NİDA: Elgiz Qəhrəmanın həyatına görə İlham Əliyev məsuliyyət daşıyır

“Repressiv üsullarla, insanların gözünü qorxutmaqla Azərbaycan xalqının problemləri həll olunmayacaq”

Source:

“Repressiv üsullarla, insanların gözünü qorxutmaqla Azərbaycan xalqının problemləri həll olunmayacaq”

“Avqustun 18-də Elgiz Qəhrəmanın həbs qərarından verilən apellyasiya şikayətinə baxılması üçün keçirilən məhkəmə prosesinə gətirilməməsi, adından məhkəməyə yazılan məktubda həbsinə etiraz etmədiyini və məhkəmə prosesində iştirak etmək istəmədiyini bildirməsi, altı gündür heç kimlə, xüsusilə də, vəkillə görüşməyə imkan verilməməsi bizi narahat edir. Bütün bunlar Elgiz Qəhrəmanın işgəncələrə məruz qalması barədə şübhələr doğurur və həyatı ilə bağlı ciddi narahatlığa əsas verir”.

NİDA Vətəndaş Hərəkatı artıq 6 gündür haqqında məlumat ala bilmədiyi üzvü Elgiz Qəhrəman və bu gün heç bir açıqlama verilmədən Bakı Şəhər Baş Polis İdarəsinə aparılan idarə heyətinin üzvü Turqut Qəmbərlə bağlı bəyanat verib.

Bəyanatda deyilir: “NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəman avqustun 12-də mülki geyimli şəxslər tərəfindən oğurlanıb. Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə aparılandan bugünədək onun haqqında xəbər almaq mümkün olmayıb. NİDA Vətəndaş Hərəkatı olaraq bildiririk ki, Elgiz Qəhrəmanın həyatı və sağlamlığı ilə bağlı məsuliyyəti birbaşa ölkə rəhbərliyi və şəxsən İlham Əliyev daşıyır. Elgiz Qəhrəmanın məhkəmə prosesinin keçirildiyi Apellyasiya Məhkəməsinin binası qarşısında NİDA idarə heyəti üzvü Turqut Qəmbər də heç bir açıqlama verilmədən saxlanılaraq, Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Bütün bu olanları hakimiyyət tərəfindən NİDA-ya qarşı növbəti repressiya dalğası kimi dəyərləndiririk və hakimiyyəti bu qanunsuzluqlara dərhal son verməyə çağırırıq”.

NİDA olaraq bildiririk ki, repressiv üsullarla, insanların gözünü qorxutmaqla Azərbaycan xalqının problemləri həll olunmayacaq, əksinə, bu, cəmiyyətdə gərginliyin artmasına səbəb olacaq. NİDA öz haqlı mübarizəsindən geri çəkilməyəcək və Azərbaycan xalqının azadlığı üçün mübarizəyə sonuna qədər davam edəcək.

Ana səhifəXəbərlərNİDA: Elgiz Qəhrəmanın həyatına görə İlham Əliyev məsuliyyət daşıyır