseptual, məzmunlu xarakter daşıdığını etiraf etməliyik"
"Reallıqla üzləşib uzun illər səhv etdiyimizi, səhvlərimizin sistemli, konseptual, məzmunlu xarakter daşıdığını etiraf etməliyik. Bütün bunlar bizim dövlət institutlarımız üçün belə təhlükə yaradan nəticələrə gətirib çıxarıb".
Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 19-da xalqa müraciətində səsləndirib (Turan İA).
Baş nazir bildirib ki, Qarabağda müharibə Ermənistan üçün ağır nəticələr verib: “Çox sayda həmvətənimiz həlak olub, Ermənistanda üç günlük matəm elan olunub. Son 84 gün, şübhəsiz ki, xalqımız üçün ən ağır günlərdəndir. Biz millət olaraq dəhşət yaşadıq və yaşayırıq”.
Nikol Paşinyan: “Böyük bir sual ortaya çıxıb: bundan sonra nə etməliyik, bundan sonra necə yaşamalıyıq və hər şey niyə belə oldu?”, – deyərək əlavə edib: “Mən baş verənlərə görə tam məsuliyyəti öz üzərimə götürdüm və xalqımızın çıxaracağı istənilən hökmü qəbul edəcəyəm. Bu, xalqı sakitləşdirə bilər, amma keçmişin təkrarlanmaması üçün nə baş verdiyini ciddi şəkildə başa düşməyə kömək etməyəcək”.
O xatırladıb ki, Baş nazir vəzifəsinə gələrkən bütün bunları başa düşürdü və vəziyyəti dəyişdirməyə çalışıb: “Amma indi daha çox əmin oluram ki, tarixin dönən çarxını dayandırmaq üçün, sadəcə olaraq, vaxt yox idi. Müqavimət ümidsiz idi, amma mənasız deyildi".
Baş nazir Ermənistan-Azərbaycan dövlət sərhədinin bərpa edildiyi Syunik bölgəsi (Zəngəzur) ətrafındakı vəziyyətə də toxunub.
Bu, Ermənistan müxalifəti tərəfindən torpaqların verilməsi kimi qələmə verilir.
28 il əvvəl işğal edilmiş Zəngilan və Qubadlı torpaqlarının Azərbaycana qaytarılmasının səbibini izah edən Nikol Paşinyan onları saxlamağın mümkün olmadığını başa salıb.
“Müqavimət göstərilərsə, Azərbaycan ordusu onları alacaq və Syunikə daxil olacaq. Amma bu torpaqları könüllü olaraq verməklə, Ermənistan KTMT-dən Azərbaycanın daha da irəli getməyəcəyinə dair zəmanət alır. Bu gün artıq Rusiyanın sərhəd qoşunları və digər qüvvələri Syunikə tam həcmdə cəlb edilib və bu, təhlükəsizlik nöqteyi-nəzərdən tamamilə yeni vəziyyətdir", – deyə Baş nazir bildirib.
2018-ci ilin aprelində Baş nazir Serj Sarkisyanı “məxməri inqilab” nəticəsində istefaya göndərən Nikol Paşinyan may ayında parlamentin qərarıyla Baş nazir təyin edilib.
Oktyabrda istefa verib, yeni parlament seçkilərində “Alternativ” bloku qalib gəlib və o, yenidən Baş nazir seçilib.