“Neftin 55 dollarlıq qiyməti də təhlükələrə açıqdır”

“Bəs hanı o qeyri-neft sektorunun inkişafı?!”

Source: google.az


İqtisadçı: “Gələn il dövlət büdcəsinin gəlir və xərclərində bu illə müqayisədə artım proqnozlaşdırılır”

2020-ci ilin büdcəsində neftin 1 barelinin qiyməti 55 dollar nəzərdə tutulub. Bu, 2019-cu illə müqayisədə hər barelə 5 dollar aşağıdır.


Maliyyə Nazirliyi

nin açıqladığı gələn ilin dövlət büdcəsi layihəsininin xülasəsində belə deyilir.

İqtisadçı Vüqar Bayramov deyir ki, neftin qiyməti hər bareldə 5 dollar az olsa da, neft bazarındakı volatillik nəzərə alınsa, daha aşağı götürülməsi məqsədəuyğun idi:

“İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) neftin büdcədəki qiymətini 50 dollar təklif edirdi. Hətta Səudiyyə Ərəbistandakı neft quyularına hücumdan sonra bu gün neftin qiymətində müşahidə edilən 20 faizlik artım da bazarda nikbinlik yaratmır. Aydındır ki, belə qiymət artımları texniki səbəblər ilə bağlıdır və bazardakı kəskin volatilliyi azaltmır”.

İqtisadçı deyir ki, qiymətin aşağı götürülməsinə baxmayaraq, gələn il dövlət büdcəsinin gəlir və xərclərində bu illə müqayisədə artım proqnozlaşdırılır:

“Gələn il büdcə xərcləri 25.6 milyard manat olacaq. Bu isə 2019-ci il ilə müqayisədə 427 milyon manat çoxdur. Büdcə xərclərinin yüksəlməsinin əsas səbəbi sosial istiqamətə ayrılacaq vəsaitin artırılması ilə bağlıdır. Bununla belə, bu artımın maliyyələşmə mənbəyi yenə də əsasən, neft sektoru olacaq. Gələn il büdcə gəlirləri 25 milyard 484 milyon manat proqnozlaşdırılır. Bu da büdcə gəlirlərinin 57 faizinin neft sektorunun payına düşməsi deməkdir”.

Vüqar Bayramov deyir ki, 2020-ci ildə büdcəyə Dövlət Neft Fondundan 11 milyard 767 milyon manat vəsait transfer ediləcək. Onun fikrincə, Maliyyə Nazirliyi fonddan transferləri artırılmasına deyil, azaldılmasına çalışmalı idi. Çünki büdcənin neftdən və xüsusən də, neftin dünya bazarından asılılığının aradan qaldırılması əsas prioritet olaraq qalır:

Vüqar Bayramov
Vüqar Bayramov

“Doğrudur, gələn il qeyri-neft sektorunun büdcə gəlirlərində payı 2019-cu ilə nisbətən 11.3 faiz artacaq. Bu, müsbət tendensiya olsa belə, hökumət büdcə gəlirlərinin ən azı yarıdan çoxunun qeyri-neft sektoru hesabına formalaşmasına çalışmalıdır”.

İqtisadçı deyir ki, bununla yanaşı, 2020-ci ilin dövlət büdcəsinin pozitiv tərəfi də var. Sosial istiqamətlərə ayrılan birbaşa vəsaitin həcminin ümumi büdcə xərclərində son illər ilk dəfə olaraq 40 faizdən çoxdur:

“Bu illə müqayisədə gələn il sosial xərclərə 2 milyard 664 milyon manat daha çox vəsait ayrılacaq. 6 milyard 723 milyon manat əməyin ödənilməsi, 3 milyard 213 milyon manat isə pensiya və təqaüdlər üçün xərclənəcək. Bununla yanaşı, dövlət borclarının qaytarılması üçün 2 milyard 458 milyon manat vəsait ayrılacaq ki, bunun da 775 milyon manatını yalnız faiz ödənişləri təşkil edəcək. Əslində, bu rəqəm xarici borclanmanın minimumlaşdırmağın vacibliyini bir daha təsdiq edir”.

Maliyyə Nazirliyi gələn il manatın dollara məzənnəsinin dəyişməyəcəyini proqnozlaşdırır. Vüqar Bayramov deyir ki, bununla belə, manatın kursunun 2020-ci ildə necə dəyişməsi daha çox neftin dünya bazar qiymətindən və qeyri-neft xarici ticarət tərəfdaşlarımızda və xüsusən də Rusiyada milli valyutaların məzənnəsindən birbaşa asılı olacaq.

ReAL idarə heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli isə deyir ki, əslində gələn il üçün neftin büdcədə qiymətinin 1 barelinin 60 dollar götürülməsi nəzərdə tutulmuşdu. Sonradan bu rəqəmi 55 dollara endirdilər. İqtisadçı düşünür ki, 55 dollar olması daha normaldır, amma yenə də təhlükələrə açıqdır:

Natiq Cəfərli
Natiq Cəfərli

“Diqqətimi başqa məsələ də cəlb etdi. Prezident də, nazirlər də, deputatlar da bu il tez-tez qeyri-neft sektorunun fantastik inkişafından, bu sahədə gəlirlərin artmasından danışırlar. Bəs həqiqət necədir, bəs rəsmi rəqəmlər nə deyir? 2020-ci ildə Azərbaycan Dövlət Neft Fondundan büdcəyə 11 767,5 milyon manat vəsaitin transfert edilməsi nəzərdə tutulub. 2019-cu ildə NF-dan bürdəcə tranfert 11 364 300,0 manat olub”.

İqtisadçı deyir ki, bu rəqəm 2020-ci ildə NF-dan büdcəyə transfert bu ilə nisbətən 403 mln. manat, 3,55 faiz çoxdur. Gələn il büdcə gəlirlərinin 57 faizi və yaxud 13 947,5 milyon manatı neftdən asılı olacaq. Bəs hanı o qeyri-neft sektorunun inkişafı?!”

2019-cu ilin büdcəsində neftin bir bareli 60 dollar götürülüb. Hazırda isə neftin bir bareli 60 dollardan bir qədər bahadır.

Ana səhifəİqtisadiyyat“Neftin 55 dollarlıq qiyməti də təhlükələrə açıqdır”