“Göydə mənim ulduzlarım var, amma evimdə yanmamış xırdaca çırağıma həsrət çəkirəm”.
“Nobel”çı Rabindranat Taqor
*****
Neft amili hesabına zirvələri fəth etdiyimizi zənn edirdik. Böyük neft pulları əldə etmiş bir ölkənin kənd təsərrüfatının bir sahəsinə bu qədər möhtac qalacağını təsəvvür etmək çox təəssüfedicidir.
Neftin və qazın satışından 125 milyard gəlir əldə etmiş bir ölkədə iqtisadiyyatın bu qədər kənar şoklara çox həssas olacağı narahatedicidir. Postneft dövrünün fəsadlarının iqtisadiyyatın “dərisində” belə hiss olunduğu vəziyyətin doğurduğu ovqat, açığı, insana mənfi emosiya gətirir. Milli valyutanın, az qala, hər gün dollar qarşısında dəyərdən düşdüyünü görürüksə, deməli, gerçəkdən də iqtisadiyyat adında sadəcə içi boş bir maket varmış.
Hərçənd ki, bunu illərlə biz deyirdik və yorulmadan yazırdıq:
“İqtisadiyyatın konstruksiyasın yaradın. Çünki yaratdığınız sadəcə skletdir.”
Amma hər şeyin yaxşı olması haqqında şirin nağıl uyduranlar bu acı reallığın nə vaxtsa ola biləcəyi ehtimalını da yaxına buraxmırdılar. İnkarçılıq mövqeyi tutmuşdular. İndi tarix üçün yaxşı müqayisə fürsəti yaranıb. İnternetin axtarış sistemlərində həmin dövrün vəziyyəti ilə bağlı təhlil yazılarına yenidən göz atmağın vaxtıdır. İndi postneft dövrünün ilk məyus doğurası addımlarının ayaq səslərin eşidirik. Bu ayaq səslərindən neft nağılının məst etdiyi yuxusundan diksinib gözümüzə dəyən bir dayaq nöqtəsi tapmaq istəyirik.
Gözümüzə ilk sataşan pambıq oldu.
İndi ondan böyük gözləntilərin olacağı illuziyası ilə xalqı yuxuya vermək üçün növbəti nağıllar uydurmalıyıq. Başlamışıq ondan danışmağa. Onun üzərində iqtisadi hədəflər müəyyənləşdirməyə. Yenə əvvəlkitək sevinirsiz:
pambıq hesabına iqtisadiyyat dirçələcək!
Biz isə öz fikrimizdə qalırıq:
Səhv edirsiz!
Nədə səhv edirsiz?
Hər hansı bir sahənin inkişafı üçün prioritetlər iqtisadiyyatda hərarətlənmə aşağı düşəndə başlamır. Pəncərədən “isti pullar” daxil olanda başlanır. Qapıdan və pəncərədən gələn “səslərə” qulaq həssas olmalıdır ki, havalanmanı tənzimləyə bilsin. Həmin neft bumu artıq yaxın keçmişdir. Neft pulları daxil olanda qeyri-neft sektorunun inkişaf prioritetləri dərin araşdırmalardan sonra müəyyənləşməli idi. Sonra həmin ruhu olan arıq bədənin əti-qanı təmin edilirdi.
Bu “qidalanma” rejimini görən qonum-qonşunun (xarici investorlar) da sizin sağlam cüssənizdən gözləntiləri artır və sizinlə yaxın münasibət qurmağa başlayırlar. Bundan sonra belə müvazinətli və müdrik davranışınız yaxınlarda sizə rəğbəti artırır. Hansısa kənar təsirlər hesabına siz yıxılanda belə, yaxınlar sizin ağıllı olduğunuzu bildiyi üçün sizin yanınızda olur. Amma lotereya uduşundan varlanan (təbii resursdan hesabına) sizi sonradan səfil və miskin görən qohumlarınız isə sizinlə əlaqələri soyudacaq və qonşularınız isə sizə daha əvvəlki tək gedib-gəlməyəcək. Xarici sərmayədarların davranışları hürkək quşların oxşar hərəkətlərini və yaxınların oxşar davranışını xatırladır. Burası bir az keçmiş və itirilmiş imkan kimi qiymətləndirilə bilər.
