Nemət Əliyev: Tarif Şurasının qərarı ləğv olunmalıdır

”Tarifləri qaldırmaqla zərərli yol seçilib”

Source:


”Tarifləri qaldırmaqla zərərli yol seçilib”

“Tarif Şurasının qərarı geri oxunmalıdır!”

Bunu iqtisadçı Nemət Əliyev deyir. İqtisadçı öz “Facebook” səhifəsində yazır:

“Bildirildiyinə görə, bu qərar il ərzində 300 milyon manat əlavə vəsait cəlb etməyə imkan verəcək. 300 milyonu əldə etməyin 3 alternativ yolu təqdim olunur. Necə deyərlər, könlü balıq istəyənin quyruğu suda gərək. Baş nazir Artur Rəsizadə müşavirələrin birində Heydər Əliyevə izahat verərək xatırladırdı ki, Sovetlər İttifaqı dövründə elektrik enerji itkisi 8 faizdən 9 faizə qalxanda aləm dağılırdı. Niyəsi budur ki, sovetlərdə elektrik enerjisinin hər bir kVt/saatına qədir-qiymət verərdilər. Bu üzdən 8 faizlik normadan kənara çıxan itkilərə görə idarəetmə pilləsində məsuliyyət daşıyan bütün vəzifəlilərə, rəhbərlərə rahatlıq verməzdilər, işə qeyri-ciddi münasibətin hesabını sorardılar. 1 faiz əlavə itkiyə göz yummağın növbəti aylarda və illərdə daha böyük itkilərə yol aça biləcəyini hələ o dövrlər yaxşı başa düşərdilər. Bu məsələdə heç kəsə güzəşt etməzdilər deyə aləm bir-birinə dəyərdi. Bəs bizdə vəziyyət necədir? 2010-2015-ci illərdə hər il orta hesabla 3,5 milyard, 6 ildə isə 21 milyard kVt/saata yaxın elektrik enerjisi itkiyə gedib. Bu həcm, demək olar ki, Azərbaycanın birillik tələbatı qədərdir. Deməli, altı ildə birillik tələbatımız qədər elektrik enerjisi itkiyə gedib. İtkilər hər il orta hesabla 15,6 faiz təşkil edib. 2010 və 2011-ci illərdə bu göstərici, hətta 20-21 faizə qədər yüksəlib. Haşiyə çıxaraq qeyd etmək yerinə düşər ki, itkilərin bu qədər biabırçı səviyyəyə qalxmasına görə məsuliyyət daşıyan bir kimsəyə hələ də “gözün üstə qaşın var” deyən olmayıb. Bəs nə üçün sovetlərdə 1 faiz əlavə itkiyə görə aləmin dağılmasından xəbərdar olanlar 12 faiz əlavə itkiyə yol verdiklərinə görə vəzifəli bir kimsənin “telini” də tərpətməyib? Məhz işə bu cür qeyri-sağlam münasibətə görədir ki, energetika sektorunda itkilərin idarə olunmasında anarxiya kök atıb”.

Nemət Əliyev deyir ki, itki səviyyəsini 8 faizə endirməklə (qabaqcıl ölkələrdə bu göstərici daha aşağıdır) hər il orta hesabla 1,7 milyard kVt/saat elektrik enerjisini qoruya bilərdik:

“Hər kVt/saatına 7 qəpik hesablasaq, bu, 1 ildə 119 milyon manat, 6 ildə isə 714 milyon manat deməkdir. Fikrimcə, əlavə milyonlar əldə etməyin əsas mənbəyini bu istiqamətdə axtarmaq və üzə çıxarmaq lazımdır.

Təbii qaz itkisinin həcmi heyrətamiz həddə yüksəlib. Yalnız 2015-ci ildə 1,1 milyard kub metr qaz itkisinə yol verilib. İtki səviyyəsi 9,5 faizdən yüksək olub. Bu sahədə yol verilən itki norması 6-7 faiz intervalında qiymətləndirilir. Deməli, itki səviyyəsini norma həddinə endirməklə ildə 288 milyon kub metr təbii qaza qənaət edə bilərdik. Ötən il təbii qazın kub metri xaricə 20 sentdən satılıb. Bu hesabla dəyərləndirmə etsək, 57,6 milyon dollar, Mərkəzi Bankın bu günə olan məzənnəsi ilə konvertasiya etsək, 100 milyon manat alınar. Deməli, qazpaylayıcı şəbəkələrdə itkiləri azaltmaqla, normaya salmaqla hər il milyonların növbəti partiyasına çıxış əldə etmək mümkündür. 2014 və 2015-ci illərin müqayisəli təhlili göstərir ki, sonuncu ildə 365 min ton (NE) əlavə yanacaq sərf olunmasına baxmayaraq, elektrik və istilik enerjisinin istehsalı əvvəlki ilə nəzərən aşağı düşüb. Belə aydın olur ki, natura ifadəsində 360 min ton mazut hədər gedib. Deməli, enerji istehsalında yanacaq sərfiyyatı üzərində etibarlı nəzarət mexanizmini bərpa etmək hesabına növbəti 59 milyon dollara – 100 milyon manata qənaət etmək mümkündür (Paylaşdığım bir neçə əvvəki statusda bu haqda geniş yazılıb). Yəni bu istiqamət milyonlar əldə etməyin növbəti mənbəyi hesab oluna bilər. Bu istiqamətlər üzrə gərəkən tədbirləri həyata keçirməklə hər il 300 milyon manatdan çox maliyyə vəsaitinə qənaət etmək mümkündür. Odur ki, maliyyə axtarışları bu istiqamətlərdə aparılmalıydı. Burada üstünlük ondadır ki, itkilərin və sərfiyyat səviyyəsinin aşağı salınması malların, iş və xidmətlərin maya dəyərinə və deməli, həm də bahalaşmaya azaldıcı təsir göstərir. Nəticədə yerli malların rəqabət qabiliyyəti arta, əhalinin həyat səviyyəsinin pisləşməsi səngiyə bilər. Lakin Maliyyə Nazirliyi, hökumət maliyyə mənbələrini fərqli istiqamətlərdə axtarıb. Tarifləri qaldırmaqla zərərli yol seçilib. Çünki enerji daşıyıcılarının qiymət artımı hər bir halda xərclərə artırıcı təsir göstərir. Bu hesabla, yerli malların rəqabət qabiliyyəti zəiflədiyinə görə bazarlarda üstünlük idxal mallarının xeyrinə dəyişir. Tarif artımı, həm də bahalaşmaya əlavə təkan verir. Bu da, bir qayda olaraq, əhalinin alıcılıq qabiliyyətinin pisləşməsi ilə müşayiət olunur. Odur ki, nə qədər gec deyil, istehsal, xidmət və həyat səviyyəsi göstəricilərinin daha da pisləşməsinin qarşısını almaq naminə Tarif Şurasının qərarı ləğv olunmalıdır”.

Ana səhifəAnalitikaNemət Əliyev: Tarif Şurasının qərarı ləğv olunmalıdır