İsraildə təcrid tədbirlərinin tərkib hissəsi olaraq başqasının evini ziyarət etməyə də icazə verilmir
Baş nazir Benjamin Netanyahunun həyat yoldaşı Sara saçlarını düzəltdirmək üçün hökumətin Covid-19 təcrid tədbirlərini pozub, – BBC xəbər verir.
İsrailin “Yedioth Ahronoth” qəzetinin yazdığına görə, xanım Netanyahunun saç ustası keçən həftə Baş nazirin rəsmi iqamətgahına gedib. Baxmayaraq ki, keçən ay ölkədə ölümcül virusa yoluxma sayında baş vermiş sıçrayışdan sonra tətbiq olunan təcrid qaydalarına görə zəruri ehtiyac olmazsa, bir insanın evindən 1 km (0,6 mil) məsafədə hərəkətinə icazə verilmir. “Bunlara xanım Netanyahu kimi rəsmi rolu olmayan birinin gözəllik baxımları daxil deyil”, – BBC qeyd edib.
İsraildə təcrid tədbirlərinin tərkib hissəsi olaraq başqasının evini ziyarət etməyə də icazə verilmir.
Xanım Netanyahunu təmsil edən mənbələr onun üz maskası taxmağın zəruriliyi barədə ictimaiyyəti məlumatlandıran video çəkərkən saçlarını qaydaya salmağa icazə verildiyini düşündüyünü deyib.
Mənbəyə görə, xanım Netanyahu saç stilisti ilə birlikdə olduğu zaman maska və əlcək taxdığı, saç kəsimi zamanı stilistlə ünsiyyət qurmadığı bildirilir.
Bundan öncə koronavirus test nəticəsi pozitiv çıxan bir İsrail naziri və Shin Bet təhlükəsizlik xidmətinin rəhbərinin də təcrid tədbirlərini pozduğu qeyd edilmişdi.
Şotlandiyanın birinci naziri Nicola Sturgeon isə insanları önümüzdəki iki həftə ərzində “tamamilə zəruri” olmadığı təqdirdə ictimai nəqliyyatdan istifadədən çəkinməyə çağırıb.
Nazir deyib ki, bəzi qeyd olunan ərazilərdə əhali yalnız işə, məktəbə gedərkən və ya başqa qaçılmaz səbəblərdən ictimai nəqliyyatdan istifadə etməlidir. Şotlandiyada üz maskasından istifadə ilə bağlı qaydaların sərtləşdiriləcəyi və bəzi kafe, restoran, bar və hotellərin xidmətinin məhdudlaşdırılacağı qeyd edilir. Şotlandiyada ilk dəfədir ki, son 24 saatda 1000-dən daha yuxarı yoluxma halı qeydə alınıb.
Sabah səhərdən etibarən Brüsseldə də kafe və barlar infeksiyaya yoluxma sayında olan artımla əlaqədər bir ay müddətinə bağlı olacaq. Çöldə spirtli içkilərdən istifadə qadağan ediləcək.
İordaniya Covid-19 infeksiyasında baş verən sıçrayışdan sonra cümə günündən etibarən ümumilikdə 48 saatlıq komendant saatı tətbiq ediləcəyini açıqlayıb.
Dövlət xəbər agentliyi “Petra” yalnız kritik işçilərin evlərindən çıxmasına icazə veriləcəyini deyib.