Niderlandda orta təhsil

Təhsilin praktiki tərəfləri

Source:
fotolar sosial şəbəkə
fotolar sosial şəbəkə


Təhsilin praktiki tərəfləri

Bu mövzu ilə bağlı yazmışdım. Daha doğrusu, onun nəzəri tərəfləri haqqında. İndi isə praktiki müşahidələrimi bölüşmək istəyirəm. Məqsədim ən azı bu barədə məlumat verməkdir ki, aidiyyəti dostlar: təhsil işçiləri, müəllimlər, şagirdlər və valideynlər Azərbaycanda da belə olması üçün cəhdlər etsinlər və yaxud bu istiqamətdə onların motivasiyaları artsın. Bununla bağlı əvvəlki yazımda qeyd etmişdim ki, Niderlandda orta məktəblər ibtidai məktəblərdən ayrı fəaliyyət göstərir. Burada təhsil müəssələrinin hamısıı mərkəzdə, regionda, ucqar kənddə yerləşməsindən asılı olmayaraq eyni səviyyədə maddi texniki bazaya malikdir. Bura məktəb binası, onun qızdırılması, oturacaqlar, kompüter təminatı, birgə tədbirlərin keçirilməsi üçün şərait və s. hallar daxildir.

Praktiki müşahidə yazdım. Ona görə ki, ailəmizin balacası orta təhsil alır. Bu, o deməkdir ki, bir valideyn olaraq istəsən də, istəməsən də avtomatik olaraq təhsil prosesinin ən azı müşahidəçisinə çevrilirsən.



Necə?

Hər bir məktəbin öz saytı var. Belə saytda hər bir şagirdin öz səhifəsi mövcüddür. Həmin səhifəyə yalnız məktəb rəhbərliyi (inzibati və sinif), şagirdin özü və valideyni bəlli şifrə ilə daxil olur. Səhifədə uşağın dərs cədvəli, gündəlik olaraq keçirilən dərslər və müəllim xəstə olanda dərsin çıx-daş edilməsilə bağlı məlumat, vaxt, ev tapşırıqları və şagirdin gündəlik olaraq aldığı qiymətlər və s. əksini tapır. Bununla hər bir valideynə öz uşağını məktəbin saytı vasitəsilə gündəlik olaraq nəzarətdə saxlamaq imkanı verilir.



Dərslik problemi necə həll olunub?

Orta təhsilin ilk ilində dərs vəsaiti üçün müəyyən məbləğ (təxminən 70 avro) orta məktəb dərsliklərin fonduna köçürülür (Bu, bir növ dəbbə pulu rolunu oynayır və kitabların səliqəli saxlanılması və onları dərs ilinin sonunda olduğu kimi geri qaytarılmasına hesablanıb). Həmin fondda Niderland üzrə bütün şagirdlərin, onların hansı məktəbdə və hansı sinifdə oturmaları barədə məlumat vardır. Müəyyən məbləğ hesaba köçürüldükdən sonra bir həftə ərzində şagirdin oturduğu sinifdə il ərzində tədris edilən bütün dərsliklər onun ev ünvanına çatdırılır. Dərs ilin sonunda kitabların hamısı istifadəyə yaralı vəziyyətədə qaytarılacağı təqdirdə, qeyd edilən məbləğ avtomatik olaraq sonrakı il üçün təminatverici vasitəyə çevrilir. Beləliklə, şagirdin səliqəli olacağı təqdirdə bütün orta təhsil boyu pulsuz tədris materiallarını almaq şansı vardır.



Şagirdin şəxsi kompüterlə təmini məsələsi necə həll olunub?

Son illər Niderland üzrə hər bir şagirdin şəxsi kompüterlə təmini proqramı hazırlanıb. Belə proqrama əsasən, məktəb hansısa kompüter təminatı ilə məğul olan şirkətlə müqavilə bağlayır. Tədrisin ilk ilində valideynlərə şagirdin şəxsi kompüterlə təmini proqramı izah edilir və valideynlə şirkət arasında kredit müqaviləsi bağlanır. Orta məktəbdə tədris səviyyəsinin növündən asılı olaraq təhsil 4-6 il arası davam edir. Bu müddət ərzində valideyn hər ay müəyyən məbləğ olmaqla kompüterin dəyərini hisə-hisə ödəyir. Şirkət də öz növbəsində kompüterin işlək vəziyyətinə təminat verir. Beləliklə, Niderlandda orta məktəbdə təhsil alan hər bir şagird şəxsi kompüterlrə təmin edilir.



Məktəb necə hesabat verir?

Məktəb dərs deyən müəllimlərin simasında ildə 3 dəvə valideyn qarşısında hesabat verir. Valideyn uşağın iştirakıyla onun davranışını, qiymətləri, zəif və güclü tərəflərini aidiyyəti müəllimlərlə müzakirə edir.



Hansı fənn tədris edilir və dərslərin həcmi nə qədərdir?

Tədris prosesi daha çox dil öyrətməyə hesablanıb. Eyni vaxtda dövlət dili ilə yanaşı ən azı 4 dil öyrədilir. Bunlar əsasən ingilis, alman, fransız və ispan dilləridir. Gimnaziumlarda bu sıraya qədim dillər: yunan və latın da əlavə edilir. Tədrisdə ədəbiyyat dərsi yer almayıb. Elmi fənlər kimi riyaziyyat, tarix, biologiya, fizika, coğrafiya və kimya keçirilir.

Dərslər saat 8.30-dan başlayır, 16.30-a qədər davam edir. Şagird məktəbə içməyə su və günorta yeməyi götürə bilər.

Müəllim şagird münasibəti liberal dəyərlərə söykənir. Adi münasibətdə heç bir ciddiyyət hiss olunmur, amma tədrisə münasibət və onun nəticələrini qiymətləndirmədə heç bir güzəşt yer almır.

Orta məktəbi müvəffəqiyyətlə bitirən şagird imtahansız universitet auditoriyasına gedir…

Uğurlu tədris uğurlu gələcək deməkdir. Elə isə uğurlu gələcəyi əldən buraxmayaq…

Ana səhifəAnalitikaNiderlandda orta təhsil