Nigeriyada müsəlmanlar Taleh Bağırzadəyə dəstək aksiyası keçirib

Tale Bağırzadə. Foto: Meydan TV

“Biz bu fürsətdən istifadə edərək onları dərhal azad etməyə çağırırıq”

Nigeriyada islami hərəkatın fəalları Azərbaycanda Müsəlman Birlik Hərəkatının üzvlərinə və təşkilatın lideri Taleh Bağırzadəyə qarşı edilən təqib və işgəncələri pisləyən aksiya keçiriblər.

“Parstoday” yazır ki, Abuca milli məscidində keçirilən mitinqdə İslam Hərəkatı Akademik Forumunun milli katibi Abdullah Musa da iştirak edib.

Musa bildirib ki, Azərbaycan hökuməti bu inanclı şəxsləri onları qeyri-qanuni, qeyd-şərtsiz təqib edir:

“Ona görə də hər bir müsəlman zülm və zülmə qarşı durmalıdır”.

Aksiya zamanı nümayişçilər Amerika və İsrail əleyhinə də şüarlar səsləndiriblər.

“Mitinqin mahiyyəti Azərbaycandakı bacı və qardaşlarımızla, xüsusən də onların lideri Hacı Taleh Bağırzadə ilə həmrəy olduğumuzu göstərməkdir. Biz bu fürsətdən istifadə edərək onları dərhal azad etməyə çağırırıq”, – Nigeriya İslami Hərəkatının digər üzvü Bala Həsən Bauçi deyib.

“Biz bu vasitədən dünya ictimaiyyətini Azərbaycan xalqını, həmçinin Yəmən və Fələstin xalqlarını dəstəkləməyə çağırmaq üçün istifadə edirik. Onların hamısı məzlumdur və dünyanın diqqətinə ehtiyacı var”, – o əlavə edib.

Kano əyalətində də oxşar etiraz aksiyası keçirilib, müsəlmanlar Azərbaycanın şiələri ilə həmrəylik nümayiş etdiriblər.

Aksiyaçılar əllərində Taleh Bağırzadənin fotoşəkillərini tutublar.

2015-ci il, noyabrın 26-da Nardaranda keçirilən, dördü yerli sakin, ikisi isə polis olmaqla, 6 nəfərin ölümüylə nəticələnən əməliyyatın 7 ili tamam oldu. Baş vermiş həmin əməliyyat nəticəsində Taleh Bağırzadə də daxil olmaqla, 100-ə yaxın adam həbs olunmuşdu. Onlardan 42 nəfərə dövlət çevrilişinə cəhd, terrorçuluq və s. ağır maddələrlə ittihamlar verilmiş və 13 ildən 20 ilə qədər azadlıqdan məhrum edilmişdilər. Digərlərinə isə 5-6 ilə qədər həbs cəzası verilmişdi. Həbs olunanların əksəriyyəti ya cəza müddəti başa çatdığına, ya da əfv sərəncamıyla azadlığa buraxılıb.

Sonradan zaman-zaman da Müsəlman Birliyi Hərəkatının bir sıra üzvləri narkotik və s. ittihamlarla həbs olunub. Hazırda hərəkatının sədri Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın bir sıra fəalları həbsdədir.

Lakin Taleh Bağırzadə və digər inanclı fəallar ittihamların saxta olduğunu, hökumətin siyasətini tənqid etdiklərinə görə şərlənərək cəzalandırıldıqlarını bəyan edib.

Daxili İşlər Nazirliyi isə şərlənmə barədə iddiaları təkzib edib.

Ana səhifəSiyasətNigeriyada müsəlmanlar Taleh Bağırzadəyə dəstək aksiyası keçirib