Turan Muxtar
“Məsələyə təkcə siyasi aspektdən baxılmamalıdır”
Bakının “Neftçi” klubu yayda Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək turnirdə iştirak etmək üçün dəvət alıb.
Bu barədə Rusiya klubunun baş direktoru Aleksandr Medvedev “championat.com” saytına açıqlamasında deyib. Sankt-Peterburq klubunun rəsmisi bildirib ki, onlar iyul ayında keçiriləcək turnirdə “Neftçi”ni də gözləyəcəklər:
“İyulda biz “Fənərbaxça” (Türkiyə), “Srvena Zvezda” (Serbiya) və “Neftçi” komandalarını Sankt-Peterburqda keçiriləcək turnirdə gözləyirik”.
Rusiya qoşunlarının Ukraynaya ötən ilin fevral ayında başlayan işğalçı hücumundan sonra FİFA və UEFA bu ölkənin futbol üzrə milli komandalarını, klublarını öz bayraqları altında keçirilən bütün yarışlardan uzaqlaşdırıb. Rusiyanın milli komandaları və klubları ancaq yoxlama oyunlarında qüvvələrini sınamaq imkanına malikdirlər.
Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan turnir də yoldaşlıq xarakteri daşıyır və bu yarışda iştirak edəcək klubları FİFA-nın, UEFA-nın hansısa cəzası gözləmir. Amma işin mənəvi tərəfi var. Bir çox dövlətl Rusiyanın işğalçı siyasətinə görə bu ölkədən uzaq durmağa çalışdığı vaxtda Azərbaycan klubunun Sankt-Peterburqdakı turnirdə iştirakı nə dərəcədə doğru addım olar?
“Neftçi” klubunun keçmiş vitse-prezidenti, sabiq futbol hakimi Tahir Süleymanov Meydan TV-yə bildirib ki, məsələyə təkcə siyasi yöndən yanaşılmamalıdır:
“Məsələyə təkcə siyasi aspektdən baxılmamalıdır. Yay hazırlıq mərhələsi, təlim-məşq prosesi, heyətin gücləndirilməsi, transfer dönəmi, avrokuboklar… Bunların hamısı nizamlanmalıdır və qeyd olunan turnirlə üst-üstə düşürmü? Hərtərəfli, müsbət, mənfi tərəfləri incələnməlidir. “Neftçi”nin onsuz da indiki durumu bəllidir”.
“Korner.az” saytının baş redaktoru Saleh Arslan “Neftçi”nin rusların təşkil etdiyi turnirə qatılmamalı olduğunu deyib:
“FİFA və UEFA-nın qapıdan qovduğu Rusiya futboluna hər hansı formada əl uzatmaq futbol dünyasına xəyanətdir. “Neftçi”nin bu “xəyanət”ə qol qoyacağına inanmıram. Üstəlik, bu turnir indi tarixinin bəlkə də, ən pis dövrünü yaşayan “ağ-qaralar”a nə verə bilər ki? Axı hamıya məlumdur ki, “Neftçi”nin dərdi oyun/turnir praktikası deyil. Məncə, klubun indiki məqamda etməli olduğu şey rusların dəvətinə qaça-qaça getmək yox, daxili böhranı necə aradan qaldıra biləcəyini düşünməkdir”.
“Neftçi” klubunun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev “Komanda.az” saytına verdiyi açıqlamada turnirdə iştirakla bağlı hələ ki, konkret qərar verilmədiyini söyləyib:
“Turnirə qatılıb-qatılmayacağımızla bağlı konkret qərar yoxdur. Belə bir şey olsa, rəsmi açıqlama veriləcək”.
“Neftçi” Azərbaycan Premyer Liqasında cari mövsümünün nəticələrinə görə gümüş medallara sahib çıxıb və UEFA Konfrans Liqasında mübarizə aparacaq. Komanda ölkə kubokunun final matçına da vəsiqə qazanıb. Bakı təmsilçisi iyunun 3-də keçiriləcək həlledici oyunda “Qəbələ” ilə qarşılaşacaq.