“Nəqliyyatda baş verən artıq və əsassız ödənişlərlə niyə DTX məşğul olur?”

Toğrul Maşallı deyir ki, yoxlama nəticəsində Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsində 2 milyondan çox əsassız ödəniş tapılıb.

Foto: Meydan TV


4 dövlət qurumunda 5 milyon 440,63 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsində yoxlama aparıb.

Rəsmi açıqlamada bildirilir ki, yoxlama Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məktubu və Xidmətin İstintaq Baş İdarəsinin qərarı əsasında edilib.

2016-cı ilin yanvarından 2018-ci ilin mayınadək olan müddəti əhatə edən yoxlama nətəcəsində məlum olub ki, Avtonəqliyyat Baş Gömrük İdarəsində 2 milyon 27 min 800, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində isə 3 milyon 281 min 270 manat artıq və əsassız ödənişlər edilib.

4 dövlət müəssisəsində (Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Zəngilan rayon şöbəsi və Təhsil Nazirliyinin Saatlı rayon Təhsil Şöbəsinin Yeni Novruzlu kənd tam orta məktəbi də daxil olmaqla) 5 milyon 440,63 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib. Təqsirkar şəxslər hesabına həmin vəsaitin 3 milyon 295,08 min manatının bərpası təmin olunub. Müvafiq sənədlər aidiyyəti üzrə təqdim olunub.

İqtisadçı Toğrul Maşallı deyir ki, belə yoxlamalar daim aparılır. Burada ən maraqlı məqam prosesi DTX-nın məktubu əsasında aparılmasıdır:

“Bu dəfə yoxlamaya DTX qoşulub. Mənim üçün təəccüblüdür. Nəqliyyatda baş verən artıq və əsassız ödənişlərlə niyə DTX məşğul olur? Axı bu, dövlət təhlükəsizliyi ilə birbaşa əlaqəli məsələ deyil. Onlar bununla nəyinsə əsasında məşğul ola bilərdilər”.

untitled.png
Toğrul Maşallı

Toğrul Maşallı deyir ki, yoxlama nəticəsində Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsində 2 milyondan çox əsassız ödəniş tapılıb. Üstəlik idarə bu xərcləməni 16 gün içində edib:

“Belə çıxır ki, günə 120 min manat əsassız xərcləmə olub. Bu, kifayət qədər böyük rəqəmdir. Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində də 3 milyondan artıq əsassız ödəniş qeydə alınıb. Ancaq onlar bunu 2,4 ilə xərcləyib. 16 günlə müqayisədə o qədər böyük məbləğ deyil”.

İqtisadçı deyir ki, adətən idarələr il sonuna yaxın büdcədən böyük rəqəmlər silirlər. Bu, alışılan durumdur. Ona maraqlı olan durum isə gömrükdə baş verənlərdir. Deyir, görəsən bu idarədə nə baş verir ki, onu yoxlamaq üçün DTX xüsusi istintaq qrupu yaradıb:

“Bu aradırma korrupsiya işləri çərçivəsində aparılmayıb. Çünki o işlə müvafiq komitə məşğul olur. Daha bir məqam var ki, adətən idarələr çalışırlar ki, il sonunda büdcəni bərpa etsinlər. Ancaq Avtonəqliyyat Baş Gömrük İdarəsi vəsaiti bərpa edə bilməyib. Təxmin edə bilərəm ki, digər idarələrlə bağlı da biz bu ilin 3-cü rübündə və ya ilin sonunda oxşar nəticələr görə biləcəyik. Onlarda da müvafiq yoxlamalar aparılıb və artıq və əsassız ödənişlərlə bağlı məlumatlar yayılacaq”.

Yoxlamaların aparıldığı dövrdə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev olub. 2018-ci ildə keçirilən Prezident seçkilərindən sonra komitəyə Səfər Mehdiyev sədrlik edir.

Ana səhifəXəbərlər“Nəqliyyatda baş verən artıq və əsassız ödənişlərlə niyə DTX məşğul olur?”