Nensi Pelosi – ABŞ-ın Nümayəndələr Palatasının ilk qadın spikeri

“Biz bir ölkə kimi güclü olmalıyıq…, bizim gələcəyimiz olan insanların arzularına hörmət etmək üçün. Gənclər bizim gələcəyimizdir, “xəyalpərəstlər” (mühacir uşaqlar – A.Y.) də onların bir hissəsidir”.

Source: meydan.tv


(ikinci hissə)



Qadın çay paketi kimidir – qaynar suya salmayana qədər nə dərəcədə möhkəm olduğunu deyə bilməzsiz.



Nensi Pelosi

Məsələn, keçmiş konqresmen Henri A.Vaksman xatırlayır ki, iqlim dəyişikliyilə bağlı qanuna dəyişiklikləri dəstəkləməyən yunan əsilli Zak Speysi “yola gətirmək” üçün Nensi Pelosi Amerikanın yunan cəmiyyətinin qadın liderini səsvermə prosesinə dəvət edib və onun göndərdiyi mesajdan sonra Speys dəyişikliyin lehinə səs verib.

****

“Foreign Policy” (“Xarici siyasət”) jurnalının “100 qlobal mütəfəkkir” siyahısına daxil etdiyi (2012, “Amerikada siyasi disfunksiyanın diaqnozu” əsərinə görə) politoloq Norman Ornşteyn missis Pelosinin birinci spikerliyi dönəmini – 111-ci Konqresin fəaliyyətini “Amerika tarixində ən məhsuldar konqreslərdən biri” kimi qiymətləndirib.

Elə həmin dövrdə ABŞ prezidenti Barak Obama Nensini “Amerika xalqı üçün fövqəladə lider” adlandırıb. “Christian Science Monitor” (“Xristian elm manitoru”) qəzeti isə onun haqqında belə yazıb: “Nensi Pelosi Amerika siyasətində ən nüfuzlu qadın, Sem Reyberndən yüz il sonra Nümayəndələr Palatasının ən nüfuzlu spikeridir”.

Əslində, missis Pelosi Nümayəndələr Palatasındakı bütün 32 illik fəaliyyəti boyu çox məhsuldar çalışıb, amma milyonlarla iş yerinin bərpası, qorunması və şirkətlərə yeni investisiyaların verilməsi; müxtəlif sosial layihələr vasitəsilə ailələrə yardım göstərilməsi, işçilərin 95%-i üçün vergilərin azaldılması; amerikalıları iş üçün başqa ölkələrə getməyə məcbur edən səbəblərin aradan qaldırılması kimi ciddi nəticələrə məhz birinci spikerliyi dönəmində nail olub.

Bundan başqa, o, əlçatan tibbi xidmət haqqında qanun layihəsinin təsdiqlənməsində də həlledici rol oynayıb. Bu, amerikalılara köhnə xəstəliklərin müalicəsi üçün də sığorta haqqı verən; illik və ömürlük sığorta məhdudiyyətlərini aradan qaldıran, milyonlarla amerikalı üçün əlçatan tibbi sığorta fürsəti yaradan; tibbi xidmətlərin qiymətini azaldan bir qanunuydu, prezident Obamanın təşəbbüsüylə hazırlanmışdı və qəbul edilməsi az qala mümkünsüz görünürdü. Hətta o dərəcədə mümkünsüz ki, Obama bir ara ciddi tərəddüd keçirmiş, geri çəkilmək barədə düşünmüşdü. Prezidenti bu fikrindən daşındıran və axıra qədər ona dəstək verib qanunun qəbuluna şərait yaradan məhz missis Pelosi olmuşdu.

Böyük bankları cilovlamaq və istehlakçıların maraqlarını qorumaq üçün başladılan ciddi islahatlara da o rəhbərlik etmişdi. Tələbələrə yardım və maliyyə məsuliyyəti haqqında qanun onlardan biriydi – bu qanun təhsil imkanlarının artırılmasını və vergi ödəyiciləri sayəsində toplanan milyardlara qənaət edilməsini nəzərdə tuturdu.

Əməkhaqqı ödənişində rastlaşdıqları diskriminasiyayla mübarizə aparmaq üçün işçilərə məhkəmə xidmətlərindən istifadə imkanı yaradan ədalətli ödəniş qanunu; 11 milyon uşağa tibbi xidmət təmin edən qanun, dövlət qulluğu haqqında qanun, nifrət motivli cinayətlər haqqında qanun, uşaq qidası və qida təhlükəsizliyi haqqında qanun – bunlar da Nensi Pelosinin spikerliyi dövründə və onun böyük dəstəyi sayəsində qəbul edilib.

