“Nənələrimiz də bu yaşda uşaq doğub”

Qadınlar, əsasən də yeniyetmə qızlar hamiləlik və doğuş zamanı hansı risk və təhlükələrlə üzləşirlər

“Gecələrin birində mənə bir zəng gəldi. Bir uşaq mənə dedi ki, mənim 13 yaşım var və mən dünyaya uşaq gətirmişəm”, – Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə belə deyir.

Sentyabrın 7-də Bakıda 13 yaşlı yeniyetmə ana olub və hazırda o, uşaq sığınacağına yerləşdirilib.

Azyaşlı hamilə olduğunu bildikdə bunu anasından da gizlədib:

13 yaşlı bir qızın dünyaya uşaq gətirməsi həm fizioloji, həm də mənəvi cəhətdən də çox böyük bir travmadır, böyük bir sarsıntıdır, – Kəmalə Ağazadə danışır. – Nəzərə alaq ki, o uşağın dünyaya gəlməsi ev şəraitində baş verib, heç kim olmadan, özü bu uşağı dünyaya gətirib. Anası onu görəndə artıq uşaq doğulmuşdu və dərhal təcili yardım çağırılıb, o da xəstəxanaya qaldırılıb. Bu sarsıntıları yaşayan uşağın reabilitasiyası heç də elə belə asan keçmir”.

Dünya statistikasına baxdıqda görürük ki, kiçik yaşda ana olan qızlar arasında ölüm halları daha yüksəkdir. Bədən həmin yaşda müəyyən inkişaf səviyyəsinə çata bilər, ancaq bu, o demək deyil ki, doğuşa da hazırdır” – psixoloq Mələk Kərimova deyir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bütün dünyada 15-19 yaşlı qızlar arasında hamiləlik və doğuş zamanı yaranan ağırlaşmalar əsas ölüm səbəblərindən biridir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə doğulan 84 körpənin anası 16 yaşa qədər olan yeniyetmələr olub.

Azyaşlının doğumu. Foto: Meydan TV

Ölkədə azyaşlı nikahlar qanunla qadağan olunduğu üçün statistikaya düşən rəqəmlər əsasən hüquq-mühafizə orqanlarının aşkara çıxardıqlarıdır.

“Əksər hallarda, hamilə qalan yeniyetmə qızlar cinsi zorakılığın qurbanı olurlar”. – Və çox təəssüf ki, belə halları öyrənəndə məlum olur ki, təcavüz edən tərəf yaxın qohumlardan biridir. Bu, əmi, əmioğlu və ya sizə yaxın olan başqa biri ola bilər. Yəni mənim praktikamda çox nadir hallarda, demək olar ki, heç vaxt yad adam olmayıb”.

Və bu səbəbdən ən çox ailə üzvləri azyaşlının hamiləliyini gizlətməyə çalışır, işi ört-basdır etmək üçün doğuş ev şəraitində həyata keçirilir.

Bu faktı uşaq evinin rəhbəri də təsdiqləyir.

“Ötən il də analoji vəziyyət olub”, – Ağazadə deyir. “Ögey atası tərəfindən fiziki və cinsi zorakılığa məruz qalan qız vaxtından əvvəl körpə dünyaya gətirib. Biz bu haqda məlumat verəndə sosial şəbəkədə mənə çoxlu şərhlər gəldi, deyirlər – bunu niyə ictimailəşdirirsən? Bəs biz nə etməliyik? Gizlətmək? Axı hər belə xəbər dərc olunandan sonra eyni vəziyyətdə olan başqa qızlardan da mesajlar alırıq və onlara kömək edə bilirik”.

Azərbaycanda yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismar, o cümlədən on altı yaşına çatmamış uşaqlarla cinsi əlaqədə olma qanunla cəzalandırılır.

Qanun öz yerində, ancaq cəmiyyət də bu qəbildən olan xəbərlərə kifayət qədər soyuq yanaşır. Əksəriyyət “burda nə var ki? Nənələrimiz də elə bu yaşda doğub” şəklində düşünür.

“Mən təcavüzkar haqqında heç nə demək istəmirəm. İstintaq gedir, o, mütləq həbs olunacaq, ya da bəlkə də artıq dəmir barmaqlıqlar arxasındadır. Mən qızın reabilitasiyası ilə məşğulam”, – Ağazadə deyir.

Azyaşlının hamiləliyi. Foto: Meydan TV

İkiqat qüvvə ilə

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yeniyetmə analar (10-19 yaş) 20-24 yaşlı qadınlara nisbətən eklampsiya, doğuşdan sonrakı endometrit və sistem infeksiyaları, dünyaya gətirdikləri körpələri isə aşağı çəki, vaxtından əvvəl doğuş və ağır neonatal xəstəliklərlə daha çox üzləşirlər.

