Məmməd Əzizov Azərbaycan hökumətindən kompensasiya tələb edir
NİDA üzvü Məmməd Əzizov işgəncə faktlarının araşdırılmaması ilə bağlı Avropa Məhkəməsinə şikayət göndərib. Bu barədə vəkil Fariz Namazlı Meydan TV-yə məlumat verib. O deyib ki, M. Əzizovu 11 yanvar 2013-cü ildə Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları, həmin ilin 7 martında tutularkən və 15 martda MTN istintaq Təcridxanasında olarkən MTN əməkdaşları döyüb, ona işgəncə verib.
Baş Prokurorluq 4 iyunda NİDA üzvünə işgəncə yetirilməsi ilə bağlı cinayət işinin başlanmasını rədd edib. Həmin qərardan verilən şikayətləri Səbail rayon və Bakı Apellyasiya məhkəmələri də təmin etməyib. Bundan sonra M. Əzizov Avropa Məhkəməsinə şikayət göndərib.O, Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin (İşgəncələrin qadağan olunması) pozuntusunun tanınmasını və ədalətli kompensasiya verilməsini istəyir.
Məmməd Əzizova Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) maddələri ilə ittiham irəli sürülüb. O, özünü təqsirli bilmir.