1993-cü ildə qüvvəyə minmiş və o vaxtdan etibarən ciddi narazılıqlara və müzakirələrə səbəb olmuş hərbi xidmətlə bağlı qadağaların aradan qaldırılmasında da missis Pelosinin böyük əməyi var (El arasında “Soruşma, demə” kimi bilinən bu qanun homoseksual orientasiyasını publik açıqlamış kişi və qadınlara ABŞ ordusunda xidmət etməyi; ordu rəhbərliyinə isə hərbi qulluqçulara onların orientasiyasıyla bağlı sual verməyi qadağan edirdi).

****

Nensinin spiker olaraq gündəmə gətirdiyi əsas məsələlərdən biri də iqlim böhranı olub. Onun təşəbbüsü və rəhbərliyilə qəbul edilən enerji qanunvericiliyi nəqliyyat vasitələrində istifadə edilən yanacağın keyfiyyət standatrlarını yüksəldib (32 ildən sonra ilk dəfə).

Təmiz enerji və ekoloji təhlükəsizliklə bağlı genişmiqyaslı qanun layihəsi də Palatada Nensinin spikerliyi dövründə müzakirəyə çıxarılıb və qəbul olunub. Ancaq respublikaçıların çoxluq təşkil etdiyi Senat təmiz enerji sahəsində iş yerlərinin yaradılması, iqlim böhranıyla mübarizə və ABŞ-ın təmiz enerji əsaslı iqtisadiyyata keçməsi kimi vacib məsələləri əhatə edən qanunu təsdiqləməyib.

Bu, missis Pelosinin ekologiya sahəsində ilk təşəbbüsü deyildi. Hələ 1989-cu ildə Konqres “Pelosi düzəlişi” kimi bilinən qanun qəbul etmiş; ABŞ-ın Dünya Bankındakı nümayəndəsinə ətraf mühitə mənfi təsir edən, səsverməyə qədər 120 gün ərzində ictimai müzakirəyə açıq olmayan istənilən layihənin lehinə səs vermək qadağan olunmuşdu. Hazırda qlobal investisiya layihələri bütün dünya miqyasında bu prinsipə əsasən qiymətləndirilir.

Həmin il Nensi başqa bir düzəliş təşəbbüsüylə də çıxış etmişdi – prezidentdən tələb olunmuşdu ki, Çinin daha çox dəstəklənən ölkələr siyahısında daha bir il saxlanması qərarı rəsmi Pekin demiokratik dəyişiklik tələbli kütləvi aksiyalarda saxlananları azad edəndən; bütün ölkədə, o cümlədən, Tibetdə dini mənsubiyyətə görə təzyiqlərə son qoyandan və həbs edilmiş bütün dini liderləri azad edəndən sonra verilisin.

O dövrdə San-Fransiskoda “Presido” fondunun yaradılması və keçmiş hərbi bazanın milli parka çevrilməsi layihəsinin müəllifi də Nensi olmuşdu.

Missis Pelosinin birinci dönəm spikerliyində Nümayəndələr Palatası hökumətin hesabatlılığını və şəffaflığını artırmaq üçün islahatlarla bağlı Konqres tarixinin ən sərt qanunvericilik aktlarını qəbul etmiş, peşə etikasıyla bağlı komissiya yaratmışdı.

Nensinin adıyla bağlı önəmli qanunlar arasında bunlar da var: son on ildə ilk dəfə minimum əməkhaqqının artırılması; kolleclərin tələbələrə maliyyə dəstəyinin o vaxta qədər olmayan səviyyədə genişləndirilməsi; İraq və Əfqanıstan müharibələri veteranlarına təhsil imkanı yaradan qanunun qəbulu; veteranlara, onların qəyyumlarına və təşkilatlarına göstərilən xidmətlərin genişləndirilməsi.

****

Nümayəndələr Palatasında respublikaçıların çoxluqda olduğu sonrakı dönəmlərdə missis Pelosi Konqresdəki demokrat azlığın lideri olaraq fəaliyyət göstərib və yenə böyük uğurlara imza atıb: hər iki partiyanın tibbi sığorta qanunuyla bağlı tarixi razılaşması onun təşkilatçılı altında baş tutub; İranla nüvə razılaşması imzalanandan sonra respublikaçıların ortaq fəaliyyət planını rədd etməsinə mane olmaq üçün prezidentin mümkün vetosuna yetərli sayda tərəfdar toplayıb; Dünya Ticarət Mərkəzinin Sağlamlıq Proqramının bərpa olunan külək və günəş enerjilərinin tətbiqi sahəsinə güzəştli vergi siyasətinin daha 5 il uzadılmasına; opioid epidemiyası üçün ayrılmış maliyyənin 3,2 milyard dollar, qeyri-infeksion xəstəliklərlə bağlı araşdırmalar üçün nəzərdə tutulan vəsaitinsə 3 milyard dollar artırılmasına; uşaqların inkişafıyla bağlı qrantların illik həcminin o vaxta qədərki ən yüksək həddə çatdırılmasına nail olub.

