Nəşə çəkilməsinin insanın cinsi, mayalandırma fəaliyyətləri üzərindəki təsiri

Hər möcüzə əslində elmə əsaslanır.

Source:

Gəncənin çox ağır seyidlərindən biri kürəkənini yanıma gətirmişdi. Əslində belə də deyə bilərəm: öz qardaşı oğlunu müayinə olunmaq üçün yanıma gətirmişdi, zira seyid dostumuz qızını öz qardaşının oğlu ilə evləndirmişdi. Gənc ailə artıq 3 il sürən evlilik həyatında hələ də övlad sahibi ola bilmirdi.

Məşhur lətifədə olduğu kimi, elə ilk təhlildən məsələnin nə olduğu anlaşıldı. Əlimdəki toxum mayesinin təhlilinə baxdıqdan sonra oğlana doğru dönərək dedim:

— Nəşə çəkirsən mi?

— Yox, yox, həkim, nə danışırsınız?!

Bunu eşidən seyid heyrətlə oğlana dönərək əsəblə söylədi:

— Sən hələ də nəşə çəkirsən? Bəs mənə artıq tərgitmişəm deyirdin?

Doğrusu, özüm ilə fəxr edə bilərdim. Nəşə, ya da elmi adı ilə marihuana, kannabis istifadəsi kişi toxum hüceyrələri üzərində ciddi təsir buraxır. Bu təsiri tanımaq az-çox diqqətli bir həkim üçün çox asandır.

Qadınlardakı yumurta hüceyrəsini mayalandırmaq üçün nə lazımdır?

Bir hamiləlik faktının baş verməsi üçün qadınlardakı yumurta hüceyrəsinin ətrafına 100 min sağlam, hərəkətli kişi toxum hüceyrəsi (spermatozoid) yığışmalıdır. Belə uğurlu 4 görüşdən ancaq birində hamiləlik baş verir. Bütün dünya öz elmi potensialı ilə bu 1/4 ehtimalı hələ də doğru-dürüst izah edə bilməyibdir.

Yumurta hüceyrəsinin ətrafına 100 min hərəkətli spermin yığışması üçün isə qadın uşaqlığının qapısına ortalama 12 milyon “əla növ” toxum hüceyrəsi buraxılmalıdır. Doğrudur, kişilərin ifraz edilmiş bütün toxum hüceyrələri bu qədər sağlam olmur. Normativə baxsaq, normal hərəkətli spermatozoid sayı çox vaxt 30–40% ətrafında olur. Demək, kişilərdə çölə çıxan sperm sayı ən az 40 milyon ətrafında olmalıdır ki, onlardan heç olmazsa 12 milyonu “əla növ” olsun. Qalan toxum hüceyrələri yumurtaya çatana qədər ya ölür, ya da yolu azaraq tərs istiqamətdə gedirlər.

Kişidə sperm sayı az olduğunda mayalanma ehtimalı zəifləyir.

Kişidə sperm keyfiyyəti zəif olduğunda da mayalanma ehtmalı zəifləyir.

Əslində toxum hüceyrəsinin keyfiyyət göstəricisi təkcə hərəkəti deyildir — spermatozoidin quruluşu, daxilindəki genetik materialın bütövlüyü də keyfiyyət göstəricisidir.

Marihuana kişi cinsi sisteminə və atalığına necə təsir edir?

İnsan hüceyrəsinin üzəri Azərbaycandakı yataqxana binalarının çoxunda olduğu kimi müxtəlif antenlərlə örtülmüşdür. Hüceyrələrdəki bu “anten”lərə biz, reseptor deyirik. Sizin quraşdırdığınız anten TurkSat-dırsa, evinizdə şən türk musiqisi sədaları səslənəcəkdir. Amma Hotbird peykinə tuşlanmış anten ilə hər cür Avropa xalqlarının verilişləri evinizdəki televiziya qutusunda ifa ediləcəkdir. Hər peykin öz antenası olduğu kimi, hüceyrənin də hər həyat fəaliyyətinin — yemək, içmək, nəfəs almaq, ölmək üçün öz reseptoru, anteni vardır.

Təbiətdə rastlanan maddələrin bəziləri bu reseptorlara uyğun gəlir. Marihuana tərkibindəki bir neçə fəal maddə də insanın öz daxili kanabinoid sistemi ilə uyğunluq təşkil edir. Nəşələndirən otun tərkibindəki bu maddələr insan hüceyrələrinin üstündəki reseptorlara bağlanaraq onları qapadır, artıq fəaliyyət göstərə bilməyəcək şəklə gətirir.

Doğrudur, bəzən bu yapışma təsirsiz ötüşmür, axı nəşə çəkmiş biri həqiqətən də keflənir?!

Bunun effekti sizə oyuncaq mersedes maşını hədiyyə edilməsinə bənzəyir. Görüb sevinirsiniz, amma bu maşını sürmək nədir, heç yerindən də tərpədə bilməzsiniz. Eləcə “dıdın, dıdın” deyə-deyə xalçanın üstündə itləyə bilərsiniz.

