Nigar Köçərli: ”Musa Musayev məni təhqir etdi” (Yenilənib)

”Əli və Nino” mağazalar şəbəkəsinin sahibəsi Nəsimi Rayon Polis İdarəsinin rəisindən şikayət edəcək

Source:
Nigar Köçərli
Nigar Köçərli


19:54

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə məsələ ilə bağlı açıqlama yayıb:

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərlinin fevralın 16-da Nəsimi RPİ-də İdarənin rəisi, polis polkovniki Musa Musayev tərəfindən guya təhqirə məruz qalması barədə iddiaları həqiqətdən uzaqdır, böhtan xarakterlidir, baş vermiş hadisənin mahiyyətinin təhrif olunmuş, özünə sərf edən formada təqdimatından və qabaqdangəlmişlikdən başqa bir şey deyil.

Həqiqətən də ötən il sentyabrın 26-da “Əli və Nino” mağazaları şəbəkəsinin ofisində oğurluq baş verib, seyfdə saxlanılan 13.216 manat naməlum şəxslər tərəfindən aparılıb. Bu barədə məlumat daxil olan kimi dərhal polis əməkdaşlarından ibarət qrup hadisə yerinə gedib, zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib, həmin tədbirlər bu gün də davam etdirirlməkdədir. Faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir. Bu kontekstdə Nigar Köçərlinin də şübhələndiyi, oğurluq baş verən zaman ofisdə olan bir neçə şəxs də polis tərəfindən dindirilib. Lakin görülən bütün tədbirlərə rəğmən, hələlik cinayəti açmaq mümkün olmayıb.

Məsələ ilə əlaqədar adıçəkilən xanım dəfələrlə İdarəyə dəvət olunub, burada onunla əməliyyat işləri üzrə rəis müavini Nadir Aslanov və digər məsul şəxslər tərəfindən cinayətin açılması istiqamətində müvafiq söhbətlər aparılıb, istintaq-əməliyyat tədbirlərinin gedişi barədə zəruri məlumatlar da verilib. Lakin bu iddialı xanım hər dəfə az qala ultimativ formada izahat tələb edərək idarənin məsul əməkdaşlarını təxribata çəkmək istəyib, buna nail olmadıqda isə onları guya oğurluğu açmaqda maraqlı olmadlqları barədə şantaj edirmiş.  N.Köçərli idarənin rəis müavini Nadir Aslanovun və cinayət-axtarış şöbəsinin rəisi Orxan Axundzadənin cinayətin açılmasında guya maraqlı olmadıqlarını deyərkən, əlbəttə, yalan danışır və polis əməkdaşlarına qarşı qərəzini büruzə verir.

Adi məntiq də deyir ki, rəis müavini və CAŞ-ın rəisi  rayon ərazisində baş verən istənilən cinayətin açılmasında öz vəzifə borclarına görə ən çox maraqlı şəxslərdir. Göstərilən istiqamətdə zəruri tədbirləri həyata keçirdiklərinə görə onların bu məsələdə laqeydlik göstərməsi heç mümkün də deyil. Sözügedən cinayət işinin icraatının guya dayandırılması barədə xanımın iddiaları da həqiqətdən uzaqdır. Digər tərəfdən, məhz adları çəkilən şəxslərin də daxil olduğu istinntaq-əməliyyat qrupu ötən ilin əvvəllərində paytaxtın mərkəzində-“Nizami” küçəsində “Əli və Nino”nun mağazasında baş vermiş oğurluğu açaraq, təqsirkar şəxsləri məsuliyyətə cəlb ediblər.

Sonuncu dəfə N.Köçərli fevralın 15-də məsələnin geniş formatda müzakirəsi üçün Nəsimi RPİ-yə dəvət edilsə də, o, bundan imtina edib. Və nəhayət, N.Köçərli ilə söhbət bir gün sonra rəis müavini, İdarənin İstintaq və Cinayət axtarışı şöbələri rəislərinin iştirakı ilə Nəsimi RPİ-nin rəisi, polis polkovniki Musa Musayevin kabinetində baş tutub. İndi bilərəkdən özünü ictimai rəyə mədəni, idarə rəhbərliyini guya kobud şəkildə təqdim etməyə çalışan xanım öz əsassız və məntiqsiz ittihamları ilə növbəti dəfə əsib-coşub və belə “mədəni” davranışı ilə təcrübəli polis əməkdaşlarını, sözün həqiqi mənasında, şoka salıb. Söhbət əsnasında N.Köçərli özünə nəzarəti itirib, səsinin tonunu qaldıraraq rəis müavini N. Aslanov barəsində etikadan kənar, normal, mədəni davranışla bir araya sığmayan təhqiramiz ifadələr işlədib və beləliklə, hansı səviyyənin yiyəsi olduğunu ortaya qoyub. İdarənin rəisi isə bu xanımı etikaya, intizama dəvət etməyə çalışsa da N.Köçərli yenə öz ampluasında olub, sayğısızcasına, nümayəşkaranə şəkildə kabineti tərk edib.

Ona görə N.Köçərlinin Nəsimi RPİ-də guya təhqirə məruz qalması, təhdid olunması barədə söylədiklərinin heç bir əsası yoxdur Onun qabaqdangəlmişlik edərək məlum görüş barədə həqiqəti təhrif etməsi də ictimai rəyi aldatmağa hesablanıb”.

