”Neftin qiyməti yenidən düşsə, Azərbaycan böyük iqtisadi çətinliklərlə üzləşə bilər”

İlham Şaban: “Yaxın 20 ildə neftə tələbat olacaq”

Source:
Neft
Neft


İlham Şaban: “Yaxın 20 ildə neftə tələbat olacaq”

“Engie” energetika şirkətinin icraçı vitse-prezidenti Terri Leperk “Bloomberg” agentliyinə bildirib ki, neft sənayesi beş “enerji sunamisi” yaşayacaq.

Onun sözlərinə görə, on ildən az müddətə neftin 1 barrelinin qiyməti on dollara qədər düşə bilər.

Qiymətlərə Günəş enerjisi və batareyalarının qiymətinin ucuzlaşması, elektromobillərin satışının artması, “ağıllı” binalar və ucuz hidrogen təsir edəcək.

“Hətta neftə tələb 2025-ci ilədək artsa belə, bazarlar tələbatın əhəmiyyətli dərəcədə aşağı düşməsini gözlədiyi üçün onun qiyməti on dollaradək düşə bilər”, – Leperk deyib.

Sonuncu dəfə neft 1998-ci ildə belə ucuzlaşıb. Azərbaycanın neft iynəsindən qurtula bilmədiyini nəzərə alsaq, bu proqnozun gerçəkləşdiyi təqdirdə ölkəni nə gözləyir?

İqtisadçı Natiq Cəfərli Turan-a

deyib ki

, hazırda neftlə bağlı proqnozlar çoxdur və onun qiymətini texnoloji inqilabla, süni intellektin yaranması, alternativ enerji mənbələrinin geniş yayılması və elektromobillərə sürətli keçidlə bağlayırlar.

Natiq Cəfərli

“Daha əvvəl proqnozlaşdırıldı ki, 2017-ci ilədək bütün dünyada avtomobillərin yalnız 0,5% -i elektrik enerjisi ilə işləyəcək, lakin hazırda bu göstərici 7%-dir. Proqnozlara görə, 2020-ci ilə qədər maşınların ümumi sayında elektromobillərin miqdarı 15-20% olacaq, 2035-ci ilə qədər isə Avropa və Amerika tamamilə bu cür nəqliyyat növünə keçməyi planlaşdırır. Çin də 2030-cu ildə daxili yanma mühərriklərindən tamamilə imtina etmək niyyətində olduğunu bildirib. Yəni dünyada ciddi texnoloji dəyişikliklər baş verir – elektromobillərin maya dəyəri azalır və onların işlədiyi batareyaların həcmi artır. Gələn ildən etibarən batareyalar təkmilləşdiriləcək və onlar bir dəfə doldurulmaqla min kilometrədək məsafə qət edəcək”, – deyə o qeyd edib.

N.Cəfərli qeyd edib ki, 1 barrel neftin qiymətinin 10 dollar olacağı proqnozu bir qədər fantastik görünür, çünki neftin maya dəyəri istehsal edən ölkədən asılı olaraq 9-13% aralığında dəyişir.

“Lakin neftin qiymətinin 25-30 dollar səviyyəsinə enməsi ehtimalı çox yüksəkdir. Təbii ki, Azərbaycan, Rusiya, Səudiyyə Ərəbistanı, İran, Venesuela kimi neftdən tamamilə asılı olan ölkələrdə neftin ucuzlaşması fəsadlar törədəcək, bu ölkələr kəskin bir böhranla qarşılaşacaq. Azərbaycan artıq 2015-ci ildə belə bir vəziyyətə məruz qalıb. Nəticədə devalvasiya baş verdi, manat iki dəfə ucuzlaşdı, ÜDM 4% düşdü, işsizlik artdı, dövlət büdcəsi dollar ekvivalentində 2007-ci ilin səviyyəsinə qayıtdı. Əgər neft yenidən 25-30 dollar qiymətə düşsə, onda Azərbaycan böyük iqtisadi çətinliklərlə üzləşə bilər”, – iqtisadçı əlavə edib.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Meydan TV-yə deyib ki, son 45 ildə neftin qiyməti 10 dollara düşməyib və ona görə də “Engie” energetika şirkətinin icraçı vitse-prezidenti Terri Leperkin proqnozunu siyasi hesab etmək olar.