Marihuananın təsirindən yazmaq niyə vacibdir?

Azərbaycan qanunvericiliyinə görə marihuananın istehsalı, satışı, istifadəsi qadağandır. Nəşə otu uyuşdurucu maddə olaraq qəbul edilir və üstündə gəzdirmək belə ciddi həbs cəzası ilə nəticələnə bilər. Amma buna baxmayaraq marihuana istifadəçilərinin sayı kifayət qədərdir. Dünya əhalisinin 2.5%-i, yəni təqribən 147 milyon insan marihuana istifadə edir. ABŞ-da uyuşdurucu maddə aludəçilərinin 80%-i (19.8 milyon) məhz marihuanaya üstünlük verir.

Marihuana zəif təsirli, başqa sözlə yumşaq uyuşdurucu maddədir. Hətta bu səbəblə Hollandiyada, ABŞ-ın 23 ştatında marihuana istifadəsinə qanunla icazə verilmişdir.

Doğrusu, mən özüm də marihuananın qadağan olunmuş maddələr siyahısından çıxarılmasına tərəfdaram. Tütün və spirtli içkilər də ən az marihuana qədər zərərlidir, amma onları qadağan etmir, ancaq nəzarət altında saxlayırlar.

Marihuana da icazəli, amma tənzimlənən maddə olmalıdır.

Marihuanan təsirləri haqqında əhali mütləq məlumatlandırılmalıdır.

Marihuanan sağlamlıq üzərində təsirləri.

Nəşənin insan sağlamlığına nə qədər təhlükəli olduğunu uzun-uzadı danışmaq olar. Amma bu dəfə sizə qısaca kişilərdə cinsi fəaliyyət və mayalandırma qabiliyyəti üzərində təsirindən danışmaq istəyirəm.

Kişilərdə cinsi istək, cinsi əlaqəyə girmək arzusu Testosteron və Luteinizan Hormon (LH) ilə tənzimlənir. Toxum hüceyrələrinin istehsalına isə Testosteronla yanaşı Follikul Stimllaşdırıcı Hormon (FSH) nəzarət edir.

Düstur çox sadədir:

Testosteron və/və ya LH səviyyələri aşağı olarsa, insanın cinsi istəyi azalır.

Testosteron və FSH səviyyələri aşağı olarsa, kişidə sperm sayı və keyfiyyəti aşağı düşür.

Kanabinoidlərin nəsilartırma sistemi üzərində təsiri haqqında xeyli məqalə və kitab yazılmışdır. Tibbi bazaların ənginliklərində axtarışa çıxdığım zaman sizə əyani vasitə kimi amerikalı alim Aşok Aqarvalın qrupunun məqaləsini seçdim. Bu məqalə mövzu ətrafında dünyada aparılmış bütün araşdırmaları əhatə etməyə çalışan geniş bir yazıdır.

Dr. Aqarvalın və yoldaşlarının araşdırmaları zamanı marihuana istifadəsinin

3 məqalədə FSH üzərində təsiri olmadığı göstərilmişdir.

2 məqalədə LH səviyyəsini düşürdüyü, 1 məqalədə isə dəyişdirmədiyi iddia edildiyi aşkar edilmişdir.

4 məqalədə Testosteron səviyyəsini dəyişdirmədiyi, 2 məqalədə isə düşürdüyü təsbit edilmişdir.

Gördüyünüz kimi, marihuana istifadəsinin cinsi istəyə təsiri haqqında alimlər yekdil fikrə gələ bilməyiblər. Amma toxum hüceyrəsinə təsiri haqqında demək olar ki hamı həmfikirdir. Aparılmış araşdırmaların əksəriyyətində toxum mayesində spermatozoidlərin sayının azaldığı, onların ciddi xəsarət görərək eybəcərləşdiyi (morfologiyasının pozulduğu) aşkar edilmişdir.

Həqiqətən də, marihuana istifadəçisinin sperm təhlilində toxum hüceyrələrinin əksəriyyətinin cansız, eybəcər olduğunu asanlıqla görmək olar. Gəncədən seyid dostumuzun kürəkənində də bu qədər eybəcər toxum hüceyrələri gördükdən sonra oğlanın ən az bir dəfə nəşə çəkdiyinə şübhəm qalmadı.

Bu dünyada möcüzə və yüksək zəka deyə bildiyimiz şeylərin əksəriyyəti əslində sadə faktlara əsaslanmaq və diqqətli olmaqdan irəli gəlir.

Hər möcüzə bir elmdir.

Hər möcüzə əslində elmə əsaslanır.



Mənbə: Vasif İsmayılın bloqu

Ana səhifəAnalitikaNəşə çəkilməsinin insanın cinsi, mayalandırma fəaliyyətləri üzərindəki təsiri