Pambıq mövzusu bizə ötən əsrin 70-80-ci illərini xatırladır.
Bu illərin pambıqçılıqdan əldə olunan məhsuldarlığı və tədarükün səviyyəsini müqayisədə edəndə çox fərqli mənzərə alınır. Həmin illərdə yığılan pambığın ölkə üzrə statistikası ilə (1 milyon ton) ötən ilin göstəricilərini (35 min ton, 2015) müqayisə etsək, məlum olar ki, bu illər üzrə pambıq yığımında 30 dəfəyədək fərq var. Əgər həmin illərdə 300 min hektarda pambıq əkilirdisə, indi bu rəqəm 18 min hektardır.
Əgər 2015-ci ildə yığılan pambığın ölkə üzrə səviyyəsini 35 min ton təşkil etdiyini nəzərə alıb, onu növlərinə görə dəyişən hər tonunun qiyməti 400-500 manat olduğunu hesablasaq, məlum olacaq ki, bu, cəmi 15-16 milyon manat səviyyəsində bir gəlir formalaşdıra bilər. Növbəti illərdə hətta 100 min tonlarla ölçülsə, yenə də bu, bizim İslam Həmrəyliyi Oyunları üçün nəzərdə tutulan (211,7 mln.) vəsaitin 25 faizdən çox olmayacaq. Pambıqdan müəyyən gözləntilərin olması nəinki real deyil, hətta onun gəliri belə olsa, yenə simvolik səviyyədə olacaq. Bunu daha çox həmin sahəni özünün sahəvi ixtisası kimi görən fermerlər inkişaf etdirmək qərarına gəlməlidirlər.
Sən dövlət olaraq həmin sahəni prioritet bilirsənsə, birbaşa və dolayı təşviq proqramlarını işə sal.
Vətəndaşın təşviqinin olmadığı yerdə dövlətin onun əvəzindən pambıq əkməyə girişməsi sırf sosializm praktikasıdır.
Bu prosesə özü də təhsil, səhiyyə işçilərinin işə cəlb edilməsi isə sosializmə qayıdışın anonsu və XXI əsrdə Azərbaycanda yeni SSRİ-nin qurulmasının nostaljisi kimi də qəbul edilə bilər. Əgər təhsil və səhiyyə işçilərinin oxşar qaydada bu prosesə cəlb edilməsi reallaşsa, bu, artıq XXI əsrin ən yaxşı lətifəsi də sayıla bilər.
Eyni zamanda yüz milyard üzərində neftdən gəlir əldə edib hər gün özünün milli valyutasını dəyər itirməsi təhlükəsini “Domokl qılıncı” kimi hiss edən bir ölkədə pambıq əkilməsi hesabına millətin üzünə günəş saçacağına inandırmaq cəhdi qədər maraqlı zarafat ola bilməz. Sağ olsun hökumətimiz, bu qədər ciddi görkəm tələb olunan yerdə belə yaxşı zarafatlarından qalmır.
Pambıqçılıqla XXI əsrə necə getməli?
Çağımız sürətlə dəyişir və özü ilə yeni dəyərlər gətirir. Bəşər sivilizasiya özünün 3 inkişaf mərhələsini yaşayıb: aqrar, sənaye və (postindustrial, texnokratik) informasiya cəmiyyəti. Biz XXI əsrdə informasiya biliklərinin maddi sərvətə çevrildiyi elə bir cəmiyyətdə yaşayırıq ki, artıq dövlətlər aqrar münasibətlər və sənaye inqilabı kimi inkişaf mərhələri ilə belə, fəxr etmir. Çünki iqtisadi çevrələrdə aqrar sektor XXI əsrdə özünün inkişaf mərhələsini başa vuran bir sektor olaraq dəyərləndirilir. Otən əsrə qədər inkişaf etmiş dövlətlər o dövlətlər hesab olunurdular ki, onlar sənaye baxımından inkişaf etsinlər. Axı hamımıza aydındır ki, hər sivilizasiyanın inkişaf mərhələləri özündə bir neçə əlaməti gəzdirir. Aqrar cəmiyyətlər maddi sərvətlərin əhəmiyyətli bir hissəsinin kənd təsərrüfatı hesabına formalaşdığı cəmiyyətlərdir.
