“Nərmin işi”ndə yeni müəmmalar: yanmış geyimlər eyni vaxtda iki müxtəlif nazirlikdə necə araşdırıla bilərdi?

Foto: Meydan TV

Hadisə yerindən tapılmayan parça və geyimlərlə bağlı ekspert rəyi var

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda ittiham olunan İlkin Süleymanovla bağlı cinayət işində ən çox mübahisə yaradan məqamlardan biri də ekspertiza rəyləridir. Bu səbəbdən onun vəkilləri rəy vermiş ekspertlərin məhkəmədə dindirilməsi haqda vəsatət qaldırmışdılar. Müdafiə tərəfinin dindirilməsində israrlı olduğu ekspertlərdən biri Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin əməkdaşı Aysel Cavadova idi. O, martın 29-da məhkəmədə dindirilib.

İlkin Süleymanovun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində Dadaş İmanovun sədrliyilə baxılır. Aysel Cavadova paltarlar və başqa predmetlər, onların üzərindən liflərin tapılması və s. haqda rəy verib.

O, məhkəmədə vəkillərin suallarını cavablandırarkən bildirib ki, hadisə yerindən (meyitin yandırıldığı yerdən) tapılan materialları 2020-ci il yanvarın 17-dən fevralın 17-nə qədər tədqiq edib və rəy verib. O, rəyində hadisə yerindən tapılan predmetlərdə – Nərmin Quliyevaya məxsus olduğu iddia edilən paltarlarda İlkin Süleymanovun gödəkçəsinin lifinin tapılması haqda rəy verib. Həmçinin İlkin Süleymanovun alt isti tuman-köynəyində Nərmin Quliyevanın paltarının lifinin tapılması haqda rəyi var və s.

İlkin Süleymanovun vəkilləri Aysel Cavadovanın nəzərinə çatdırıb ki, cinayət işinin materiallarında Səhiyyə Nazirliyinin ekspertlərinin patoloji və bioloji ekspertiza rəyi var. Həmin rəydən isə görünür ki, Aysel Cavadovanın tədqiq etdiyi materiallar yanvarın 13-dən fevralın 21-nə qədər Səhiyyə Nazirliyinin ekspertlərində olub.

“Bu materiallar eyni vaxtda həm sizdə, həm də onlarda ola bilməzdi. Səhiyyə Nazirliyinin rəyindən görünür ki, materiallar hələ yanvarın 13-dən onlarda olub, 24-nə qədər tədqiqat aparıblar, ardınca da rəyi hazırlayıblar. Fevralın 21-də prokurorluğa təhvil veriblər. Siz də deyirsiniz ki, yox, yanvarın 21-də bizdə olub. Bu ziddiyyəti necə izah edirsiniz?”, – vəkil Əlibaba Rzayev Ədliyyə Nazirliyinin ekspertindən soruşub.

O, cavabında bildirib ki, materiallar onda olub.

Ardınca vəkil vurğulayıb ki, məhkəmə mütləq bu ziddiyyəti araşdırmalı, aydınlıq gətirməlidir. Ekspertiza rəylərindən birinin saxta olduğu dəqiqdir.

Digər vəkil Zabil Qəhrəmanov ekspert Aysel Cavadovanın nəzərinə çatdırıb ki, o, hadisə yerindən tapılmayan, hadisə yerinin müayinə protokolunda olmayan, başqa sözlə, rəsmi qaydada müstəntiqin ona təqdim etmədiyi predmetlərlə bağlı rəy verib. Həmin predmetləri isə haradan, necə, hansı qaydada, hansı şəraitdə aldığı məlum deyil. Konkret olaraq, sənədlərdə göstərdiyi qırmızı əski parçası, cins parçadan lasindən söhbət gedir. Bunların heç biri hadisə yerindən tapılmayıb. Hər halda, hadisə yerindən tapılan əşyalarla bağlı protokolda yoxdur.

Aysel Cavadova bildirib ki, müstəntiqin ona təqdim etdiyi kisəni açanda onun içində görüb. Vəkil Əlibaba Rzayev bildirib ki, iş materiallarında həmin kisənin açıq şəkildə çəkilmiş fotosu var. Onun içərisində heç nə görünmür. Əgər nəsə olsaydı, müstəntiq özü də görərdi və protokolda qeyd edərdi:

“Sizinlə yanaşı, birlikdə çalışdığınız ekspert Zemfira xanım da o kisənin içinə baxıb və rəy verib. Lakin onun rəyindən görünür ki, sizdən fərqli olaraq, o kisənin içində kisə qalıqları və qara parçadan başqa heç nə tapmayıb”.