Hamiləlik dövründə bütün daxili orqanlar ikiqat qüvvə ilə işləyir. Ürək, qaraciyər, dalaq, hələ yumurtalıq haqda danışmıram, – deyir ginekoloq Təranə Həsənova. – Bu orqanların hər hansı birində xroniki xəstəlik olarsa o xəstəlik hamiləlik zamanı aktivləşir. Və yaxud əgər həmən orqanlar tam kamilləşməyibsə, yəni qadının 18 yaşı yoxdur və yeniyetməlik dövründədirsə bu zaman həmin orqanlar, mən ikiqat deməzdim, daha çox yüklənir. Daha artıq qüvvə ilə işləməyə başlayır ki, bu da onların işini çətinləşdirir və inkişafda olan orqanizm üçün daha artıq zərbə faktorudur. Orqanizm digər xəstəliklərə həm kəskin, həm də xroniki xəstəliklərə məruz qalır.

Yeniyetməlik dövründə bədən aktiv şəkildə böyüyür və kifayət qədər miqdarda kalsiuma ehtiyac duyur. Və hamiləlik dövründə yeniyetmə ana onun üçün lazım olan bu mikroelementi uşağı ilə bölüşməyə məcbur olur. Eyni zamanda, yalnız gələcək ananın bədənində deyil, həm də döldə kalsium çatışmazlığı müşahidə olunur ki, bu da öz növbəsində körpənin sümüklərinin formalaşmasında pozuntulara səbəb olur. Bundan əlavə, hamiləlik dövründə uşaqlıq böyüyür və ananın daxili orqanlarına təzyiq göstərməyə başlayır. Bu zaman ən çox hamilə qadının ürəyi yüklənir və əgər ananın əvvəllər ürək problemləri olubsa, hamiləlik vəziyyəti daha da ağırlaşdıracaq.

Əgər hamilə qadın azyaşlıdırsa, o, 9 ay ərzində ciddi həkim nəzarətində olmalıdır”, – Təranə Həsənova vurğulayır. – Amma bildiyimə görə, Azərbaycanda hamilə olan yeniyetmələrin heç də hamısı həkim nəzarətində deyil. Bu fakt çox vaxt gizlədilir, hətta doğuşlar evdə aparılır”.

ushag3
Foto: Meydan TV

Erkən hamiləlik zamanı, həkim ana və uşağın taleyi üçün də əlavə məsuliyyət daşıyır. İlk növbədə, hamiləliyə və sağlamlığa minimal zərərlə doğumun mümkünlüyü məsələsini həll olunur. Qərar ciddi surətdə fərdi olmalıdır. Qızın yaşı və hamiləlik müddəti həlledicidir. Ekspertlər xəbərdarlıq edirlər ki, qəbul edilən qərarların hər biri arzuolunmaz nəticələrlə doludur. Hamiləlik dayandırıldqda növbəti dəfə hamilə qalmaqdan tutmuş, sonsuzluğa, hormonal fonun pozulmasına, immunitetin düşməsinə, endokrin sistemin sabitliyinin pozulmasına, yumurtalığın yetkin olmaması səbəbindən cırılmasına, ciddi iltihabi xəstəliklərin inkişafı riskinə, menstral tsiklin pozulmasına və s. problemlərə səbəb ola bilər.

Hamiləliyini saxlayaran yeniyetmə elə problemlərlə üzləşə bilər ki, onun həllinə nə fiziki, nə də mənəvi cəhətdən hazırdır.

Hətta adi görünən toksikoz belə zərərsiz olmaya bilər.

Hamiləlik tez-tez birinci və ikinci trimestrdə toksikozla müşayiət olunur. “. ..Yetkinlik yaşına çatmayanlar isə toksikoza çox çətin keçirirlər” deyir ginekoloq. – Onlar toksikoz səbəbindən risk altındadırlar. Toksikoz bir sıra ağır xəstəliklərə də səbəb ola bilər”. Onların arasında: anada ürək-damar patologiyasının inkişafı, böyrək çatışmazlığı, fetal inkişafın gecikməsi kimi hallar var.

ushag1
Foto: Meydan TV

T.Həsənova deyir ki, erkən yaşda hamiləlik zamanı endokrin sistem təsirə məruz qalır, çünki endokrin sistem yeniyetməlik dövründə inkişaf edir:

Məhz endokrin sistemin təsiri altında qızlar və oğlanlar həddi-büluğ dövrünə yetişirlər. Qızlarda həmin anda yumurtalıq, uşaqlıq inkişaf etməyə başlayır və inkişafda olduğu zaman cinsi həyat baş verərəsə hamiləlik baş verir. Hamiləlik baş verirsə sonra doğuş baş verir. Bu da hələ o demək deyil ki, onlar tam şəkildə hazırdırlar. Sadəcə inkişaf mərhələsindədirlər”.