Xüsusən də açıqlamada Rusiya və Səudiyyə Ərəbistanının iqtisadiyyatlarının çökməsi narahatlığı vurğulanırsa, proqnozun siyasi yönümlü olması təsdiqlənir.

İlham Şaban bildirib ki, 1990-cı ildən bəri, son 27 ildə neftin ən aşağı qiyməti 1998-ci ildə 14 dollar olub.

“Neftin qiyməti bir gündə 1 dollar da ola bilər, amma bunun heç nəyə aidiyyatı yoxdur. Çünki neft hər partiya dəyişən xam mallara aiddir, hər hərraca çıxarılan partiyanın öz qiyməti olur. Bu mənada neft bazarında rüblük və illik qiymət maraqlıdır. 2016-cı ilin yanvarın 20-də neftin müxtəlif markaları 20 dollara da satılırdı, hətta Venesuala nefti 18 dollara da düşdü. Ancaq orta qiymət 42 dollar idi. Bu mənada Terri Leperkin proqnozu reallıqdan uzaqdır”.

İlham Şaban deyib ki, əgər bugün neft dünya enerji balansında bir nömrəli yanacaqdırsa və yaxın 20 ildə bu dəyişməyəcəksə, tələbat olacaqsa, Terri Leperkin fikirləri inandırıcı gəlmir:

“Mən inanmıram ki, 2040-cı ildə enerji balansında qaz nefti üstələsin. Hazırda ikinci yerdə kömür, sonra qaz gəlir. Yaxın onilliyin ortasında qazın kömürü üstələməsi gözlənilir. Nəhayət, ildə 4 milyard ton neft hasil edilirsə, qiymət niyə enməlidir?”

İlham Şaban

Ekspert alternativ enerji mənbələrinin, elektromobillərə sürətli keçib barədə qeyd edib ki, avtomobil XIX əsrin sonunda çıxsa da, inkişaf etmiş ölkələrdə orta təbəqəli əhali üçün ötən əsrin 60-70-ci illərdə əlçatan olub.

“Avtomobilin orta təbəqə üçün əlçatanlığı üçün görün nə qədər zaman keçdi. Bəli, bu dəfə sürət həmin dövrdəki kimi olmayacaq. Ancaq neft şirkətləri də öz bizneslərini buna görə qururlar, metallurgiya və digər bazarları öyrənib, təhlil edir, ardınca qərarlar qəbul edirlər”.

İ.Şaban qeyd edib ki, bugün dünyada avtomobilin orta qiyməti 15-17 min dollardırsa, elektromobilin qiyməti 50 min dollardır. Azərbaycan əhalisinin neçə faizi 50 min dollarlıq benzinlə işləyən avtomobili ala bilir?

Elektromobilin qiyməti isə 100 min dollardır. Ona görə bazara daxil ola bilmir. Hesab edək ki, dünyada 1 milyard elektromobil var, bunlar nəylə qidalanmalıdır, günəş, yaxud külək enerjisi? Əlbəttə, ənənəvi enerji olan qaz, mazutla”.

Neftin sonuncu kəskin qiymət düşümü 2015-ci ildə olub. O vaxt “Brent” neftinin 1 barrelinin qiyməti təxminən 35% azalaraq 55,38 dollardan 36,28 dollara düşüb. Neftin dünya bazarında ucuzlaşması ifrat təklifin təzyiqi və İranın neft ehtiyatlarının sərbəst buraxılması gözləntisi nəticəsində baş verdi. Nəhayət, ABŞ-ın neft ixracına qadağanı aradan qaldırması və Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) kvotaları azaltmamaq qərarı qiymətlərə öz təsirini göstərdi. Hazırda vəziyyət bir qədər sabitləşib (bir barrel üçün 63,87 dollar), lakin iki il əvvəl qiymətlərin düşməsi neft hasil edən ölkələrdə kəskin iqtisadi böhrana səbəb oldu.

Ana səhifəXəbərlər”Neftin qiyməti yenidən düşsə, Azərbaycan böyük iqtisadi çətinliklərlə üzləşə bilər”