Aysel Cavadova israr edib ki, oradan qırmızı əski parçası, çins lasin də daxil olmaqla, 5 əlavə predmet tapıb.
Məsələ burasındadır ki, Aysel Cavadova həm də cins lasinin üzərindən İlkin Süleymanovun gödəkçəsinə aid lifin tapılması, üzərində qırmızı qan ləkəsi olan parçanın isə İlkin Süleymanovun bacısının evindən götürülən yorğan üzü ilə eyni parçadan olması haqda rəy verib.

Vəkillər vəsatət vermişdi ki, hadisə yerindən götürülmüş maddi sübutlar məhkəmə zalına gətirilsin, rəy vermiş Aysel Cavadovanın iştirakıyla araşdırılsın. Maddi sübutlar torbalarda məhkəmə zalına gətirilib. Vəkillər prokurorun və ekspertin iştirakıyla torbalara baxış keçirəndə məlum olub ki, onların saxlanma qaydası pozulub. Vəkillər buna etiraz edib.

“Bu, nədir, nə möhür var, hamısının da ağzı açıqdır? Maddi sübutları belə saxlayırlar? Bizim tam haqqımız var deyək ki, maddi sübutlara müdaxilə olunub, saxtalaşdırılıb…”, vəkillər etirazlarını bildirib.

Vəkillər İlkin Süleymanovun bacısı Kəmalə Məmmədovanın evindən götürülmüş qırmızı yorğan üzünün maddi sübutlar arasından çıxarılmasını və yanmış kiçik əski parçasıyla müqayisə olunmasını istəyiblər. Bu zaman məlum olub ki, yorğan üzünün bir hissəsi kəsilib.

“Niyə kəsiblər evdən götürülmüş yorğan üzünü? Saxta sübut yaratmaq üçün? Yandırıb, sonra işin içinə sübut qoymaq üçün? Əgər əvvəldən var idisə, niyə hadisə yerində olmamışdı? Niyə hadisə yerinin müayinə protokolunda yox idi? Deməli, işin içinə sonradan əlavə olunub”, – vəkillər etiraz ediblər.

Cinayət işinin materiallarında iddia olunur ki, İlkin Süleymanov Nərmin Quliyevanın başına daşla vuraraq onu qətlə yetirib. Başından qan axanda isə qırmızı əski parçasını onun baş nahiyəsinə qoyub, qanın qarşısını alıb.
Məhkəmə prosesi aprelin 4-də davam edəcək.

“İlkin Süleymanovun gödəkçəsini o geyimlərə sürtüblər ki, saxta sübut yaratsınlar”

İlkin Süleymanovun vəkili Əlibaba Rzayev Meydan TV-yə bildirib ki, cinayət işinin materiallarında hadisə yerindən götürülmüş maddi sübutların eyni vaxtda iki deyil, üç fərqli məkanda olduğunu göstərən sənədlər, ekspert rəyləri var. Üçüncü ekspert rəyini isə növbəti məhkəmə iclaslarından birində açıqlayacaqlar:

“Bu cinayət işində saxtakarlıqlar saymaqla bitmir. Bu da onlardan biridir. Əslində, indiyə qədər ortaya qoyulanlar yetərlidir ki, İlkin Süleymanov haqqında bəraət hökmü çıxarılsın. Təsəvvür edin, necə ola bilər ki, müstəntiq görmədi, çəkilən fotolarda yoxdur, başqa ekspert görmədi, sonradan bircə Aysel Cavadova gördü qırmızı əski parçasını, cins lasin parçasını. Necə olur, İlkinin gödəkçəsinin lifi o geyimlərə çıxır, o geyimlərin lifi gödəkçənin üstündə çıxmır? Hesab edirik ki, sonradan gətirib İlkinin gödəkçəsini sürtüblər o geyimlərə, rəy alıblar ki, hadisə yerindən tapılan paltarlarda gödəkçənin lifi tapıldı. Neçə ki, evdən götürülmüş yorğan üzünün bir parçası kəsilib. O qanlı parça vardısa, hadisə yerindən tapılmışdısa, protokolda niyə yoxdur? O qədər adamın gözü hara baxırdı? Şəkillərdə niyə yoxdur? Ən əsası, evdən götürülmüş parça niyə kəsilib? Hamısı saxta sübut yaratmaqdan ötrü…”.

Tarixçə

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.
Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.

Ana səhifəRedaktor seçimi“Nərmin işi”ndə yeni müəmmalar: yanmış geyimlər eyni vaxtda iki müxtəlif nazirlikdə necə araşdırıla bilərdi?