Aqrar cəmiyyət dedikdə, göz önünə bunlar gəlir:
kənd əhalisinin üstün olan xüsusi çəkisi, məşğulluğun əsasən kənd təsərrüfatında formalaşması, istehsal sahələrinin qənaətbəxş səviyyədə olmaması və s.
Sənaye cəmiyyəti adlanan bir inkişaf mərhələsində mülkiyyət münasibətləri, nəqliyyat infrastrukturu, kommunikasiya vasitələrinin inkişafı, təhsilə və texnikaya olan marağın artması və s. kimi elementləri göz önündə canlandırırır. İnformasiya cəmiyyətinin inkişaf səviyyəsi dedikdə, tamam fərqli təzahür formaları bizi əhatəyə alır: informasiya iqtisadiyyatı, informasiya texnologiyalarının rolu, elektron biznes, elektron demokratik insitutlar, elektron dövlət və s. ideyaları önə çıxır.
“İnformasiya cəmiyyəti”
terminini leksikona salan
Yaponiya professor Y. Xayaşi
nin (1969) bu ideyası artıq 25 ildir ki, Qərb dünyasında da işlənməyə başlayıb. Artıq qərbli-şərqli, şimallı-cənublu olan inkişaf etmiş hansı dövlətlər varsa, onlar bu ideyanın ölkələri üçün əhəmiyyətini dərk edib ölkələrinin inkişafın trayektoriyasını müəyyənləşdirirlər. Daniel Bell, Piter Draker, Marşal Maklyuen, Elvin Toffler bəşər sivilizasiyasının sonuncu (hələlik) mərhələsinin ideya istiqamətvericiləri kimi inkişaf etmiş ölkələri özünün orbitinə alır. Biz isə yenidən aqrar mərhələyə qayıtmaq istəyirik. XXI əsrdə hibrik avtomobilindən imtina edib tarlalarda arabada gəzməyin xiffətin çəkənlərə oxşayırıq.
Dünyada artıq ciddi fikir insanları bu problemi həll etməyə çalışır. Necə etsinlər ki, dövlətləri zəngin olan xalqların cəmiyyətlərinin inkişaf səviyyəsi hətta ondan irəlidə getsin. Dövlət təbiətin hədiyyəsi hesabına böyük zənginliklər yarada bilər. Milli gəlirin “piroqunda” həmin resurslar ağırlıq (dominant) təşkil edə bilər. Amma cəmiyyətin ümumi inkişaf səviyyəsi xeyli gerirdə qala bilər. Aqrar təfəkkür aparıcı ola bilər. İnteqrasiya prosesi olmaya və sivil cəmiyyətin əlamətləri olmaya bilər.
Neftlə zəngin olan ərəb ölkələrində oxşar situasiyadır. Çünki cəmiyyətləri qlobal inkişafına platformasında irəlilətmək daha çox vacibdir. Güclü cəmiyyətdən gözləntilər və onların dünyaya verə biləcəkləri töhfə də keyfiyyətcə daha fərqli olacaq. Bu baxımdan dövlətlərin inkişaf etməsi hələ cəmiyyətin də eyni templə inkişaf etməsi anlamına gəlmir. Cəmiyyətdə azadlıq dəyərləri, innovasiya və müasir prinsiplər üstünlük qazanmadıqca, dövlətlərin milli gəliri yüksələ də bilər, amma cəmiyyəti inkişaf etməyə bilər.
Cəmiyyətin bir sosial orqanizm olaraq inkişafı həm də inkişaf etmiş insan deməkdir. Çünki dahilər (Oşo) deyirlər ki, böyük cəmiyyətləri böyük insanlar yaratmır, lakin böyük cəmiyyətlər böyük insanları yaradır. Hər sivil cəmiyyətin inkişaf səviyyəsinə görə vətəndaşları olur. O cümlədən aqrar cəmiyyətlərin də. İnformasiya cəmiyyəti yeni insan obrazı, rəqabətədavamlı vətəndaş və azad ruhlu sosial varlıq yetişdirəcək.
Seçim azadlığı bizə məxsusdur:
Köləliliyə və sovetizmə qayıdışı, yoxsa azadlığa və informasiya cəmiyyətinə canatmanı seçməliyik?