Respublikaçılar tibbi sığortayla bağlı əvvəlki qanunu qüvvədən salmaq və ya dəyişmək, tibbi xidmətlərin əlçatanlağını xeyli dərəcədə məhdudlaşdıracaq «Trumpcare» qanununu qəbul etmək istəyəndə isə Nensi Pelosi buna qarşı genişmiqyaslı ümummilli kampaniya başladıb (“Pasientlərin müdafiəsi və əlçatan xidmət haqqında” adlı birinci qanun 2010-cu ildə qəbul edilmiş, politoloq N.Ornşteyn onu “indiyə qədər gördüyüm ən yaxşı qanunvericilik aktı” adlandırmışdı).

BN-WS780_3kxr6_OR_20171222100519.jpg
Nensi Pelosi

Nensi Pelosinin ciddi müqavimət göstərdiyi məsələlərdən biri də immiqrantlara qarşı dövlət siyasətinin kəskinləşdirilməsi olub – 7 fevral 2018-ci ildə büdcənin Nümayəndələr Palatasındakı müzakirəsi zamanı Nensi Barak Obamanın qeydiyyatsız mühacirlərə yardım məqsədilə imzaladığı DACA (mühacir uşaqlara görə təxirə salınmış fəaliyyət) proqramının büdcə xərclərinə daxil edilməməsinə etirazını bildirib:

“Biz bir ölkə kimi güclü olmalıyıq…, bizim gələcəyimiz olan insanların arzularına hörmət etmək üçün. Gənclər bizim gələcəyimizdir, “xəyalpərəstlər” (mühacir uşaqlar – A.Y.) də onların bir hissəsidir. Ölkəmizin qüdrəti onlara xüsusi dəyər qazandırıb”.

Missis Pelosinin ogünkü çıxışı tam 8 saat 7 dəqiqə davam edib və Konqres tarixinə həm də ən uzun çıxışın müəllifi kimi düşüb (Hazırda DACA-nın ləğvi məsələsi məhkəmə müstəvisində davam etdirilir).

Həmin günlərdə missis Pelosi Nümayəndələr Palatasında prezident Donald Trampı müdafiə məqsədilə qəbul edilmiş memorandumun səsvermədən sonra dəyişdirilməsini təhlükəli və qaydalara zidd addım adlandırıb, bununla bağlı spikerə etiraz məktubu yazıb:

“Tramp-Rusiya qalmaqalı haqqında həqiqəti ört-basdır etmək üçün respublikaçıların Palatada tətbiq etdikləri əngəlləmə və gizlətmə metodları bizim kəşfiyyatımıza və milli təhlükəsizliyimizə təhlükə törədir. Respublikaçılar Partiyası partizanlıq edərək kəşfiyyat məlumatlarını dəyişdirilməklə, ABŞ-ın hüquq-mühafizə və kəşfiyyat orqanlarının diskreditasiyasına səbəb olublar”.

Nümayəndələr Palatası Kəşfiyyat Komitəsinin sədri Devin Nunyesi “bilərəkdən saxtakarlığa yol verməkdə” ittiham edən Nensi onun dərhal vəzifəsindən kənarlaşdırılmasını tələb edib (Nunyes demokratların qalib gəldiyi və Nensi Pelosinin ikinci dəfə spiker seçildiyi son seçkilərə qədər (yanvar, 2019) komitə sədri olaraq qalıb).

Konqresə seçilən qadınların sayının 80-dən 94-ə çatmasıyla da əlamətdar olan 2019-cu il seçkilərindən sonra bəzi demokratlar missis Pelosinin yenidən spiker seçilməsinə çox da müsbət yanaşmayıblar. Nensi gənc lider arzusunda olan partiya yoldaşlarına vəd edib ki, bu dəfə vəzifə müddətini özü könüllü şəkildə məhdudlaşdıracaq. Belə yüksək postu tərk edəndən sonra ruhdan düşəcəyini deyənlərə isə o, belə cavab verib: “Mən partiyanın bütün strukturlarında entuziazmla işləməyə alışmışam, ona görə bunun öhdəsindən gələ bilərəm”.

Ana səhifəXəbərlərNensi Pelosi – ABŞ-ın Nümayəndələr Palatasının ilk qadın spikeri