”European Tobacco Baku”-nun rəhbərliyi dəyişib
“European Tobacco Baku” adıyla fəaliyyət göstərən Bakı Tütün Kombinatının ağır günlər yaşayır”.
Bu barədə AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı Nemət Əliyev öz “Facebook” səhifəsində yazıb.
İqtisadçı bu ilin I rübündə ölkə üzrə papiros və siqaret istehsalının 80 faiz və ya 5 dəfəyə yaxın azaldığını bildirib.
N.Əliyevin sözlərinə görə, aylıq istehsal orta hesabla 5 min qutuya düşüb:
“İlkin hesablamalar göstərir ki, Tütün Kombinatının istehsal gücündən istifadə səviyyəsi 10 faizin aşağısına enib. Nəzərə alaq ki, papiros və siqaret kütləvi istehlak malıdır. Belə olan halda ölkənin ən böyük papiros və siqaret istehsalçısının bu vəziyyətə düşməsi çox acınacaqlıdır. Hazırkı şəraitdə Tütün Kombinatını saxlamağın mümkünlüyü sual altındadır. Çünki indiki istehsal səviyyəsinə uyğun gəlirlərlə işçilərin maaşlarını vermək, digər istehsal, qeyri-istehsal xərclərini qarşılamağın mümkünlüyü xeyli şübhələrə yol açır”.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin I rübündə xaricdən 30,2 milyon dollar məbləğində tütün və tütün məmulatları gətirilib və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 30 faizə qədər artıb.
“Yəni yerli istehsaldakı itkilərin yaratdığı boşluq aşağı-yuxarı idxal hesabına doldurulub. Valyuta itikiləri ilə-üz-üzə olduğumuz indiki zamanda yerli istehsala deyil, idxala üstünlük verilməsi nəticə çıxarmaq baxımından çox düşündürücüdür” – iqtisadçı vurğulayıb.
Nemət Əliyev xatırlatıb ki, bir zamanlar kombinatda 1300-1500 adam çalışırdı. İndi onların sıra sayı təqribən 200 nəfərə qədər azalıb:
“Hazırkı tənəzzül yəqin ki, işçilərin əlavə ixtisarı məsələsini də gündəmə gətirib. Belə məlum olur ki, yerli istehsalı inkişaf etdirməyin vacibliyi haqqında səslənən rəsmi fikirlər boğazdan yuxarıymış və buna görə də əməli işlərdə özünü göstərmir”.
“European Tobacco Baku”-dan Meydan TV-yə bildiriblər ki, rəhbərlik dəyişdiyindən suallara 15 gün sonra cavab veriləcək.