Onlar maşına bibər qazı atan şəxsin cəzalandırılmasını istəyirlər
NİDA-çılar etap olunduqları maşına buraxılmış bibər qazı ilə bağlı izahat yazıblar. Bu barədə məlumatı NİDA-çı Məmməd Əzizovun vəkili Fariz Namazlı verib. Vəkilin sözlərinə görə, məhbus gənclər maşına bibər qazı buraxan şəxsin cəzalandırılmasını tələb edirlər.
Fariz Namazlı Məmməd Əzizovun səhhətində problem olmadığını da qeyd edib.
Aprelin 1-də NİDA-çılar məhkəmə prosesindən sonra Kürdəxanı təcridxanasına aparılarkən maşında təxribatla üzləşiblər. Maşına artıq adam doldurub, amma hərəkətə gətirməyiblər. İçəridə havasızlıq yarandığından Zaur Qurbanlının səhhəti pisləşib. Bundan sonra məhbuslar maşının qapısını döyəcləyiblər. Buna cavab olaraq nəzarətçilər içəri bibər qazı sıxıblar. Nəticədə İlkin Rüstəmzadə gözündən zədələnib, Zaur Qurbanlının isə vəziyyət daha da ağırlaşıb.