T.Həsənova endokrin sistemin bu mərhələdə təsirə məruz qalmasının gələcəkdə bir sıra patologiyalara səbəb olacağını bildirir:

Ola bilsin, bu patologiyalar həmən yaş dövründə deyil, bir qədər gec meydana çıxa bilər. Məsələn, uşaqlıq boynu xərçəngi. Uşaqlıq boynu xərçənginin nədən yaranma səbəbləri inkişaf etmiş ölkələrdə elmi-tədiqiqat institutları tərəfindən araşdırılıb. O faktorlardan biri məhz erkən yaşda cinsi həyatın başlanmasıdır. Erkən yaşda cinsi həyatın başlanması məhz uşaqlıq boynunu fiziki təzyiqə məruz qoyur və bu da qadını uşaqlıq boynu xərçənginin risk qrupunda olan insanlar sırasına salır”.

Ginekoloq onu da deyir ki, dünyadakı elmi-tədqiqat institutlarının uşaqlıq boynu xərçənginin araşdırmaları ilə tanış olsa da, bu sahədə ölkədə heç bir tədqiqata rast gəlməyib: “Ancaq belə bir tədqiqat aparılsa şübhəsiz ki, çox ürəkağrıdan nəticələr ortaya çıxa bilər”.

Uşaqlıq boynu xərçəngi də hamiləliklə bağlı xərçəng xəstəlikləri arasında birinci yerdədir. Hər 10 000 hamiləlikdə bu patologiya ilə qarşılaşma halı 1-dən 13-ə qədərdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 15-49 yaşlı qadınlar qrupunda ilk dəfə uşaqlıq boynunun və cisminin, eləcə də ciftinin xərçəng diaqnozu qoyulan qadınların sayı 2020-ci ildə 703, 2021-ci ildə isə 850 nəfər olub. Bu diqnoz Azərbaycanda qadınlar arasında süd vəzi xərçəngindən sonra ikinci yerdə gəlir. 

14-17 yaşlarında olan qadınlarla bağlı onların müxtəlif növ xəstəliklərə yoluxma riski statistika materiallarına salınsa da, yalnız ilk dəfə xərçəng diaqnozu qoyulan şəxslərin göstəriciləri dərc olunub, ya da məlumat ümumi verilib. Məsələn, 2020-ci ildə 14-17 yaş qrupunda olan qızların bədxassəli şişlərlə xəstələnməsi hadisəsi 23 olub, 2021-ci ildə də bu rəqəm dəyişməz qalıb. 23 hadisənin xərçəngin hansı növünə aid olması isə detallı olaraq  verilməyib.

Mümkün fəsadlar arasında ginekoloqlar ən ciddi fəsadlardan biri olan uşaqlığın cırılması təhlükəsi barədə də xəbərdarlıq edirlər.

Psixoloji hazırlıq

Ümumiyyətlə hamiləlik – dünyaya uşaq gətirmə prosesi – özü başlı-başına müsbət və mənfi bir stress kimi qiymətləndirilə bilər”, – deyir psixoloq Mələk Kərimova.

Bir tərəfdən qadının bədənində fizioloji dəyişiklikləri başlayır. İkinci bir tərəfdən bədənin həm də psixoloji cəhətdən sadəcə özündən yox, daha bir canlı üçün də məsuliyyət daşıdığı hissini müşahidə eləmiş oluruq. Təbii ki, burada qadının analığa, dünyaya uşaq gətirməyə hazırlığı var, nə qədər  bu uşağı dünyaya gətirmək istəyir bu, çox önəmlidir. Çünki bu, gələcəkdə doğulacaq körpənin də psixi və sosial inkişafına təsir edən faktordur”.

ushag2
Foto: Meydan TV

Psixoloqun sözlərinə görə, erkən yaşda hamiləlik zamanı formalaşmamış,  psixi cəhətdən tam yetkinləşməmiş, özünü, nə istədiyini tam bilməyən insanın valideynliyindən söhbət gedir:

Bu hissədə də yeniyetmə hələ uşaqlıq dönəmindən yeniyetməlik dönəminə keçid edir. Hələ yeni bir bədən quruluşuna alışmağa çalışarkən burada ikinci bir hissə baş verir, hamiləlik. Bu da başlı-başına o yeniyetmə üçün yeni qeyri-müəyyənlik kimi fəsadlara yola aça bilər. Onun dünyaya gətirdiyi övladının da stressə davamlılığı az olacaq”.