***


18:23


”Əli və Nino” mağazalar şəbəkəsinin sahibəsi Nəsimi Rayon Polis İdarəsinin rəisindən şikayət edəcək

“Əli və Nino” kitab mağazası şəbəkəsinin sahibi Nigar Köçərli fevralın 16-da səhər saat 11-də Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev tərəfindən kobudluğa və təhqirə məruz qalıb.

Bu barədə Meydan TV-yə Nigar Köçərli məlumat verib. O deyib ki, qarşılaşdığı özbaşınalıqla bağlı daxili işlər naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova və Prezident Administrasiyasına şikayət edəcək: “Baxmayaraq ki, hazırda mənə “qorxmursanmı, onlara qarşı gedirsən” deyə sual edənlər də var. Amma mənim vətəndaşlıq hüququm pozulub, bu özbaşınalığın qanun çərçivəsində aradan qaldırılmasını istəyirəm”.

Sahibkar bildirib ki, hər şey ötən il, sentyabrın 26-da baş verən oğurluq hadisəsindən sonra başlanıb. Belə ki, həmin gün onların ofisindəki seyfdən 13 min 216 manat oğurlanıb: “Həmin məbləğ maaşlar və nəşriyyatlara borclar idi. Dərhal polisə müraciət etdim, hadisə yerinə gəldilər, cinayət işi açıldı. 1-2 həftə polislər ofisə gəlsələr də, sonradan maraqlarının itdiyini sezdim. Ümumiyyətlə, seyfin itməsi mənə mənəvi və maliyyə baxımdan böyük zərbəydi. Maddi baxımdan ona görə ki, 13 min 216 manat az pul deyil, bunlar maaş və borc idi, mənəvi baxımdan isə bunu bilən adam oğurlamışdı. Kimsə ayın sonunda pulların toplandığını bilirdi”.

Nigar Köçərli dəfələrlə Nəsimi Rayon Polis İdarəsində olduğunu, rəis müavini Nadir Aslanov və cinayət axtarış şöbəsinin rəisi Orxan Axundzadə ilə görüşdüyünü deyir: “Onlar hər dəfə işi apardıqlarını söyləsələr də, nəticə yox idi. Çünki nə izahat alınırdı, nə də barmaq izləri götürülmüşdü. Sonuncu dəfə mən Nadir Aslanovun qəbulunda olanda, o, Nardaran hadisələrinə görə işlərinin çox olduğunu əsas gətirib şikayətimə baxa bilmədiklərini və bu məsələnin onlar üçün maraqlı olmadığını dedi. Bu cavabdan şoka düşdüm. Bundan sonra Nəsimi Rayon Prokurorluğuna müraciət etdim, onlar da vəd verdi və prokurorun köməkçisi dedi ki, bütün işlər mükəmməl şəkildə aparılır, problem yoxdur. O, Daxili İşlər Nazirliyinə müraciət etməyi tövsiyə etdi. Bu müraciətdən sonra DİN-də Tamerlan adlı şəxs mənimlə əlaqə saxladı, o, məni əvvəlcə bir, sonra başqa şöbəyə göndərdi. Sonuncu şöbədə dedilər ki, məktubunuz gəlib, amma onlarlıq deyil, prokurorluğa gedin. Halbuki, prokurorluq da DİN-ə müraciət etməyi tövsiyə etmişdi. Son 5 ayda müvafiq orqanlara 15-ə yaxın şikayət göndərmişəm. Buna görə mənə DİN və prokurorluqdan zəng edib onları narahat etdiyimi gizlətmirdilər. Sonda Prezident Administrasiyasına şikayətimdən sonra mənimlə əlaqə saxlayıb dedilər ki, “siz administrasiyanın seyfinizi tapacağını gözləyirsiniz?” Bu cavabı heç gözləmirdim. Cavab verdim ki, əgər siz şikayətimə baxmırsınızsa, prezidentə şikayət etməyə məcburam. Mənim üçün o nüfuz sahibidir, bəs sizin necə sualımdan sonra bir az yumşaq danışdı. Fevralın 16-da səhər saat 11-də idarəyə çağırdılar. Doğrusu, getmək istəmirdim, amma söhbət zamanı işdə yenilik olması barədə işarə vurdular. Beləliklə, idarəyə tək getdim, qapıda rəis Musa Musayevin mənimlə görüşəcəyini söylədilər. Çünki özüm də onunla görüşmək cəhd etsəm də, alınmamışdı. Kabinetə daxil olanda müavini Nadir Aslanovu gördüm, heç mənə danışmağa imkan vermədilər. Nəhayət, mən onlara işin aparılmadığını deyəndə, Musa Musayev təhqiramiz ifadələrlə məni təhqir etdi. Bu vəziyyətdə ayağa qalxıb getmək istəyəndə, o, məni “Otur yerində!”, yenə söyməyə başladı. O zaman kabinetdə 3-4 kişi vardı, mən isə tək, çox aqressiv idilər. Ancaq yenə də birtəhər güclə özümü xilas etdim”.

Məsələyə DİN-in mətbuat xidmətindən münasibət öyrənmək mümkün olmadı. Şöbənin əməkdaşları telefon zənglərini cavablandırmadılar. Meydan TV Musa Musayevlə əlaqə saxlamağa çalışsa da, cəhdləri boşa çıxdı. Nəsimi Rayon Polis İdarəsindən rəisin işdə olmadığını bildirdilər və Musa Musayevə ünvanlanmış sualı eşidən kimi dəstəyi asdılar.

Ana səhifəXəbərlərNigar Köçərli: ”Musa Musayev məni təhqir etdi” (Yenilənib)