Məhləmizin irili-xırdalı özəllikləri çoxdu. Məsələn, oliqarxların villalarına, “Qafqaz”’ otel kompleksinə, qiymətləri tüstülənən restoranlara gedən yolun bizə dönən hissəsindəki nəhəng plakat kompleksi.
2003-cü ilin prezident seçkilərində tələsik bir divar hörüb daşların arasına çaydan su çəkərək oranı ulu öndərə həsr olunmuş bulaq elan etdilər. Üstünə Heydər Əliyev ortada olmaqla hər tərəfində o ölçüdə azadlıq, demokratitya, müstəqillik, xalqın rifahı, xoşbəxt gələcək barədə gözəl şüarlar yazılmış iki başqa divar qurdular. O zamanlar həmin “bulağın” büdcəsi ilə maraqlanıb öyrəndiyim çoxsıfırlı rəqəmlərdən başım gicəlləndi. O vəsaitlə bütöv bir kəndin içməli su ehtiyacını ödəmək olardı.
İlham Əliyevin siftəsilə fırlanan kranın suyu uzun illər asfaltın altındakı borularla cəmi on-on beş addımlıqdakı zibil dolu arxa axıdıldı. Amma insafən allahın qurdu-quşu və adamı da o plakatlı bulaqdan az faydalanmırdı. Və bu da iqtidarın əli cibində qazandığı ən böyük nadir savablardan biriydi. Ta o vaxta qədər ki, bizim tərəflər sayğac sisteminə keçdi. Həyətlərdə sayğaclar fırlanmağa başlayanda mövcud hökumət öz həmişəyaşar qurucusunun suyunu kəsdi.
Xalqın ev-eşiyini, tövləsini, hinini darmadağın edib yerində salınan parklarda səhərə qədər yüzlərlə, minlərlə lampa yandıran rejim o suya sahib çıxa bilməzdimi? Heç deyilsə çayları, bulaqları məmur villalarına, otellərinə əsir düşmüş əhalinin xırdaca hissəsi sayğacı borcdan “donanda” o sudan istifadə edərdi. Bəlkə elə buna görə çıxmadı ki, müvəqqəti olsa da, kimsənin yanan ürəyinə su səpilməsin…
Bugünlərdə qapımızın ağzında səs-küy eşitdim. Çıxıb baxanda bir nəfər yaxınlaşıb nərdivan xahiş etdi. Nərdivanımız var, amma küçəmizə gələnlər zəruri şeyləri daim məndən alıb yararsız hala salaraq qapıya atıb gedirlər. O acığa da “yoxdu” demək istəyəndə maraq məni saxladı. Bel, dırmıq, balta istəyənləri görmüşdüm, nərdivan nəyin nəsidi görəsən?
O nəfər dedi ki, nərdivan Heydər Əliyevin plakatını sökmək üçün lazımmış. Niyəsini soruşmadım, çünki belələri tapşırığı qüsursuz yerinə yetirmək üçün min dona girər, amma artıq heç nə danışmazlar. Vaxta ki, altındakı suyu da kəsiblər, o quru plakat daha hansı məntiqin üstündə duracaq ki? Nərdivanın yerini göstərdim, sevinə-sevinə götürüb apardı. Canfəşanlığın dozasından nərdivanın ən azı bir qalaqsız qayıdacağını gözümün altına alıb bir azdan söküntü yerinə getdim.
Heydər Əliyevin plakatı hələ yerindəydi, sağında-solundakı “xalqın rifahını”, “xoşbəxt gələcəyi” və sairəni yıxıb sökürdülər. Ortada xeyli taxta, dəmir vardı. Şüarların yazıldığı üzlüklər necəgəldi qopardılıb ayaq altına atılmışdı. Qonşulardan kimsə üzlüklərdən birini eyvanının daman yerini örtmək üçün götürmək istədi. İcazə vermədilər.
Dediklərinə görə, materialları “optovoy” özləri pulla alıblarmış.
Bu rəzalətdə sona qədər iştirakçı olmamaq üçün nərdivanı geri istədim. Söküntü rəhbəri üzümə bozardı:
– On-on beş dəqiqəyə qaytarırıq da. Neynirsiz ki, bu saatda nərdivanı?
– Mənə indi lazımdı. Doğrayıb yandıracam.
– Nərdivandan odun olar?
Cavab verməyib fəhlənin nərdivanla rahat keçməsi üçün qapını açırdım ki, arxamızca səsləndi:
– Mən qəsdən ortadakı plakatı sökürük dedim, yoxsa nərdivanı verməyəcəkdiniz.
Bunu özü dedi…
İndi bizim yolun başındakı susuz daşların üstündə Heydər Əliyevin dəyişənək tənha portreti durur. Azadlıq, demokratiya və sairəni isə xırda balıqlar “yedilər”.
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.