Mələk Kərimova hesab edir ki, əsas problem bu da deyil:

 “Mən artıq dedim ki, qızlar ən çox cinsi zorakılıq nəticəsində hamilə qalırlar. Təəssüf ki, ailələrdə, xüsusən də Şərqdə insanlar ilk növbədə “çirkli çamaşırları camaat içinə çıxarmamaq” haqqında düşünürlər. Uşaq isə bu mövzuda valideynləri, anası ilə açıq danışa bilmir, qorxur, bunu biabırçılıq hesab edir, susur. Yaxud da elə olur ki, ana bilir, amma ailəsi üçün ayıb hesab etdiyinə görə susmağa üstünlük verir. Və hətta qızı sona qədər susmağa məcbur edir. Və burada söhbət nəinki cinsi zorakılıqdan sağ çıxan, həm də ailəsi tərəfindən tam anlaşılmazlıqla üzləşən, problemi həll etmək əvəzinə “utancını” gizlətməyə çalışan qızın ağır taleyindən gedir. Qızları belə bir psixoloji travmadan çıxarmaq kifayət qədər çətin ola bilər. Biz psixoloqlar üçün bu, illər çəkə bilər”.

Doğuş zamanı və doğuşdan sonra

Ginekoloq T.Həsənova deyir ki, hamiləliklə yanaşı doğuş zamanı və doğuşdan sonra da azyaşlı analarda bir sıra ağırlaşmalar meydana çıxa bilər:

Bu ağırlaşmalar ondan ibarətdir ki, uşaqlığın və uşaqlığın daxili qişasının iltihabi xəstəliyi – endometrit, endometritlə xəstələnə bilərlər, yenə deyirəm, böyük risk qrupundadırlar. Sonsuzluq faktoru ikinci yerdə durur, menstural funksiyanın pozulması, hansı ki, buna bir neçə dəfə rast gəlmişəm”.

Erkən yaşda hamiləlik eklampsiyaya da səbəb ola bilər ki, bu xəstəliyin yaranması doğuş zamanı və ya doğuşdan sonra baş verir. Eklampsiya hamiləliyin ikinci yarısında, doğuş zamanı və doğuşdan sonrakı dövrdə baş verə bilən bədən əzələlərinin spazmıdır. Bu xəstəliyin inkişafı, qan damarlarının, böyrəklərin və digər həyati orqanların zədələnməsinə səbəb olan hamiləlikdən başlayan patoloji proseslərin fonunda baş verir.

Foto: Meydan TV

Nəinki analar, dünyaya gələn körpələr də müxtəlif patologiyalarla üzləşə bilərlər:

Uşağın orqanizminin normal yetişməsi ananın sağlamlığından çox asılıdır. Məsələn, hər hansı bir xroniki xəstəliyi olan qadın hamilə qalırsa hökmən həkimin icazəsilə və həkim nəzarətində olmalıdır. Doğuşun aparılması və doğuşdan sonra həmin mütəxəssis nəzarət etməlidir. Baxın, burada hətta xroniki xəstəlikdən belə söhbət getmir. Burada inkişaf etməkdə olan orqanizmdən söhbət gedir, – deyən ginekoloq vurğulayır ki, bu zaman inkişaf etməkdə olan orqanizm öz funksiyalarını normal şəkildə yerinə yetirə bilmir:

Qan-damar sistemi öz funksiyasını yaxşı yerinə yetirə bilmədiyinə görə bu qızlarda həm erkən doğuşlar, doğuş vaxtının uzanması və doğuşda uşağın travma alma riski çox yüksək olur. Qısası, ola bilər ki, bu uşaqlarda ilk uşaqlıq yaşlarında xəstəliklər nəzərə çarpmasın. Ancaq onlar ilk yeniyetməlik yaşına çatanda problemlərin əksəriyyəti onda yaranır”.

Hazır olmaq lazımdır

Psixoloq Mələk Kərimova deyir ki, hamiləliyə hazır olmamaq ağır psixoloji nəticələrə gətirib çıxara bilər və bu da fizioloji proseslərə təsir edir:

Olur ki, hamiləlik yaxşı gedir, amma qadın eyni zamanda düşünür ki, “mən  ana olmaq istəmirəm, uşağa baxa bilmərəm” və ya “mənim uşaq dünyaya gətirməyə haqqım yoxdur, yaxşı ana ola bilməyəcəm”, yəni arzuolunmaz hamiləlik var və təbii ki, psixoloji cəhətdən bütün bunları yaşamaq daha çətindir. Və o vaxt da ana bətnində olan uşaq hər şeyi hiss edir, ananın bu stresli vəziyyəti uşaq üçün təhlükəli ola bilər”.

Belə bir vəziyyətdə yetkinlik yaşına çatmamış qızlar olduqda onlar üçün daha da çətin olur.

Təsəvvür edin ki, hələ yeniyetməlik çağında olan bir qız artıq hamiləliyi, dünyaya gətirəcəyi uşağı haqqında düşünməlidir, o, psixoloji və fizioloji cəhətdən buna hazır olmalıdır – bu, düzgün deyil“.

“Mediaşəbəkə”nin dəstəyi ilə

Ana səhifəVideo“Nənələrimiz də bu yaşda uşaq doğub”