NİDA-nın daha bir üzvü həbs edildi


Narkotik satışı ilə ittiham olunan gəncin internetdəki fəallığına görə həbs edildiyi deyilir.

“Polis işçisi dedi ki, o internetdə “quş buraxıb”, ona görə də Bakıdan onun arxasınca əməkdaşlar gəlib”- deyən Nəsrəddin Mürsəlli, 20 yaşlı oğlu Elsevər Mürsəllinin həbsindən danışır. O, heron satışına görə 5 il həbs cəzası alıb. Amma gəncin atası oğlunun internetdəki fəallığına görə həbs edildiyini deyir:

“İşdən qayıdanda iki nəfər mülki geyimli şəxs maşınımı saxladılar. Məndən soruşdular ki, maşında kim var? Dedim, ailəmdir. Cinayət-axtarış şöbəsinin əməkdaşı Cəfər Məmmədov soruşdu ki, maşına baxmaq olar? Dedim, baxın. Oğlum maşından düşəndə soruşdular ki, adın nədir ? Dedi ki, Elsevər. Elə bunu demişdi ki, itələyib saldılar öz maşınlarına. Dedilər ki, bu uşaqdan şikayət var. Amma demədilər ki, nə şikayətdir”.

E. Mürsəlli polis idarəsinə aparılıb. Valideynləri onun arxasınca idarəyə daxil olanda polis işçiləri deyib ki, gəncin gödəkçəsindən 4,2 qram heroin tapılıb:

“ Cəfər Məmmədovdan soruşdum ki, bu uşağı həbs eləməyinin səbəbi nədir? Dedi, o internetdə “quş buraxıb”, ona görə də Bakıdan onun arxasınca əməkdaşlar gəlib. Dindirib, buraxacaqlar”.

Amma E.Mürsəlli azad edilməyib. 3 oktyabrda saxlanılan gənclə bağlı 2 apreldə qərar çıxarılıb. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik saxlama, daşıma, satma) maddəsi ilə ittiham olunub.

 Nəsrəddin Mürsəlli deyir ki, oğlu heç siqaret çəkmir. O bildirir ki, oğlunun heç vaxt narkotiklə əlaqəsi olmayıb.

 “Oğlum mənə dedi ki, “Facebook” da Cəmil Həsənlini dəstəklədiyini deyib və seçkiqabağı onun təbliğat-təşviqat kampaniyasına qoşulub. 1-2 gündən sonra oğlumu saxlayıblar. O düşünür ki, internetdəki fəallığına görə onu şərləyiblər. İstintaq materiallarında da oğlumun narkotiki kimdən alıb kimə satdığı haqqında məlumat yoxdur”-N.Mürsəlli deyib.

NİDA-nın İdarə Heyətinin üzvü Ülvi Həsənli  deyir ki, 1 həftə əvvəl təşkilatın həbsdə olan üzvləri Bakı İstintaq Təcridxanasında E.Mürsəlli ilə tanış olublar. Onlar təşkilata məktub göndəriblər ki, E.Mürsəlli internetdəki fəaliyyətinə görə həbs edilib. O, NİDA-ya qoşulmaq istədiyini bildirib.

 “Hökumət özündə cəsarət tapa bilmir ki, internetə tətbiq etdiyi məhdudlaşdırıcı maddələrə görə gəncləri həbs etsin, əvəzində qurama işlərlə həbs edirlər. Narkotika, xuliqanlıqla həbs edilənlərin məhkəmə işlərində də görünür ki, onlar istintaq da apara bilmirlər”-Ü. Həsənli deyib.

Deputat Fazil Mustafa Meydan TV-yə deyib ki, ifadə azadlığına görə həbs edilən şəxslərin azadlığa çıxarılmasının tərəfdarıdır. O, iyunda Azərbaycanın Avropa Şurasının Nazirlər Kabinetinə rəhbərlik edəcəyi dövrə qədər bu məsələnin həllini tapacağını düşünür. “İndiki vəziyyətdə həbs edilən şəxslərin azad edilməsi üçün beynəlxalq təşkilatların israrlı çalışmasına ehtiyac var. Biz də hesab edirik ki, jurnalistin, qələm əhlinin sözə görə həbsdə olması yolverilməzdir. Təbii ki, onların həbs olunma motivləri fərqlidir. Bütün hallarda dövlət öz nüfuzun düşünürsə,  çalışmalıdır ki, bu qədər insanı həbsdə saxlamasın”.

Nəsrəddin Mürsəlli oğlunun ağciyər pnevmoniyası xəstəliyindən əziyyət çəkdiyini deyir. O, oğlunun səhhətinə görə narahatdır. İşə yenidən baxılması üçün valideyn apellyasiya şikayəti verib.

Ana səhifəVideoNİDA-nın daha bir üzvü həbs edildi