Əfqan Muxtarlının vəkili söhbərlərinin dinlənildiyini bildirib
Vəkil Nemət Kərimli oktyabrın 17-də Bakı İstintaq Təcridxanasında məhbus jurnalist Əfqan Muxtarlı ilə görüşdə təzyiqə məruz qalıb.
Məlumatı Meydan TV-yə vəkil özü verib.
Nemət Kərimli bildirib ki, o, jurnalistlə görüşərkən nəzarətçilər söhbətlərini dinləyib, gülürmüşlər:
“Mən görüşdən çıxarkən nəzarətçilərdən Ədalət Qurbanlı məni yoxlamaq istədikdə, etiraz edib, bu barədə qərarı istədim. Sonra məni məcburi şəkildə rəis Rəşid Səfərovun yanına apardılar. Rəisin yanında Əfqan Muxtarlının qohumları ilə görüşə əngəllər yaradılmasını xatırlatdım. Amma rəis Rəşid Səfərov jurnalistin qohumları ilə görüşə heç bir problem olmadığını bildirib. Bununla belə mən baş verənlərin məqsədli olduğunu hesab edirəm”.
Vəkil qarşılaşdığı olayı özbaşınalıq adlandırıb və buna görə Respublika Prokurorluğuna şikayət edəcəyini deyib.
Gürcüstanda yaşayan Əfqan Muxtarlı mayın 29-da saxlanılıb. Onunla bağlı yayılan rəsmi məlumatda Ə.Muxtarlının Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığı deyilir.
Jurnalistə qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.
Ə.Muxtarlı Gürcüstanda oğurlanaraq Azərbaycana gətirildiyini deyir. Onun cinayət işi Meydan TV ilə bağlı açılmış cinayət işinə birləşdirilib.